Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü ölkəmizə beynəlxalq baxışın təqdimatı oldu
İyulun 5-də Bakı Konqres Mərkəzində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü bir sıra mühüm məqamlarla yadda qaldı. Dövlət başçısı İlham Əliyevin çıxışı, tədbir çərçivəsində keçirdiyi görüşlər qlobal çağırışların düzgün cavablandırılması üçün səylərin birləşdirilməsinə, ümumi yanaşmanın ortaya qoyulmasına geniş imkanlar açdı. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə dünyanın üzləşdiyi çağırışların müzakirəsinə və həllinə töhfələr verib. Çıxışlarda bu fikir xüsusi qeyd edildi ki, Qoşulmama Hərəkatı böhranların həlli yollarının tapılması, müzakirələr üçün platforma təklif edir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və bu təsisatın qlobal səsinin daha da gücləndirilməsi üçün təşəbbüsləri dəstəklənir.
Qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın Qoşulmama Hərəkatının sədri vəzifəsinin öhdəsindən uğurla gəldiyini vurğulayaraq bildirmişdir ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çox çətin bir zamanda, müharibələr və münaqişələr dövründə qəbul edib. Bu, çox çətin bir iş idi.
Sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının üzv dövlətlərinin nazirlərinin hər birinin fikirlərində bu məqam xüsusi yer alır ki, dünya siyasətinin yenidən formalaşdırıldığı bir zamanda qurumun söz sahibliyinin, nüfuzunun artması Azərbaycanın sədrliyi dövründə atdığı biri-birindən mühüm addımlarla bağlıdır. Dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında da bu məqamı xüsusi qeyd etdi ki, Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir: «Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq.»
Bugünkü qlobal çağırışlar fonunda dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təklif və təşəbbüslər yeni dünya nizamının gələcəyi barədə aydın təsəvvür yaradır. «Multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır» söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı İlham Əliyevin tədbirdəki çıxışı hazırkı dövrün çağırışları fonunda mühüm məqamları özündə ehtiva edir. Belə ki, ilk növbədə, dünyada sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxaran səbəblər açıqlandı. Bildirildi ki, Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir. Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir: «Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən olan hörmətli nümayəndələri salamlayıram.» Dövlət başçısı İlham Əliyev bu statistik rəqəmlərə də diqqəti yönəltdi ki, Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.
Bu faktlara söykənərək Fransa ilə Ermənistanı oxşar dəyərlərin birləşdirdiyini inamla qeyd edirik. Fransa Ermənistanı dəstəkləməklə özünün müstəmləkəçilik siyasətinə haqq qazandırmağa səy göstərir.
Azərbaycan istər işğal, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsi dövründə dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da tarixi ədalətin fonunda 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsinə nail oldu. Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunin nazirlər görüşündə bu məqamı xüsusi olaraq tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqam Vətən müharibəsində tarixi Qələbəmiz oldu. 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir.
Tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəlirik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılmış, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilmişdir ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir.
Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən mədəni, tarixi və dini abidələrin Ermənistan tərəfindən vəhşicəsinə dağıdılması ilə yanaşı, bərpa adı altında mənimsənilməsi, xüsusən də tarixi mahiyyətinin dəyişdirilməsi həyata keçirilmişdir. Misal olaraq, Ermənistan tərəfindən Azərbaycanın qədim Şuşa şəhərinin əsas simvollarından hesab edilən Yuxarı Gövhər ağa məscidi və Şuşa qalasında aparılan "təmir-bərpa işləri"ni qeyd etmək olar. Hər iki mədəni irs nümunəsi 2001-ci ildə "Şuşa tarixi və memarlıq qoruğu" adı ilə Azərbaycanın Ümumdünya irsinin ilkin siyahısına daxil edilmişdir. Ermənistan tərəfindən abidələrimizə qarşı həyata keçirilən bu siyasət UNESCO-nun "Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 1972-ci il Konvensiyası"na ziddir. Bununla əlaqədar Azərbaycan tərəfi UNESCO rəhbərliyi qarşısında mütəmadi olaraq müvafiq tədbirlərin görülməsi ilə bağlı məsələ qaldırmaqdadır. Bildirilir ki, ermənilər tərəfindən işğal edilmiş ərazilərimizdə aparılan qeyri-qanuni arxeoloji qazıntılar nəticəsində xalqımıza məxsus zəngin maddi-mədəni irs nümunələrinin Ermənistana daşınması və eləcə də satılması halları ilə bağlı faktlar da mövcuddur.
Dövlət başçısı İlham Əliyev çıxışında bu reallığı da diqqətə çatdırdı ki, Ermənistan indi isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir. Bununla Ermənistan 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından irəli gələn öhdəliklərini pozmuş olur. Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir.
Ermənistanın işğalının digər mənfi fəsadı minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bu baxımdan ki, bərpa-quruculuq işlərinin miqyasının genişləndirilməsi üçün bu ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə aparılmalıdır. Bu prosesin isə böyük vaxt itkisi olduğu məlumdur. Azərbaycan tərəfi tarixi Zəfərimizdən sonra Ermənistandan mina xəritələrini tələb etsə də qarşı tərəf ya onlarda belə bir xəritənin olmadığını bildirdi, ya da verdikləri mina xəritələri həqiqəti əks etdirmir. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, işğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür. Dövlət başçısı belə bir əminliyi də ifadə etdi ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifini dəstəkləyəcəklər.
Nazirlərin görüşü ümumilikdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə qurumun artan nüfuzunun təqdimatı oldu. Bir daha vurğulandı ki, Azərbaycan irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə əməkdaşlığa, səylərin birləşdirilməsinə daha çox maraq göstərir, birləşdirici, sabitləşdirici aktor kimi mövqeyini möhkəmləndirir.
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində iyulun 6-da Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə keçirilən “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda dəyirmi masanın yekunlarına dair qəbul edilən bəyanatda da bildirliir ki, bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verdi.
Əslində, bütün qitələrdən 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı beynəlxalq hüququn fundamental prinsipləri, eləcə də “Bandunq prinsipləri” və xalqların mənafeyi əsasında müstəmləkəçiliyə qarşı mübarizədə qlobal platforma kimi hələ də müstəmləkə hökmranlığına qarşı mübarizə aparan xalqları dəstəkləmək üçün yeni məqsədlər müəyyənləşdirməyi özünə borc bilib. Paytaxt Bakıda müxtəlif dekolonizasiya hərəkatlarının fikir mübadilələri nəticəsində xalqların gələcəyini, hətta uzunmüddətli perspektivdə sağ qalmalarını təhdid edən müstəmləkəçilik siyasətinin zərərli olduğu vurğulandı: Qayanada sosial vəziyyət xüsusilə pisləşir, əhalinin 50 faizindən çoxu yoxsulluğun astanasındadır və işsizlik 30 faizdir; təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin şəxsi mülkiyyətindədir. Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir: gizli məskunlaşma strategiyalarının bir hissəsi olan əvəzetmə yolu ilə soyqırımı, təbii ekosistemlərə və əhalinin sağlamlığına ciddi şəkildə təsir edən xərçəngin rekord göstəriciləri ilə xlordekon zəhərlənməsi. Yeni Kaledoniyada Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) 2021-ci ildəki 3-cü referenduma etiraz edir və müstəmləkə altına salınmış Yeni Kaledoniya xalqının müstəqil olmaq hüququnu bir daha təsdiqləyir.
Bəyanata imza atan tərəflər Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəlib və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.
Göründüyü kimi, hər bir beynəlxalq əhəmiyyətli tədbir həm keçirildiyi məkan, həm də gündəmə gətirilən məsələlər baxımından xüsusi diqqət çəkir. Ən əsası ölkəmizin ev sahibliyi etdiyi, həmçinin qatıldığı tədbirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu təsdiqləyir. Qalib Azərbaycan yaratdığı yeni reallıqlarla bu gün dünyanın diqqətindədir.
Yeganə Əliyeva, "İki sahil"