06 iyul 2023 21:37
460

Fransa öz müstəmləkə cinayətlərinə görə cavab verməlidir

2023-cü ilin 5 iyulunda Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlərin görüşü keçirilmişdir. Tədbirdə Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etmişdir. Ölkəmizin Başçısı çıxışında Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdüyünü və yenidən yekdil qərarla sədrliyin daha bir il uzadıldığını tədbir iştirakçılarına xatırlatdı.

Cənab Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə fəaliyyətindən bəhs edərkən  COVID-19 pandemiyası ilə birgə mübarizəni, bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi, olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması və digər görülmüş işləri yada saldı.

Cənab Prezident İlham Əliyev son illərdə Fransa hökümətinin qərəzli şəkildə ermənilərə dəstəyinə cavab olaraq çıxışında “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır” kimi qiymətləndirdi. Ölkəmizin Başçısı Fransanın müstəmləkəsi dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirildiyini, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanıldığını “utancverici və iyrənc hərəkət” adlandırdı. Cənab Prezident İlham Əliyev dünyaya özünü insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləməsi, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etmə cəhdi kimi qiymətləndirdi.

Niderland kralının ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəməsini nümunə gətirilərək “Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir” fikri bildirdi. Son günlər yaranmış iğtişaşları diqqətə çəkərək “əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək”.

Fransa mediasında müəyyən etnik azlıqlara qarşı yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışları, bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi, Korsika dilinə qadağa qoymasına baxmayaraq, belə bir dövlətin Azərbaycandakı erməni milli azlığının müdafiəsinə qalxması “riyakarlıq və ikili standartlar”dır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev diqqətə çatdırdı ki, “Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır”.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı ərazi partiya təşkilatının sədri