Azərbaycanın son illərdə əldə etdiyi uğurlar artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatları və eləcə də ayrı-ayrı aparıcı dövlətlər tərəfindən təsdiq edilir. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ən böyük uğurlarından biri kimi Azərbaycan dövlətinin müstəqil və uğurlu xarici siyasət yürütməsini qeyd etmək olar. Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, hər zaman dünyada ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir.
120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğunu bir daha sübut edir. Qoşulmama Hərəkatının bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur.
Qoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra dünyanın ən nüfuzlu beynəlxalq qurumudur. Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə hər zaman dəstəkləyib. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan dövləti Kovid-19 pandemiyasına qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Azərbaycan koronavirus təhlükəsi yarandığı ilk günlərdən pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, indiyədək 80-dən çox ölkəyə humanitar yardım edib.
Qeyd edək ki, ölkəmizin təşəbbüsləri əsasında 2022-ci ilin iyun ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, bir ay sonra isə Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb.
Qoşulmama Hərəkatı 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycanın yanında yer aldı. Bu beynəlxalq qurum birmənalı şəkildə Ermənistanın işğalçılıq siyasətinə qarşı Azərbaycanın haqq mübarizəsinə dəstək verdi. Hərəkatın üzvü olan ölkələr ayrı-ayrılıqda Prezident İlham Əliyevə məktub ünvanlayaraq Azərbaycanın haqq mübarizəsində yanımızda olduqlarını qeyd etdilər.
Bütün bunlar Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrlə həmrəyliyini bir daha sübut edir.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəal üzvü