04 iyul 2023 22:17
510

Səbrimizi daşırmasınlar: İstənilən təxribata cavabımız amansız olacaq!

Paşinyan rejiminin Vətən müharibəsindəki parlaq Zəfərimizi həzm edə bilməməsi bölgədəki gərginliyi hər keçən gün daha da artırır, sülhü prosesini ləngidir, Ermənistanın mövcudluğunu sual altında qoyur

Artıq 3 ilə yaxındır ki, 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı reallıqlar əsasında qalib Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaqdan boyun qaçıran sülhdən boyun qaçıran Ermənistan yenidən siyasi manipulyasiyaya əl atır, prosesi uzatmaqla nələrəsə nail olacağına ümid edir. Maraqlı, eyni zamanda, təəssüfləndirici haldır ki, artıq bir müddətdir danışıqlar prosesi ilə paralel qeyri-müəyyən bir "ənənə" müşahidə edilir – mövqelərin uzlaşdırılması müzakirə predmeti olan kimi Azərbaycan mövqeləri atəşə tutulur, separatçı rejim  aktivləşir və ya "aktivləşdirilir". Bu isə göstərir ki, sülh danışıqları intensivləşən kimi rəsmi İrəvan bütün mümkün variantlarla həm Azərbaycanın Ermənistanla şərti sərhədində, həm də Qarabağın Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazilərində vəziyyəti gərginləşdirməyə çalışır.

Bu dəfə də "ənənə" pozulmadı və  elə iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutuldu. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Qeyd edək ki, Azərbaycan əsgərinin yaralanmasına cavab gecikməyib. “Qisas" əməliyyatı nəticəsində ilkin məlumata görə, qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib.

Həm də bu təxribat Vaşinqtonda sülh dialoqunun davam etdiyi vaxta planlaşdırılmışdı. Yəni, silahlı insidentin başqa məqsədi ola bilməzdi.  Təxribatın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşləri ərəfəsində törədilməsi Ermənistanın məqsədli niyyətindən irəli gəlir. Bu, bir daha təsdiqləyir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Bu, birmənalı şəkildə sülh prosesi istiqamətində ABŞ-ın dəstəyi ilə aparılan danışıqlara kölgə salmaq və neqativ ab-hava yaratmaqdır.

Məqsədli şəkildə törədilən təxribatların pərdəarxası məqamlarına nəzər salsaq görərik ki, region üçün toqquşan maraqlar sülhü ləngidir. İlkin olaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatların intensivləşməsi hadisələrə sülhməramlılar tərəfindən göz yumulduğunu göstərir. Təsadüfi deyil ki,sülhməramlı kontingentin ermənipərəst mövqeyi burada qərarlaşdığı ilk vaxtlardan özünü biruzə verirdi. Onların yaşayış məntəqlərimizə uydurma erməni toponim adları ilə müraciət etmələri, qeyri-qanuni erməni silahlı birləşmələrinin atəşkəsi pozmasına hər hansı reaksiya verməmələri, əraziyə ekoloji səviyyənin ölçülməsi məqsədi ilə tədqiqatçılarımızın buraxılmaması və s. əməllər törədilən təxribatlara göz yumulmasının məntiqi izahıdır. Bütün baş verənlər sülhməramlı qüvvələrin fəaliyyət prinsipinin 10 noyabr Bəyanatına zidd olduğunu sübut edir.

Baş vermiş təxribatlarda həm də Laçında qurulmuş postu “blokada” kimi təqdim edərək terrorçulara dəstək verən bir sıra korrupsioner Qərb siyasətçilərinin və təşkilatlarının da məsuliyyəti var. Regionu “barıt çəlləyi” nə çevirməyə çalışan Qərbin ikili standartları isə öz növbəsində separatçıların fəaliyyətini daha da genişləndirməyə xidmət edir. Belə ki, Azərbaycan üçün kağız parçasından ibarət olan qətnamələrin qəbul edilməsi, bədnam bəyanatların səsləndirilməsi separatçıları daha da şirnikləşdirir. Xüsusən də Avropa Parlamentinin (AP) Azərbaycana qərəzli yanaşmasının erməni lobbisinin “fəaliyyəti” əsasında formalaşdığı məlumgerçəklikdir. Adları tez-tez korrupsiya aktlarında hallanan, satın alınmış bəzi parlament üzvlərinin Azərbaycana qarşı məkrli siyasətinin kökündə faktın özü yox, onun siyasi maraqlara uyğun təqdimatı durur.

Avropa Parlamenti Azərbaycana münasibətdə davamlı olaraq kəskin və qərəzli mövqe sərgiləyir. Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya "blokada"da olması kimi iddialar, sərsəm və böhtan, iftira dolu qətnamələri qurumun ermənipərəstliyinin əyani sübutlarıdır. AP-nin keçmişdə qalan məsələləri yenidən dirçəltmək cəhdi bu qurumun qərəzinin, qeyri-şəffaflığının pik həddidir. 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, yüz minlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə, on minlərlə günahsız insanın, o cümlədən uşaqlar və qadınların, ahılların xüsusi amansızlıqla qətlə yetirilməsinə, xalqımıza məxsus tarixi, dini, mədəni abidələrin, yaşayış məskənlərinin amansızcasına məhv edilməsinə göz yuman Avropa Parlamentinin anti-Azərbaycan siyasətinin bir parçası olması beynəlxalq hüququn hansı prinsiplər əsasında fəaliyyət göstərdiyini ortaya qoyur.  

Separatçılara havadarlıq edən bu cür əməllər davam etdikcə sülh və sabitlik ləngiyir. Görünən odur ki, nə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının, nə Avropa Parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının, nə də ki, Rusiya sülhməramlılarının məqsədi heç də iki ölkə arasında sülhü bərqərar etmək deyil. Beynəlxalq hüquq normalarına və üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq Ermənistan hərbçiləri Azərbaycan ərazisindən hələ də tam çıxarılmayıb. Bu da öz növbəsində ErmənistanıN və Qarabağdakı xunta rejiminin təxribatlar törətməsində əsas amildir. Bunun nəticəsidir ki, bölgədə təxribatlar səngimək bilmir.

Bu gün ermənilərin ordumuzla üzbəüz mövqelərində müəyyən mühəndis işləri aparmağa səy göstərmələri, Xankəndidəki  hərbi birləşmələrə qanunsuz silah daşımağa cəhd etmələri onu göstərir ki, separatçılar yeni təxribatlara hazırlaşırlar. Ancaq ermənilər də, onların havadarları da bilməlidirlər ki, bu təxribatların nəticəsi onların özləri üçün acınacaqlı olacaq. Hərbi müstəvidə heç bir uğura nail ola bilməyən separatçılar informasiya müstəvisində təxribata əl atır, “Laçın” nəzarət-buraxılış məntəqəsini “blokada” kimi təqdim etməyə çalışırlar. Onların bu yalanı da beynəlxalq media platformasında ifşa edilir. Erməni separatizmi hərbi müstəvidə olduğu kimi, media müstəvisində də heç neyə nail ola bilməyəcək.

Erməni silahlılarının növbəti təxribatlara əl atması üçün müəyyən hərəkətlənmələr, yerdəyişmələr həyata keçirilir. Azərbaycanın bu məsələdə mövqeyi isə tamamilə şəffafdır. Qarabağ ərazisində erməni təxribatçıları qalmayacaq. Əgər erməni qanunsuz separatçıları silahı təhvil verib ərazini tərk etməzlərsə, təxribatlarına davam edərlərsə, Azərbaycan ərazisindən Azərbaycan əsgərinə atəş açarlarsa, o zaman  düşmən daha ciddi şəkildə cəzalandırıla bilər.

Nə yazıq ki, Ermənistan öz havadarlarına arxayınlanaraq belə təxribatlar törədir. Halbuki sülh müqaviləsinin imzalanması, təxribatlara son qoyulması regionda söz sahibi olan Azərbaycandan daha çox bu gün tənəzzül dövrünü yaşayan, bu və digər ölkələrin qoltuğuna sığınan Ermənistana lazımdır. Amma buna rəğmən pozucu hərəkətlər, praktiki olaraq görülməyən işlər Ermənistanın sülhdən uzaq olduğunu göstərir. Atəşkəsi pozaraq mövqelərimizi atəşə tutan, təxribatları artıran, vəziyyəti gərginləşdirən düşmən bütün bu əməllərin cavabsız qalmayacağını, öz sonunu gətirəcəyini nəhayət ki dərk etməlidir.  

Yaqut Ağaşahqızı, “İki sahil”