04 iyul 2023 21:54
674

Bu Makron qəribə məxluqdur

Xəbər verildiyi kimi, iyun ayının 27-də Fransada polis tərəfindən əlcəzair əsilli Nael adlı 17 yaşlı yeniyetmənin güllələnərək qətlə yetirilməsinə etiraz olaraq başlanan və kütləvi iğtişaşlarla müşayiət edilən aksiyalar səngimək bilmir. Son məlumatlara görə, Fransanın 220 qəsəbə və şəhərində minlərlə avtomobil, 250-dən çox bina yandırılıb və ya dağıdılıb, yüzlərlə polis xəsarət alıb. İndiyədək iğtişaşlarda 3,5 minə yaxın insan saxlanılıb. Hadisənin ilk günlərində Fransa Prezidenti Emmanuel Makron hökumət üzvləri ilə iki dəfə böhran iclası keçirsə də  heç bir nəticə hasil olmayıb.

İnsanların qəzəbi o həddə çatıb ki, hətta komendant saatı tətbiq edilməsinə baxmayaraq, hiddətlənmiş kütləni sakitləşdirmək mümkün olmur. Aksiya iştirakçıları həm də illərdir səslərinin eşidilməməsinə etirazlarını bildirirlər. Gənc Naelin ölümü isə onların qəzəblərinin daşması üçün növbəti qığılcım olub. Fransa Ədliyyə Nazirliyinin açıqlamasına görə,  iğtişaşlar zamanı həbs olunanların  30%-i gənclərdir. Hətta onların arasında 13 yaşlılar da var. Bu isə o deməkdir ki, gənclər də, uşaqlar da Makronun siyasəti nəticəsində Fransada irqçiliyin, xüsusilə müsəlmanlara qarşı nifrətin pik nöqtəyə çatmağından cana doyublar. Onlar hətta Emmanuel Makronun hakimiyyətə gəlməsi ilə Fransanın demokratiyanın beşiyi olmasına son qoyulduğunu açıq-aşkar dilə gəririrlər.

Qeyd edək ki, Makronun hakimiyyətə gəlişindən bəri Fransada bir neçə dəfə genişmiqyaslı etiraz aksiyaları (Sarı jiletlilər, pensiya islahatları və sair) baş verib. Şübhəsiz, bütün bunlar Emmanuel Makronun ölkəsinin problemlərinə qarşı etinasız münasibətindən, həmçinin uğursuz siyasi qərarlar qəbul etməsindən irəli gəlir. Baş verən etirazlardan sonra Emmanuel Makronun və onun həyat yoldaşı Bricit Makronun Elton Conun Parisin məşhur “l’Accor Arena” salonunda keçirilən konsertində iştirak etmələri, əylənmələri də elə onun bu etinasızlığından irəli gəlmirmi? Yəqin, Makron bu kimi hərəkətləri ilə özünün və həyat yoldaşının timsalında fransız xalqının hələ də “kef” etdiyi görüntüsü yaratmağa çalışır.

Makron iğtişaşlardan dünyanın hali olmaması üçün “konkret addımlar” atır. Elə 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayan aksiyalarda xidməti vəzifələrini yerinə yetirən Fransanın “La Figaro” qəzetinin, Qətərin “Əl-Cəzirə” telekanalının, Azərbaycan Dövlət Televiziyasının çəkiliş qrupunun əməkdaşlarının və digərlərinin fiziki hücumlara məruz qalmaları onun bu missiyasına xidmət edir. Bütün bu olaylar Makronun bir dövləti idarə edə bilmədiyini göstərir. Məhz bu səriştəsizliyi ilə o, əgər belə demək mümkünsə, fransız xalqının kefinə soğan doğramaqda davam edir.

Buradan belə bir sual ortaya çıxır: Görəsən, öz dövlətini idarə edə bilməyən, vətəndaşların fundamental hüquqlarını təmin etməyə qadir olmayan, türkofob və is­lamofob əhval-ruhiyyəyə rəvac verən Emmanuel Makron hansı üzlə Çənubi Qafqazda sabitlik yaratmaq fikrinə düşüb? Hətta bu avantürist iğtişaşlar zamanı Fransadakı erməni diasporunun rəhbərləri ilə görüşüb, onlara hesabat verib və bildirib ki, Azərbaycana təzyiq göstərməkdə davam edəcək. Bu isə bir daha sübut edir ki,  Azərbaycan üçün siyasi əhəmiyyətini itirən, ölkəmizlə bağlı heç bir diplomatik etikaya sığmayan iddialar səsləndirən, Prezidentimizin qarşısında dəfələrlə aciz duruma düşən Makronun belə bir xülyaya düşməsi onun erməni diasporunun əlində alətə çevrilməsindən bir daha xəbər verir. Digər tərəfdən, dünyaya demokratiya dərsi keçməyə çalışan Makronun rəhbərlik etdiyi ölkədə bu gün insanların hüquqlarının təmin edilməməsi göz önündədir. Onun siyasəti sayəsində Paris, sözün həqiqi mənasında, dağılır. Bu mənada Fransaya umac ova bilməyən  Makronun ermənilərə əriştə kəsməsi olduqca gülünc görünür. Şübhəsiz, bu sadəcə, Makronun siyasət aləmində “mən də varam” görüntüsü yaratmağa hesablanmış addımıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”