Fransada dövlət səviyyəsində daha bir qətl: Polis 27 yaşlı nümayişçini rezin güllə ilə sinəsindən vuraraq öldürüb
Hazırda Fransa hökuməti tarixinin ən utancverici dövrünü yaşamaqdadır. İş o yerə çatıb ki, ölkədə xaos, hərc-mərclik, itaətsizlik pik həddə çatıb. Səbəb isə 17 yaşlı Naelin polis gülləsi ilə öldürülməsindən sonra ölkəni bürüyən etiraz aksiyalarıdır. Hər ötən gün vəziyyət daha da gərginləşir. Şübhəsiz ki, bütün bunların səbəbi prezident Emmanuel Makronun qurduğu rejim və tətbiq etdiyi idarəetmə formasıdır. Bəzi yerlərdə komendant saatı elan edilməsinə baxmayaraq polisin müdaxilə etdiyi etirazçılar park edilmiş avtomobilləri və mağazaları yandırır, qarət edirlər. Göründüyü kimi, Fransa illər öncə başqaları üçün qazdığı quyuya hazırda özü yuvarlanmaqdadır.
Əslində bundan öncə də Fransada yaxın keçmişdə bu kimi iğtişaşlar, qarşıdurmalar, irimiqyaslı etiraz aksiyaları, etirazçılarla güc strukturları arasında toqquşmalar baş vermişdi. Demək olar ki, hər birində səbəb təxminən eyni olurdu – irqi ayrı-seçkilik, islamafobiya. Əlaltısı Ermənistan kimi uzun illər özünü dünyaya Avropanın mədəniyyət beşiyi, demokratiya carçısı kimi sırımağa çalışan Fransa bütün bu “statuslarından” imtina edib, etnik təmizləmə siyasətinə üstünlük verib. Xatırladaq ki, hələ COVID-19 pandemiyası zamanı Paris və diğər şəhərlərdə müsəlmanların kampakt yaşadığı məhəllələrdə və digər ərazilərində polis Fransanın qalan hissəsinə nisbətən iki dəfə çox yoxlama həyata keçirib. Bu reydlərdə polis ancaq maska istifadə etmədiyi üçün öldürdüyü şəxslər arasında çoxluğu müsəlman və qeyri-fıransızlar təşkil edib. İndi isə tam mənası ilə dövlət böhranının yaşandığı Fransada polis və digər dövlət strukturlarının fəaliyyəti gözə dəyimir. Bütün idarəetmə sisteminin çökdüyü və Makron hakimiyyətinin hadisələr qarşısında çarəsiz qaldığı aydın görünür. Belə olmasaydı Fransa lideri ölkəsində artıq bir həftədir dayanmaq bilməyən, coğrafiyası daha da genişlənən etiraz dalğasının səbəbini aparıb sosial şəbəkələrə bağlamaz, “TikTok”-un üzərinə atmazdı. Bu detal özü də bir daha nümayiş etidirir ki, Fransada baş verənlər artıq dövlət böhranı səviyyəsinə çatıb. Əsas şəhərlərdə idarəetmə iflic vəziyyətdədir. Hər gün daha da alovlanan və genişlənən etirazlar ölkədəki xaos və hərc-mərcliyi daha da dərinləşdirir. Buna baxmayaraq, Fransa polisi öz vətəndaşı ilə yaşlısına, xəstəsinə, qadınına baxmadan çox sərt şəkildə, amansız rəftar etməyə davam edir. Bu arada Fransada etirazları şiddətləndirəcək daha bir ölüm hadisəsi baş verib. Reuters-in məlumatına görə, Marseldə 27 yaşlı nümayişçi sinəsindən polisin rezin gülləsi ilə vurularaq öldürülüb. Ümumiyyətlə, əcnəbilərin qətlə yetirilməsi Fransada adi hala çevrilib. Necə deyərlər, Fransa hakimiyyəti belə vəhşiliyə artıq vərdiş edib. Axı müstəmləkə hakimiyyəti dövründə Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetiriblər. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan qara bir ləkədir.
Bu ölkədə müsəlmanların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Üstəlik, bu hərəkətlər əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir. Bu fakt onu göstərir ki, Fransada təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Fransa vətəndaşı, hətta orada doğulmuş bir çox müsəlman hər gün qara siyahıya düşür və polisin hörmətsizliyi və nifrətinin qurbanı olur. Burada müsəlmanlara qarşı mədəni, siyasi baxımdan qərəzli münasibət bəslənilir. Yeri gəlmişkən qeyd edək ki, Fransada Azərbaycana qarşı qərəzli münasibətin səbəblərindən biri məhz İslamofobiyadır. Halbuki, islamofobiya bəşəriyyətə qarşı cinayətdir, onun ümumbəşəri normalarla heç bir əlaqəsi yoxdur.
“Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır”. Bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə səsləndirib. Dövlətimizin başçısı deyib: “Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrini aradan qaldırılmasına kömək edəcək”.
Göründüyü kimi, Fransada islamofobiya probleminin kökü dövlətin rəhbər tutduğu dünyəvilik prinsipində deyil, ölkənin tarixi müstəmləkəçilik siyasətində və hazırkı hökumətin yürütdüyü irqçi təfəkkürdə axtarılmalıdır. Belə ki, Fransa dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edib, sərvətlərini talan edib, xalqlarını uzun illər əsarətdə saxlayıb,milyonlarla insanı qətlə yetirib və kölə halına salıb. Fransanın uzun illər boyunca dünyanın müxtəlif bölgələrində işğal etdiyi ölkələrdə həyata keçirdiyi soyqırımları, kütləvi qırğınlar, talançılıq, etnik təmizləmələr və digər insanlıq əleyhinə cinayətlər həm də islamofobiyadan qaynaqlanıb. Müstəmləkəçilik illərində açıq şəkildə qul ticarəti ilə məşğul olan Fransa bu gün də dekolonizasiya kateqoriyasına aid edilən bir çox əraziləri qanuni sahiblərinə qaytarmır və neokolonializm siyasəti əsasında həmin ərazilərin ilhaqı xəttini yürüdür. Həmçinin Fransa dövlətinin xarici və daxili siyasəti bu ölkədə irqçilik, islamofobiya və antisemitizmin ifrat həddə çatmasına zəmin yaradıb. Bu səbəbdən fikirlər səslənir ki, hazırda Fransa cəmiyyətində müşahidə edilən islamofobiya müsəlmanlara qarşı nifrətin və müstəmləkəçi irqçiliyin siyasi elita tərəfindən manipulyasiya edilməsindən qaynaqlanır. Bu gün Fransa həm də erməni revanşistlərini və separatçılarını həvəsləndirməklə Cənubi Qafqazda maraqlarını təmin etmək üçün hər hansı təsir rıçaqı əldə etməyə can atır və bununla Azərbaycanla Ermənistan arasında sülh prosesini əngəlləyir, münasibətlərin normallaşmasına zərbə vurur, regional sabitlik və təhlükəsizliyi təhdid edir. Rəsmi Paris bununla Azərbaycana münasibətində islamofobiyanı yenə rəhbər tutur.
Bir faktı xatırlayaq… Makron cari ilin yanvar ayında Yelisey sarayında Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyanı qəbul etmişdi. O Papazyan ki, Fransada Azərbaycan əleyhinə təşkil olunan kampaniyaların əsas rəhbərlərindəndir. Makron məhz bu adama hesabatı zamanı Xankəndidəki erməni əsilli sakinlərin hüquqlarını qoruyacağını iddia etmişdi. Bəs, Fransa lideri hazırda öz ölksində pozulan fundamental hüquqlar barədə nə düşünür görəsən?
Sevinc Azadi, “İki sahil”