05 iyul 2023 23:12
483

Beynəlxalq ictimaiyyət Ermənistana “dur” deməlidir

Hayastan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir

Təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində 30 ilə yaxın müddətdə həyata keçirdiyi ekoloji terroru bu gün də davam etdirir. Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində metallurgiya zavodu inşa etməyə başlaması bunun əyani təsdiqidir. Arazdəyən kəndində inşa olunan, illik istehsal gücü 180 min tondan yuxarı olması gözlənilən metallurgiya zavodunun inşası çox böyük həcmdə tullantı və zəhərli qazın təbiətə ziyan vurmasına səbəb olacaq. Müəssisənin tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Bütövlükdə, Hayastanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.

Ermənistanın ətraf mühitə ciddi zərər vuran belə bir layihəni həyata keçirməsi bölgədə yaşayan on minlərlə insanın hüquqlarına qarşı yönəldiyindən Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyinə, onların hüquqlarının qorunmasına, ekologiya və ətraf mühitlə bağlı təhdidlərə xüsusi həssaslıqla yanaşdığından bu məsələni daim diqqətdə saxlayır. Prezident İlham Əliyev iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündəki çıxışında hazırda Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam etdiyini bir daha vurğulayıb. Bununla Ermənistanın 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir”.

Birmənalı demək lazımdır ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.

Bir müddət əvvəl Azərbaycanın ekoloji yönümlü QHT-ləri yeni ekoloji fəlakətə yol açacaq bu layihə əleyhinə birgə bəyanat yayıblar. Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırıblar.

Təbii ki, Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində metallurgiya zavodunin inşası ilə bağlı layihəsinin icrası Hayastanın növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının müddəalarını kobud surətdə pozması demək olacaq. Ermənistanın bu cür qanunsuz fəaliyyətləri təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib. Buna görə də beynəlxalq ictimaiyyət Hayastanın regionun ekoloji təhlükəsizliyinə ciddi zərbə vuran, beynəlxalq hüququn normalarına zidd olan əməllərini hiddətlə pisləməli, bu layihənin icrasının dayandırılması istiqamətində ciddi addımlar atmalıdır.

Zahid Rza, “İki sahil”