05 iyul 2023 22:29
668

Gorbagor olmuş status, kitabı bağlanmış “miatsum” və…

Qarabağdakı separatçı rejimlə sıravi ermənilər arasında uçurum getdikcə dərinləşməkdədir. Buna səbəb sadə camaatın separatçı rejimə inamını tam itirməsidir. Bunu bir neçə gün öncə keçirdiyi yığıncaqda qondarma rejimin “prezidenti” Araik Arutyunyan da təsdiq edib. O, hətta Xankəndini  tərk edənlərin sayının çoxluğundan gileylənib.

 Prezident İlham Əliyevin təslim olacaqları təqdirdə separatçı rejimin nümayəndələrinə amnistiya şa­mil oluna biləcəyinə dair fikirlərinin ABŞ tərəfindən alqışlanması, üstəlik, bu ölkənin  Ermənistandakı səfiri Kristina Kuinnin Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan daxilində təmin ediləcəyindən danışması isə baş separatçını, sözün həqiqi mənasında, cin atına mindirib.

Hazırkı durumda çıxış yolunun Azərbaycan vətəndaşlığını qəbul etməkdən, “müdafiə ordusu­nun” buraxılmasından,  “döv­lət idarəetmə sisteminin” ləğv edilməsindən ibarət olduğunu dərk edən, amma bunları qəbul etməyi özünə “sığışdırmayan”  Araik Arutyunyan bütün bu kimi olaylarda hələ də ölkəmizi “ittiham” etməkdədir. Üstəlik, o, vəziyyəti gərginləşdirmək məqsədilə addımlar atmaqda davam edir. Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni fəaliyyət göstərən erməni silahlı birləşmələri təxribatlara məhz onun əmrlərinə əsasən əl atırlar. Hətta bəzi mənbələrə görə, Ermənistanda Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına qarşı imza toplanılması kampaniyasının ideya müəlliflərindən biri  odur.

Yeri gəlmişkən, imza məsələsindən söz açan qondarma rejimin “prezidenti”nin xüsusi tapşırıqlar üzrə nümayəndəsi David Babayan deyib ki, bu məsələ dövlət “referendumuna” çıxarılmalıdır. Bu da Araikin maraqlarına xidmət edir. Belə ki, o, “referendumla” özünə güvənin olub-olmadığını  müəyyənləşdirmək və son qərar vermək niyyətindədir.  Sragagün isə Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib. Həmin məktubun tam məzmunu açıqlanmasa da, bu barədə danışan qondarma qurumun “antiböhran şurası”nın sədri Tiqran Petrosyan bildirib ki, müraciət kömək məqsədilə  olunub. Özü isə məsələni belə şərh edib: “Xalqın mütləq əksəriyyəti Ermənistan Respublikasının rəhbərinə deyil, Rusiya Prezidenti Putinin ermənilərin təhlükəsiz və ləyaqətlə yaşayacaqlarına dair sözlərinə inanırdı. Bu gün biz yaşamırıq, amma varıq. Susmağımız ölkənin, xalqın vəziyyətini günü-gündən ağırlaşdırır, bizi dərdlərlə baş-başa qoyurlar. Düşünürəm ki, sabah Rusiyadan real addımlar görməsək, susmaq ölümə bərabər olacaq. Sabaha qədər səbirli olacağıq, sonra övladlarımız üçün vulkan kimi partlamalıyıq”.

Elə onun bu sözlərindən aydın olur ki, məktub klassik erməni üslubundadır. Yəni, məqsəd Rusiyanı Azərbaycan əleyhinə qaldırmaqdır. Amma Rusiya Prezidentinin baş separatçı Araik Arutyunyanın müraciətinə hər hansı bir şəkildə cavab verəcəyi inandırıcı görünmür. Çünki bu, həm Rusiyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın tələblərini pozması, həm də Qarabağdakı separatçı qurumu tanıması və onunla əməkdaşlıq etməsi kimi dəyərləndirilə bilər.

Şübhəsiz, bu kimi addımlarla Araik Arutyunyan nəyin bahasına olursa-olsun sülh müqaviləsinin imza­lanmasına, reinteqrasiya prosesinə maneələr törətməyə cəhdlər göstərir. Amma baş separatçı unudur ki, indiyədək Azərbaycan siyasəti ilə “sta­tus”u gorbagor edib, müstəqillik xülyasını statusun dalınca göndərib, “miatsum”un kitabını bağlayıb. İndi də növbə Araik və  onun havadarlarınındır. Vaxt yetişən kimi, amnistiya şansından bəhrələnmək istəməyən bu şəxslər, həmçinin onların havadarları lazım olan yerə göndəriləcəklər.

`Qvami Məhəbbətoğlu, “İki sahil”