06 iyul 2023 22:19
489

Fransanın özünü müstəmləkəçi kimi aparması utancvericidir

Qanlı müstəmləkəçilik tarixinə sahib olan bu ölkənin neokolonist siyasətinə birdəfəlik son qoyulmalıdır

Fransa tarixən müstəmləkəçi ölkə kimi tanınıb. Vaxtilə 50-dən artıq ölkənin ərazisini işğal edərək sərvətlərini talayan Fransa oradakı xalqlara qarşı sıyqırımı və müharibə cinayətləri törədib. Tarixi məlumatlara görə, bu kolonist ölkə təkcə Əlcəzairdə XVII əsrdən başlayaraq XIX əsrin 30-cu illərinədək 4 milyon nəfərdən çox, 1890-cı ildə isə 2 milyon 500 min insanı qətlə yetirib.

Bütün dünyada yüz illər boyunca öz riyakarlığı, militarist siyasəti və qeyri-səmimiliyi ilə tanınan, daim insan hüquqlarından və humanizmdən dəm vuran, qatı ermənipərəst Fransa bu gün də müstəmləkəçilik siyasətindən əl çəkmir. Təxminən 200 ildən artıq müddətdə başqa-başqa ölkələri, xüsusilə Şimali Afrikanı işğal altında saxlayan, xalqlara zülm edən, onları soyqırımına məruz qoyan Fransanın bu gün demokratiyadan, haqq-ədalətdən danışması absurddur. Təbii ki, bunu bütün dünya, xüsusilə də vaxtilə fransızların müstəmləkəsi altında inləyən, bu gün də bu ölkənin neomüstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin xalqları daha yaxşı bilir.

Bunu biz də yaxşı bilirik. Məsələ burasındadır ki, 1918-ci ilin martında fransalı general Manşimonun başçılıq etdiyi silahlı dəstə Güney Azərbaycanın Urmiya, Salmas, Xoy şəhərlərində, Quşuçu və Cilovluq yaşayış məntəqələrində, Muğan regionunda müsəlmanları və Azərbaycan türklərini soyqırımına məruz qoyub.

Danılmaz faktdır ki, Fransanın zaman-zaman törətdiyi soyqırımlar cəzasız qaldığından o, müstəqillik uğrunda mübarizə aparan Afrika ölkələrində də nahaq qanlar tökərək, cinayətlərini davam etdirib. Ən utancverici hal ondan ibarətdir ki, Benin, Burkina Faso, Qvineya, Fil Dişi Sahili, Mali, Niger, Seneqal, Toqo, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo, Ekvatorial Qvineya və Qabon kimi ölkələr hər il Fransaya 480 milyard dollar dəyərində müstəmləkə vergisi ödəyir.

Çox təəssüf ki, bu ölkə öz vətəndaşlarının da hüquq və azadlıqlarını təmin etmir. Bir müddət əvvəl Korsika adı ilə bağlı baş verənlər bunun əyani təsdiqidir. Yaxşı xatırlayırıq ki, Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv etməsi, Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi ada sakinlərini yenidən qəzəbləndirmişdi.

Bu bir gerçəklikdir ki, Fransa hələ də özünü müstəmləkəçi güc kimi aparır və müstəmləkədə saxladığı xalqları öz milli marağı üçün istifadə edir.

Şübhəsiz, Fransanın İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanı dəstəkləməsi onun anti-Azərbaycan siyasətinə dəlalət edir. Danılmaz faktdır ki, rəsmi Paris daim Azərbaycana qarşı terror fəaliyyətlərini dəstəkləyib. Təəssüf ki, Fransa hələ də müstəmləkəçilik, riyakarlıq və ikili standartlar siyasətindən əl çəkə bilmir. Hamımız yaxşı xatırlayırıq ki, Azərbaycanın 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad etməsi Hayastanın digər havadarları kimi, uzun müddət təcavüzkarı dəstəkləyən Fransanı da təşvişə salmışdı.

Ümumiyyətlə, Ayrı-ayrı dövrlərdə təcavüzkar Ermənistanı dəstəkləyən Fransanın erməni sevdasından əl çəkə bilməməsi səbəbsiz deyil. Belə ki, bu ölkə işğalçı Ermənistan kimi, daim beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirib, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törədib. Elə buna görə də Fransa hələ də Ermənistanın Azərbaycanda törətdiyi müharibə cinayətlərinə səssiz qalır, eləcə də bölgədə gərginliyi artırmaq və sülhə mane olmaq siyasətini davam etdirir.

Prezident İlham Əliyev iyulun 5-də Bakıda keçirilən Qoşulmama Həraəkatının Əlqələndirmə Bürosunun nazirlər görüşündə bildirib ki, Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamnada özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır: “Bu riyakarlıq və ikili standartlardan başqa bir şey deyil. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır”.

Yeri gəlmişkən, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda keçirilən dəyirmi masanın yekunlarına dair bəyanat qəbul edilib. Həmçinin Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılıq əldə olunub. 

Təbii ki, XXI əsrin ikinci onilliyində Fransanın özünü hələ də müstəmləkəçi kimi aparması utancvericidir. Qanlı müstəmləkəçilik tarixinə sahib olan bu ölkənin neokolonist siyasətinə birdəfəlik son qoyulmalıdır.

Zahid Rza, “İki sahil”