Artıq Azərbaycan addım-addım işğaldan azad edilmiş ərazilərə yeni həyat gətirir. Müharibənin başa çatmasından ötən 2 il yarım ərzində ermənilərin 30 ildə minaladıqları ərazilər minalardan təmizlənir və 10 min kvadrat km ərazidə geniş yenidənqurma və bərpa işləri aparılır. Həyata keçirilən bütün layihələr Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulduğu kimi yüksək səviyyədə icra olunur.
Belə ki, bu günədək Laçın şəhərində 70 ailə, yəni 266 nəfərin qayıdışı təmin edilib. Son 7-8 ay ərzində tamamilə yenidən qurulan Laçının müasir siması ölkədə aparılan düşünülmüş uğurlu siyasətin nəticəsidir. Artıq Laçın hazırlanmış Baş plan əsasında yenidən qurulur. Yaxın aylarda şəhərdə 4 minə yaxın sakinin yerləşdiriləcəyi nəzərdə tutulur. Ərazidə Aqro və Sənaye Parkının yaradılması gələcəkdə rayon sakinlərinin daimi işlə təmin olunması istiqamətində atılan mühüm addımdır.

2023-cü ilin aprel ayında Prezident İlham Əliyevin göstərişinə əsasən Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə dövlət sərhədimizə tam nəzarət Azərbaycanın səlahiyyətindədir. Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üzvlərinin iyunun 24-də Laçın şəhərinə səfəri bir sıra əhəmiyyətli məqamlarla yadda qalmışdır. Belə ki, xarici diplomatlar səfər çərçivəsində Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə, şəhərin 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsi ilə tanış olmuş, doğma yurdlarına dönən sakinlərlə söhbət etmişlər. Daha sonra diplomatik korpus nümayəndələri Laçında qurulmaqda olan Aqro və Sənaye Parkında, Həkəri çayının sahilində salınan “Laçın bulvarın”da, Zabux kəndində aparılan tikinti-quruculuq layihələrinin icra vəziyyəti ilə maraqlanmışlar.
Onu da qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən, hazırda şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur. Laçın şəhərinə birdəfəlik qayıdan əhalinin məşğulluğunun artırılması üçün inşa olunan Aqro və Sənaye Parkı Laçının iqtisadi dirçəlişi və əhalinin məşğulluğu baxımından xüsusi əhəmiyyətə malikdir. Kompleks tezliklə nəinki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək.

Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib.
Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Onların 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.

Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerjisisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində tikilən “Laçın” şəhər yarımstansiyası rəqəmsal qaydada ən müasir texnologiyalardan istifadə olunmaqla ərsəyə gətirilib. Paralel olaraq Laçın şəhərinə “Qubadlı” yarımstansiyasından başlayaraq və “Güləbird” Su Elektrik Stansiyasından keçməklə ümumilikdə 40 kilometr məsafədə 110 kV-luq ötürmə xətti çəkilib.
Bərba-quruculuq işləri ilə yanaşı, Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu həyata keçirir. Ermənilərin dağıdaraq viran qoyduqları yaşayış məntəqələrimiz yenidən canlanır. 2026-cı ilədək isə Qarabağ və Şərqi Zəngəzurda 150 mindən çox vətəndaşımız məskunlaşacaq.
Göründüyü kimi, Vətən müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilən ərazilərimizin yenidən qurulması, həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir. Bu çərçivədə icra olunan layihələr isə həmin yerlərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini və iqtisadi inkişafını təmin edəcək.
Nigar Orucova “İki sahil”