Azərbaycanın sədrliyi dövrü Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun yüksəlməsini təmin etdi
Ötən 4 ilə nəzər saldıqda görürük ki, təşkilat Azərbaycanın sədrliyi dövründə dünyada gedən iqtisadi-siyasi proseslərdə aktiv rol oynamaqla yanaşı, beynəlxalq hüququ, sülhü və sabitliyi daim təşviq edib, eyni zamanda, ölkələrarası sağlam münasibətlərin formalaşmasına mühüm töhfələr verib
Azərbaycanın son vaxtlar dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrinə və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Qoşulmama Hərəkatının daha bir tədbirinin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun əyani təzahürüdür desək, şübhəsiz, qətiyyən yanılmarıq.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu qurumun dünya miqyasında nüfuzunun artması baxımından müstəsna əhəmiyyət kəsb etməkdədir. Ölkəmizin mövcud müstəvidə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər Hərəkatının beynəlxalq nüfuzunun yüksəlməsi reallığını doğurdu. 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə Hərəkata sədrliyi həyata keçirməyə başlayıb. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadılıb. Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Dövlət başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb. Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də, Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn Zirvə görüşünün keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Zirvə görüşündə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu.
Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi. Qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmadı. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi. Təbii ki, bu, ölkəmizin Hərəkatın sədri kimi məsuliyyətinin və bəşəri dəyərlərə verdiyi önəmin göstəricisidir. Həmçinin Azərbaycan sözügedən məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərib və təşkilata 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib. Bu, həm də, Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi iqtisadi nailiyyətlərin göstəricisidir. Çünki vaxtilə maliyyə yardımı alan Azərbaycan artıq özü fəal donor ölkəyə çevrilib. Qeyd etməliyik ki, hələ 2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə uğurla ev sahibliyi etdiyi tədbirdə Prezident İlham Əliyev Azərbaycanın öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini, fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını bəyan etmişdi. Sədrliyi dövründə ölkəmiz Hərəkat üzvlərinin ədalətli mövqeyini beynəlxalq müstəvidə müdafiə etmək üçün öz səylərini əsirgəmədi. Məhz həmin sammitdə dövlətimizin başçısı qeyd etmişdi ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək. Həmişə olduğu kimi, bu məsələdə də Prezident İlham Əliyevin dediyi ilə etdikləri üst-üstə düşdü. Hərəkata sədrliyimiz dövründə bu istiqamətlərdə ciddi addımlar atıldı. Belə ki, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammitində Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciəti oldu. Bundan əlavə, BMT təsisatları çərçivəsində Qoşulmama Hərəkatı ilə Avropa İttifaqının birgə çıxışlar praktikası yaradıldı. 2019-cu ildə keçirilən Bakı sammitində dövlətimizin başçısı ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqətin ayrılmalı olduğunu da bildirmişdi. Bunun məntiqi nəticəsi olaraq bu ilin martında ölkəmizdə keçirilən Qoşulmama Hərəkatının sammiti zamanı Prezident İlham Əliyev inkişaf edən kiçik ada dövlətləri və Afrika ölkələrinin pandemiyadan sonra daha yaxşı bərpası üçün Qlobal Çağırışlar elan etdi və ilk donor olaraq ölkəmiz bu məqsədlə hər iki Çağırışa 1 milyon ABŞ dolları məbləği ayırdı. Eyni zamanda, 2021-ci ildə Prezident İlham Əliyev Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda çıxışı zamanı Hərəkata üzv dövlətlərin artıq təsisatlanma ideyası üzərində düşünmələrinin vacibliyini qeyd etmişdi. Bu istiqamətdə də Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi səmərəli addımlar ataraq önəmli nəticələr qazandı. Sədrliyimiz dövründə Hərəkatın parlament və gənclər şəbəkələri yaradıldı. 2022-ci ildə Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis olundu və onun daimi katibliyi Bakıda yerləşəcək. Təşkilatın yaradılması kimi mötəbər uğurdan əlavə, Şuşa şəhərinin adı da artıq Qoşulmama Hərəkatının tarixinə düşdü.
Onu da diqqətə çatdıraq ki, 2021-ci ildə Prezident İlham Əliyev Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Toplantıdakı çıxışında Serbiyada postpandemiya dövrünün müzakirəsi məsələlərindən söz açmış, bu məqsədlə QH-yə üzv ölkələrin yüksək səviyyəli görüşünün keçirilməsi təklif etmişdi. Həmin görüş ölkəmizdə təşkil olundu. Hərəkatın COVID-19-a cavab üzrə Təmas Qrupunun növbəti sammiti kimi rəsmiləşmiş tədbirdə başlıca mövzu pandemiyadan sonrakı dünya düzəni idi.
Bu sammiti Hərəkatın, belə demək mümkünsə, dünyaya açılımında müstəsna hadisə kimi dəyərləndirmək mümkündür. Belə rəyə gəlmək üçün tədbirdəki müzakirə mövzularına diqqət yetirək: beynəlxalq sülh və təhlükəsizlik, beynəlxalq hüququn işləməməsi, ədalətin bərqərar olmasının vacibliyi, Şərq-Qərb ziddiyyətləri, “soyuq müharibə” mentaliteti. Sammit, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səylərin gücləndirilməsi, ərzaq təhlükəsizliyi, su qıtlığı, iqlim dəyişikliyi kimi mühüm əhəmiyyət daşıyan məsələlərə də diqqət ayrılması baxımından yadda qaldı
Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırdı. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin artıq həllini tapmış Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkat tərəfindən dəstəkləndi. Nəticədə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsi geri götürüldü. Həmçinin sonrakı illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alındı. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirir.
Beləliklə, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir.
Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın tarixi Zəfəri yeni reallıqların yaranmasını, dünya nizamının yenidən formalaşdırılmasını şərtləndirdi. Bu gün dünyanın diqqəti yenə Azərbaycana yönəlib. İyulun 5-də Bakı Konqres Mərkəzində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə də məhz bu yeniliklərə, hazırkı dövrün çağırışlarının düzgün dəyərləndirilməsi üçün müəyyənləşdirilən addımlara bir daha diqqət yetirildi, Azərbaycanın quruma sədrliyi dövründə gördüyü işlərin, qəbul etdiyi qərarların hansı uğurlara yol açdığı açıqlandı.
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin nazirləri qarşısında çıxışı zamanı bir sıra vacib məqamlara toxundu. Ölkə başçısı ilk dəfə mötəbər beynəlxalq tribunadan dünyada sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxaran səbəbləri açıq şəkildə ortaya qoydu və bu ayrı-seçkiliyi islamofobiya, yeni imperializm və neokolonizm kimi üç qrupda təsnifatlandırdı.
Azərbaycan Prezidentinin verdiyi ən mühüm mesajlardan biri isə Ermənistana və onu müdafiə edən antisülh blokuna ünvanlanıb. Regionda sülh istəməyən Fransa, Hindistan, İran kimi ölkələr bu xəbərdarlıqdan nəticə çıxarmalıdırlar. Çünki dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.
Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı. Ölkə başçısı, həmçinin hazırda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Fransanın neokolonist baxışlarını və regionda sülhə qarşı olan mövqeyini dünyanın diqqətinə çatdırdı. Azərbaycan Prezidentinin rəsmi Parisi Qəmər adalarının öz torpağı üzərində suverenliyinə, dənizaşırı ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməyə çağırması və bu qəbildən olan digər fikirləri, həmçinin Fransa Prezidenti Makrondan hələ də Paris muzeyində müharibə qənimətləri kimi saxlanılan əlcəzairli azadlıq mücahidlərinin kəllə sümüklərini vətənlərinə göndərilməsini tələb etməsi ona beynəlxalq auditoriyada vurulan tərs şillə oldu.
Yaqut Ağaşahqızı, “İki sahil”