05 iyul 2023 21:58
596

Tovuz əməliyyatı da hərb tariximizdir

İşğalçı Ermənistan beynəlxalq təşkilatların qəbul etdiyi qərarları yerinə yetirmirdi, region­da mövcud status-kvonu saxlamağa çalışırdı, sülh danışıqlarından yayınırdı. Bunlarla bir sırada işğal etdiyi ərazilərdən də, dövlət sərhədlərindən də iri miqyaslı təxribatlar törətmək, yeni ərazilər işğal etmək üçün hücumlar edirdi. Belə hücumlardan biri 2020-ci ilin 12 iyulunda To­vuz rayonu istiqamətindən dövlət sərhədimizdə oldu. İşğalçı Ermənistan müxtəlif çaplı silahlar­dan, artilleriya qurğularından istifadə etməklə hücuma keçdi. Azərbaycan Ordusunun hissələri düşmənin hü­cumunun qarşısını qətiyyətlə aldı. Bu döyüşlər Tovuz əməliyyatı kimi tarixləşdi.

Tovuz əməliyyatı altı gün davam etdi. Döyüşlərdə düşmən üstünlüyə nail ola bilmədi.

Tovuz döyüşlərində də ordunun gücü, ordunun gücü ilə bir sırada xalq-dövlət-ordu vəh­də­ti, bölünməzliyi döyüşlərin sonluğunu müəyyənləşdirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi bir fikir - Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi - Tovuz döyüşlərinin Azərbaycanın müharibə tarixində, ümumən dövlətçilik tarixində əhəmiyyətini müəyyənləş­dirən kəlamdır.

Döyüşlərdə düşmənin 100-dən çox hərbi qulluqçusu, onlarla döyüş texnikası, artilleriya qurğusu  məhv edildi. Həmin vaxtlarda Ermə­nistan qiyamdan, dövlət çevrilişindən, milli qar­şıdurmalardan çəkinərək itkilərini ictimaiy­yətdən gizlədirdi.

Döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əh­mədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Ya­şar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhid oldu. Xalq şəhidlərini son mən­zi­lə - əbədiyyətə böyük izdihamla yola saldı.

Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə başa çatdı. Bu tarixi qələbə həm də Azər­bay­canın geosiyasi üstünlüyünün də təsdiqi oldu. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təş­ki­la­tının bir neçə üzvünün ədalət naminə Azərbaycanın mövqeyini müdafiə etməsi, Türkiyənin, Pakistanın, Ukraynanın, İtaliyanın Azərbaycanın işğala məruz qaldığını bildirməsi, Azərbay­cana gərəkli dəstək verəcəyini bildirməsi işğalçınn siyasi nüfuzunun nə qədər cılızlaşdığının təsdiqi idi. Dünya dövlətlərinin Azərbaycanı bu səviyyədə dəstəkləməsi Ermənistanda qarışıq­lıq yaratmağa başladı. Azərbaycan Respub­li­kasının Prezidenti cənab İlham Əliyev  deyirdi: "Be­lə­liklə, bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müs­təvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm - beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istə­mi­rəm, amma bir şeyi istəyirəm, Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil".

Tovuz əməliyyatı  da 2016-cı ilin Aprel döyüşləri kimi ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını, döyüş əzmini, qələbə ruhunu yüksəltdi. Bu baxımdan Tovuz əməliyyatı İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin ilkinlərindən oldu.

Tovuz əməliyyatı da hərb tariximizdir, dövlətçilik tariximizdır.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı