Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş və uğurlu siyasətin nəticəsində Qafqazda və Mərkəzi Asiyada uzunmüddətli tərəqqiyə və sabitliyə mühüm töhfələr verən respublikamızda son illər nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün böyük layihələr həyata keçirilib. Yeni avtomobil yolları çəkilib və ya yenidən qurulub. Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən strateji və böyük iqtisadi əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir
Bu gün regionun və Qərbin Xəzərlə bağlı bütün layihələrində mərkəzi yer tutan Azərbaycan Şərqlə Qərbi birləşdirən bir körpü rolunu oynayır. Respublikamız həm də Xəzər hövzəsi dövlətlərinin Qərbə çıxış yoludur.
Zəngəzur dəhlizi böyük tranzit imkanlarına malik, Şərqlə Qərbi birləşdirəcək strateji körpüdür. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri, bütün türk dünyası üçün mühüm rol oynayacaq. Yalnız Cənubi Qafqaz üçün deyil, bütün bögə üçün strateji əhəmiyyətə malik olan bu dəhliz böyük bir iqtisadi potensiala və təbii resurslara malik olan regionu Çin ilə Avropanı birləşdirəcək. Dəhlizin açılması Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə yük axınını artıracaq.
Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi ilə Orta Dəhlizin yükgötürmə qabiliyyəti artacaq. Orta Dəhlizin səmərəliliyinin artması nəticəsində isə Xəzər dənizində Azərbaycanla birlikdə həyata keçirilə biləcək layihələr, Rusiya ilə nəqliyyat və enerji sahəsində əməkdaşlıq ölkəmizin regionda strateji mövqeyini möhkəmləndirəcək. Zəngəzur dəhlizi Azərbaycanı Avropa ilə Asiya arasında logistika mərkəzinə çevirəcək, respublikamızın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövqeyini xeyli gücləndirəcək.
Türkiyə Cümhuriyyətinin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, yeni dəhliz işə başlayanda Qafqazla sərhəddə yerləşən bölgələrin nəqliyyat və enerji sahəsində iqtisadi cəhətdən güclənməsi, xüsusilə logistika sektoru üçün məşğulluğun artması planlaşdırılır. A.Uraloğlu, həmçinin xəttin Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisinin davam etdiyini, Horadizdən Naxçıvanın Ordubad rayonuna 166 kilometrlik yeni dəmir yolunun çəkiləcəyini bildirib. Xəttin Ermənistana məxsus hissəsinin Zəngəzur bölgəsindən keçəcək 43 kilometrlik hissəsinin tikintisi ilə bağlı Azərbaycan və Rusiya arasında danışıqlar aparılacağını bildirən Abdulkadir Uraloğlu əlavə edib ki, yol xətləri də paralel olaraq istifadəyə veriləcək. Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. Bununla yanaşı, Türkiyə ilə Azərbaycanı birləşdirən Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə Naxçıvana qoşulmaqla, dəhlizə çıxmaq mümkün olacaq.
Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsində iştirak etməklə, daha doğrusu, birləşdirici funksiyasını yerinə yetirməklə Şərqlə Qərbi birləşdirən körpü rolunda çıxış edir. Bu mənada ekspertlərin də dedikləri kimi, dünyanın iqtisadi nəhənglərindən olan Çinin Orta Asiya ölkələri vasitəsilə Azərbaycan üzərindən Avropaya yük daşıması ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Dünyada baş verən geosiyasi proseslər də Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini artırıb. Bu, özünü ölkə üzərindən daşınan yüklərin həcmində də göstərib.
Təbii ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu dövlətimizin başçısının dediyi kimi, Orta dəhlizin- Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun bir hissəsi olacaq. Regionda və Qərbi Xəzər bölgəsində həyata keçirilən bütün bu layihələr sinxronlaşdırılmalıdır. Zəngəzur dəhlizi, həmçinin Aşqabad müqaviləsi ölkələrinin Avropaya reinteqrasiyası üçün geniş perspektivlər açır. Yeri gəlmişkən, Aşqabad müqaviləsi Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafı və digər nəqliyyat dəhlizləri ilə birgə fəaliyyətin təmin edilməsi məqsədilə imzalanıb. Bu ölkələrin ərazisindən həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bazarlarına çatdırılması Qarabağ regionunun və Naxçıvanın iqtisadi potensialının artırılmasında xüsusi rol oynaya bilər.
Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik olduğu üçün regional ticarətə müsbət təsir göstərəcək. Dəhliz Rusiya, Azərbaycan və Türkiyə arasında dəmir yolu şəbəkəsini də genişləndirəcək.
Zahid Rza, “İki sahil”