06 iyul 2023 22:36
712

Böyük quruculuq missiyası

Dövlətimiz keçmiş məcburi köçkünlərimizin Qarabağ və Şərqi Zəngəzura - doğma  torpaqlarına qayıtmaları ilə bağlı arzularını reallığa çevirməkdə davam edir

Prezident İlham Əliyev: Necəsiniz? Necə yaşayırsınız?

Sakinlər: Sağ olun, cənab Prezident, Allah Sizə ömür versin. Biz yaxşıyıq, Sizin sayənizdə hər şey yaxşıdır, əladır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə kömək etsin. Biz Sizin sayənizdə burada yaşayırıq.

Bu  dialoq  iyun ayında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı kənd sakinləri ilə görüşündəndir. Belə səmimi dialoqlar isə Prezidentin işğaldan azad edilmiş ərazilərdə məskunlaşan keçmiş məcburi köçkünlərlə  hər görüşündə baş verir. Onlar, həmçinin yurd-yuvalarını erməni faşizminin caynağından qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirir, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad edirlər.

Bəli, məhz Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti nəticəsində  illərdən bəri düşmənin yağmaladığı, viran qoyduğu yurd yerlərimizdə konkret planlar, layihələr əsasında yerli ənənələrə, müasir yanaşmalara əsas­lanan genişmiqyaslı bərpa-quruculuq işləri aparılır və Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlər bir zamanlar göz yaşları ilə ayrıldıqları dogma yurd-yuvalarına qayıdırlar. Bir neçə faktı xatırladaq:  iyunun 25-də daha 15 ailədən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Bununla da artıq Laçın şəhərində 70 ailə, yəni 266 nəfərin daimi məskunlaşması təmin edilib. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Füzuli şəhərində inşa edilən 38 binadan ibarət olacaq yaşa­yış kompleksinin 6-sında də­mir-beton konstruksiyalarının quraşdırıl­ması işləri başa çatdırılıb, digər 6 binada isə tikinti əməliyyatları yekunlaş­maq üzrədir. Zəngilanın Ağalı kəndinə ümumilikdə 86 ailə - 420 nəfər köçürülüb. Onlar yüksək keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Hazırda 20 ailənin məskunlaşdığı Qarabağ iqtisadi ra­yonuna daxil olan Tərtər rayonunun Talış kəndində isə Prezidentimizin sözləri ilə desək, bir il keçmədən 180 ailə yaşayacaq. Yeri gəlmişkən, onu da qeyd edək ki, proqramın birinci mərhələsində 9 yeni şəhər və 300-dən çox kənd və qəsəbənin qurulması nəzərdə tutulub.

Bu faktlar işğaldan azad olunan ərazilərimizin bərpasının ölkəmiz üçün prioritetliyini bir daha təsdiq edir. Dövlət  Proqramına  əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2026-cı ilədək 34500 mənzilin və fərdi yaşayış evinin inşası planlaşdırılıb. Bu da 160 minə yaxın məcburi köçkünün öz ata-baba yurdlarına qayıtmasına imkan verəcək.

Bəli, bu gün İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addımlar atan Prezident İlham Əliyev işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı yeni layihələrlə bir daha dünyaya Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirir. Şübhəsiz, bütün bunlar həm də dövlətimizin və xalqımızın quruculuq əzminin  təzahürüdür.

Amma bu, bir həqiqətdir ki,  münaqişəyə məruz qalmış ərazilərin minalarla geniş miqyasda çirklənməsi, dəqiq mina xəritələrinin olmaması şəhərsalma,  yenidənqurma, abadlıq işlərinin daha səmərəli aparılmasına, yüz minlərlə məcburi köçkünün öz dogma yurdlarına qayıtmasına əsas maneə olaraq qalır.

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə Prezident İlham Əliyev növbəti dəfə bu məsələni gündəmə gətirib. “Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır” deyən dövlətimizin başçısı bildirib ki, Ermənistanın işğalının digər mənfi fəsadı minalardır: “Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür”. Bu kimi çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir. Bir zamanlar evlərini göz yaşı içərisində tərk edən insanlar sevinc içərisində öz yurd-yuvalarına dönürlər. 

Bəli, Azərbaycan keçmiş məcburi köçkünlərimizin Qarabağ və Şərqi Zəngəzura -doğma  torpaqlarına qayıtmaları ilə bağlı arzuları­nı reallığa çevirməkdə davam edir. Şübhəsiz, onların hər birinin öz yurd-yuvasına qayıdışı təmin ediləcək. Bununla da Azərbaycan tezliklə adını dünyanın məcburi köçkünlər ölkəsi sırasından silmiş olacaq.

Gün gələcək, İrəvana, Göyçəyə, Zəngəzura qayı­dışımız da gerçək olacaq. Qarabağ və Şərqi Zəngəzura qayıdışımız bir daha belə qənaətə gəlməyə əsas verir. Digər tərəfdən, bunu təmin edəcək qüdrətli liderimiz, dünyəvi siyasətimiz, müzəffər sərkərdəmiz var. Bu mənada gec-tez həmin məkanlarda da yazımızın əvvəlində qeyd etdiyimiz tarixi dialoqların şahidi olacağıq.

Qvami Məhəbbətoğlu, “İki sahil”