05 iyul 2023 22:50
770

Erməni faşizminin acı fəsadları: urbisid, kultursid və ekosid

Ermənistan 30 ilə yaxın müddətdə törətdiyi cinayətlərə heç bir münasibət bildirməyən dünyanın gözü qarşısında “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris konvensiyalarının müddəalarını kobudcasına pozaraq işğal altında saxladığı Azərbaycan ərazilərində mədəni sərvətlərimizi talan edib, dağıdıb, özününküləşdirməyə çalışıb. Ermənilərin əsas məqsədi həmin ərazilərdən Azərbaycanın izini silmək, özlərini bu torpaqların “qanuni sahibləri” kimi təqdim etmək idi. İşğal etdikləri ərazilərimizdə həmişəlik qalacaqlarına, onların bu məkrli niyyətlərinin layiqli cavabının verilməyəcəyinə arxayın olan Ermənistanın siyasi dairələri Qarabağı və Şərqi Zəngəzuru tarixi və mədəni baxımdan da “erməniləşdirmək” üçün uzun illər davamlı siyasət həyata keçirirdilər. Bu məqsədlə hazırlanmış fəaliyyət planına toponimlərimizin, yaşayış məntəqələrinin, tarixi şəxsiyyətlərimizin, dövlət xadimlərinin, sərkərdə və qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin adları ilə bağlı ünvanların, xatirə abidələrinin dəyişdirilməsi, yox edilməsi, dini abidələrimizin, o cümlədən qəbiristanlıqların, qəbirüstü abidələrin, qəbir daşlarının yerlə-yeksan edilməsi, memarlıq abidələri üzərindəki türk rəmzlərinin, digər bədii daş nümunələrinin məhv edilməsi, oğurlanaraq ərazidən çıxarılması və digər cinayətlər daxil idi.

Məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuzun Vətən müharibəsində cəmi 44 gündə qazandığı şanlı Qələbə sayəsində işğalda qalan torpaqlarımızın azad olunmasından sonra ermənilərin həmin riyakar planları alt-üst edilməklə yanaşı, törətdikləri vandalizmin miqyası da gün üzünə çıxdı. İndi artıq bütün dünya görməyə və etiraf etməyə məcbur qalır ki, evlərin, məktəb və bağçaların, mədəniyyət ocaqlarının, inzibati binaların daşını daş üstə qoymamış, göreşən kimi qəbiristanlıqlarımızı eşib on minlərlə qəbirlərimizi dağıtmış ermənilər tarixi və mədəniyyət abidələrimizə də necə vəhşiliklə, barbarlıqla yanaşıblar: Qaragen Njdenin faşizm xislətli törəmələri tərəfindən məscidlərimiz yandırılıb, təhqir edilib, tarixi abidələrimiz dağıdılıb, dəyişdirilməyə, erməniləşdirilməyə cəhd edilib. Ermənilərin bu cür vandallıq siyasəti nəticəsində işğal altındakı ərazilərdə Azərbaycanın çox sayda monumental incəsənət, tarixi və İslam dövrü abidələri məhv edilərək sıradan çıxarılıb. Dövlət başçımızın dediyi kimi, sanki o yerlərdən vəhşi qəbilələr keçib.

Mədəniyyət Nazirliyi tərəfindən torpaqlarımızın işğaldan azad edilməsindən sonra aparılan monitorinqlərin nəticələrinə əsasən, Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatına alınmış 700-dən artıq tarixi və mədəniyyət abidəsinin 95 faizinin dağıdıldığı məlum olub. Bu isə təkcə Azərbaycan xalqının mədəni irsinə deyil, bütün İslam dünyasına, ümumilikdə isə bəşər mədəniyyətinə qarşı törədilmiş müharibə və insanlıq cinayətidir.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törədib. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-nin dağıdıldığını, qalanlarının isə donuz və inəklər üçün tövlə kimi istifadə edildiyini xatırladan dövlətimizin başçısı bunu bütün dünya müsəlmanlarına qarşı təhqir adlandırıb.

Erməni vəhşiliyi təkcə mədəni irsimizə, dini-tarixi abidələrimizə qarşı törədilməyib. İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun təbiəti, flora və faunası, ekoloji sistemi də bu barbar yanaşmanın qurbanına çevrilib. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, həmin dövrdə ermənilər tərəfindən Azərbaycanın 60 min hektar meşəliyi məhv edilib, kəsilib və daşınıb, torpaqlarımız və çaylarımız çirkləndirilib, zəhərləndirilib.

Bu gün dünya 30 il ərzində görməzdən gəldiyi erməni faşizminin acı fəsadlarını əks etdirən faktlara şahidlik etsə də Ermənistan hələ də törətdiyi müharibə və insanlıq cinayətlərinə görə layiqli cəzasını almayıb. Ancaq Azərbaycanın gündən-günə artan siyasi nüfuzu, iqtisadi qüdrəti, dövlətimizin gücü və dövlət başçımızın qətiyyəti sayəsində haqq-ədalətin öz yerini tutacağı, Ermənistanın beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verəcəyi gün uzaqda deyil.

Mahir Rəsuloğlu, “İki sahil”