07 iyul 2023 01:34
651

Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur

Əksər nüfuzlu dövlətlər isə bu layihənin reallaşmasında maraqlıdır

Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur.

Bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündəki çıxışında səsləndirib.  İşğal zamanı və postmünaqişə dövründə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə Qoşulmama Hərəkatı ölkələrinə dərin minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd edib ki, o, xüsusilə 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələrinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını aldıqları iki hala istinad edir.

Təsadüfi deyil ki, bu gün  Azərbaycanın əsas geostrateji hədəflərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzurda dünya əhəmiyyətli beynəlxalq coğrafiya və geosiyasət bir-biri ilə sıx bağlı hala gəlib. 44 günlük Vətən müharibəsində Qələbədən sonra siyasi gündəmə gətirilən Zəngəzur dəhlizi məsələsi bundan sonra bütün regionun inkişafını şərtləndirən əsas amillərdən biridir. Ümumiyyətlə, bu dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişində əhəmiyyətli rol oyanayacaq və ən mühüm məsələ olan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Zəngəzur dəhlizi ilə həm də Avropyaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcabədi 330 kV-luq yarımstansiyasının tikilməsi, bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi məsələsi gündəmdədir.

Ən önəmlisi odur ki, bu dəmiryol xətti gələcəkdə Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da öz növbəsində Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.

Göründüyü kimi, Zəngəzur nəqliyyat dəhlizi ölkəmizin ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək. Bu dəhliz, həmçinin qardaş Türkiyə Respublikası üçün önəmli iqtisadi imkanlar tanıyacaq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu ilə hərəkəti reallaşdıracaq. Şübhəsiz ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və qardaş ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.

Aydındır ki, bu, təkcə Azərbaycan, Türkiyə üçün deyil, elə Ermənistanın özü üçün də sərfəli yoldur. Təbii ki, bu gün Azərbaycanın Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışı var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə fiziki bağlantıları yoxdur.  Bu baxımdan Zəngəzur dəhlizinin açılması  Ermənistan üçün  daha xeyirlidir. Belə ki,  təklif və tələblərində beynəlxalq hüquqa əsaslanan, tarixi ərazisində yerləşən Zəngəzur dəhlizinin bərpasına çalışan Azərbaycanın bu niyyəti bölgədə sabitlik yaradacaq. Bu əminliyi yaradan amil isə  Qarabağın və Zəngəzurun yenidən qurulması, işğaldan azad edilən ərazilərdə  bərpa-quruculuq işlərinin sürətlənməsi, Zəngilanda, Füzulidə açılan və Laçında tikintisi 2024-cü ildə başa çatdırılacaq Beynəlxalq Hava limanlarıdır.

Bütün bunların fonunda sözügedən dəhlizin açılmasını istəyən və bu xüsusda əməli addımlar atan ölkələrin sayı getdikcə artmaqdadır. Xüsusən də aparıcı Qərb dövlətləri, eyni zamanda Çin və Rusiya Zəngəzur dəhlizi məsələsində indi daha çox maraqlıdırlar.

Bu yaxınlarda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı son vəziyyətə toxunub. Rusiya Baş nazirinin müavini müsahibəsində Qərbin Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə də aydınlıq gətirilib. Aleksey Overçuk qeyd edib ki, Qərb nəqliyyat dəhlizinin açılmasını, bu sahədə irəliləyişi dəstəkləyir. Avropa Şurasının rəhbəri Şarl Mişelin bəyanatında da bunu görmək mümkündür. Qərbin Zəngəzur dəhlizi ilə bağlı mövqeyində Overçuku narazı salan yeganə məqam bu məsələdə Rusiyanın “dəstəkləyici mövqeyinə” toxunmaması, bunu məqsədli şəkildə “unutmasıdır”. Baş nazirin müavininin şikayətləndiyi bu məqam sübut edir ki, artıq indidən Zəngəzur dəhlizinin açılmasında kimin daha böyük rol oynaması ilə bağlı Rusiya ilə Qərb arasında “söz savaşı” başlayıb və bu, yəqin ki, dəhliz açılandan sonra da davam edəcək.

Çin də Zəngəzur dəhlizinə maraq göstərir. Belə ki, Trans-Avrasiya Yük Daşımalarının Beynəlxalq Koordinasiya Şurasının baş katibi Qenadi Bessonov mətbuata müsahibəsində bildirib ki, Zəngəzur dəhlizi müxtəlif seqmentlərdən ibarət olmaqla, Çin ilə Avropanı birləşdirəcək. Bu layihədə dünyanın iqtisadi nəhəngi hesab olunan Çinin xüsusi marağı var və Orta Asiya respublikaları ilə birlikdə sammit keçirib dəmir yolu xəttinin çəkilməsi barədə müqavilə imzalaması da təsadüfi xarakter daşımır. Çin Avropa ilə ixrac-idxal əməliyyatlarını daha da genişləndirmək üçün qısa, təhlükəsiz və ucuz başa gələn yol axtarışındadır. Azərbaycanın həyata keçirməkdə israrlı olduğu Zəngəzur dəhlizinin də Çin tərəfindən dəstəklənməsi təsadüfi deyil. Gələcəkdə yüklər qatarla Çindən çıxaraq Qırğızıstan-Özbəkistan-Qazaxıstan-Azərbaycan-Türkiyə üzərindən keçərək Avropaya və əks istiqamətə daşınacaq.

Göründüyü kimi, dünyanın nüfuzlu dövlətləri hər biri regional və qlobal iqtisadi layihələrə töhfə verəcək Zəngəzur dəhlizində daha çox pay sahibi olduğunu isbatlamağa çalışır. Ancaq, bu, bir həqiqətdir ki, Zəngəzur dəhlizin açılmasında həlledici rolu Azərbaycan Prezidenti İlham Əliyev oynayıb. Məhz onun qətiyyəti və iradəsi sayəsində dəhlizin açılması məsələsi bütün maraqlı tərəflər arasında razılaşdırılıb və hazırda əməli baxımdan gerçəkləşmək ərəfəsindədir. Şübhəsiz, artıq reallaşmaqda olan bu dəhliz Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərindən biri olaraq tarixdə qalacaq.

Nigar Orucova, “İki sahil”