04 iyul 2023 23:54
647

Bəzz qalası Tehran rejiminin qorxulu röyasıdır

Molla-fars rejiminin Azərbaycana, azərbaycanlılara qarşı düşmən davranışı tam çılpaqlığı ilə ortadadır. Azərbaycanın tarixi Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə ermənidən çox ermənilik edən, “Qüdsə gedən yol Bakıdan keçir” adı altında ölkəmizə qarşı təhdid xarakterli videoçarxlarla diqqət çəkən mollakratiya 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə əsl simasını bir daha ortaya qoydu. Molla rejimi səfirliyimizdə törədilmiş terror aktı ilə bağlı indiyədək hər hansı vacib tədbir görməyib. Tehran hökuməti hələ də terrorçuya layiq olduğu cəzanı verməyib. Mollakratiya cinayətkarı himayə edir və məsələ ilə bağlı əsassız uydurmalar irəli sürür.

 Əbalı, əmmaməli iblislərin Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlar, hədə tipli bəyanatlar, Tehrandakı səfirliyimizə xain terror hücumu, SEPAH-a bağlı sosial media strukturlarında respublikamızı hədələyici xarakterli videomateriallar bir daha göstərir ki, mollakratiya ölkəmizə qarşı məkrli və ləyaqətsiz əməllərindən əl çəkmək fikrində deyil.

Şovinist fars hakimiyyətinin ölkəmizə qarşı təxribatçı əməlləri yalnız bununla bitmir. Son zamanlar Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən respublikamızda İranın casus şəbəkələrinin ifşası bir daha sübut edir ki, molla rejimi öz agentləri vasitəsilə ölkəmizdə qarşıdurma, iğtişaşalar və terror aktları törətmək üçün ən çirkin vasitələrə əl atır. 

Cənubi Azərbaycandakı soydaşlarımız İranda 22 yaşlı Məhsa Əmininin “baş örtüyünü düzgün taxmadığına” görə əxlaq polisi tərəfindən saxlanılması və onun polis bölməsində şübhəli şəkildə ölməsindən sonra rejimə qarşı başlayan xalq hərakatının ön sıralarında dayanıblar. Ümummilli xarakter daşıyan bu möhtəşəm xalq hərəkatında xüsusi fəallığı ilə seçilən, rejimə qarşı “Azadlıq, ədalət, milli hökumət!” şüarı ilə mübarizə aparan soydaşlarımız davamlı olaraq SEPAH-ın və Bəsic-in amansız işgəncə və zülmlərinə məruz qalıblar.

Azərbaycana qarşı kin, nifrət qusan, bir qədər əvvəl “Qüdsə gedən yol Bakıdan keçir” deyən SEPAH İrandakı 30 milyondan artıq soydaşlarımızla qəddarcasına davranır, əmmaməli iblislər azərbaycanlıların ana dilində təhsil alması və cəmiyyətdə layiqli mövqe tutmasını əngəlləyərək mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin məhv edilməsi üçün ən çirkin üsullardan istifadə edirlər. Bu günlərdə İran təhlükəsizlik qüvvələrinin soydaşlarımızın xalq qəhrəmanı Babəkin doğum günündə Bəzz qalasına yürüşünün qarşısını almaq məqsədilə qalaya gedən yolları bağlaması bunun əyani sübutlarından biridir. Cənubi azərbaycanlı tədqiqatçı, yazar Məhəmməd Rəhmanifər məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: “Hər il iyunun sonu, iyul ayının ikinci cüməsi və cüməaxşamında bura axın olurdu. Bəzən bir milyondan çox insan ora toplanırdı. Müxtəlif ədəbi-bədii tədbirlər və yığıncaqlar gerçəkləşdirlirdi. Bir növ, Azərbaycan mədəniyyətini təbliğ edən, tanıdan bir festivala çevrilmişdi. Orada şeir, ədəbiyyat, saz, musiqi məclisləri təşkil olunurdu, bəzən siyasi müzakirələr, diskussiyalar aparılırdı. Hətta bu gün milli mücadilə bayrağı deyilən bayraq ilk dəfə Babək qalasında açıldı. Bunları nəzərə aldıqda, o toplantıların, yığıncaqların Azərbaycan millətinə böyük təsiri var idi”.

M.Rəhamnifər, həmçinin vurğulayıb ki, zaman-zaman bu yürüşlərin keçirilməsinə əngəllər yaradan İran rejimi Azərbaycan xalqının oyanışından ehtiyat edir. Belə yerdə bir el misalı yada düşür: “İtdən soruşurlar niyə hürürsən? Deyir, qorxuduram! Deyirlər bəs quyruğun niyə əsir? Deyir, axı özüm də qorxuram!.. 

Zahid Rza, “İki sahil”