Kütləvi məzarlıqlar erməni vəhşiliyinin hüdudsuzluğunun sübutudur
Əsrlərdir Azərbaycana qarşı qatı düşmənçilik və işğalçılıq siyasəti yürüdən ermənilərin insanlığa sığmayan vəhşilikləri Birinci Qarabağ müharibəsi dövründə daha dəhşətli miqyas almışdı. Heç bir beynəlxalq qanuna məhəl qoymayan erməni quldurları tərəfindən “Hərbi əsirlərlə rəftar haqqında” və “Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair” konvensiyaların müvafiq müddəalarının kobud şəkildə pozulması nəticəsində həmin müharibə zamanı itkin düşmüş 3890 nəfərin taleyindən bu günə qədər də xəbər yoxdur. Azərbaycan tərəfinin məsələ ilə bağlı Ermənistana dəfələrlə etdiyi müraciətlər nəticəsiz qalıb. Ancaq itkin kimi siyahıya alınan həmin insanların yaxınları, ailə üzvləri hələ də onlar haqqında hər hansı bir məlumat ala biləcəklərinə, onların bəlkə də sağ olduğuna ümidlərini itirməyiblər.

Qeyd edək ki, itkin düşənlərdən 71-i yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326-sı isə yaşlı insanlar olmaqla 719 nəfəri mülki şəxsdir. Düşmən ölkə məqsədli şəkildə onların sonrakı taleyi barədə bu vaxta kimi heç bir məlumat vermir. 44 günlük Vətən müharibəsindən sonra səbəb daha çox aydındır. Belə ki, işğaldan azad edilmiş ərazilərimiz minalardan və partlamamış döyüş sursatlarından təmizləndikcə, tikinti-quruculuq işləri aparıldıqca aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın bu istiqamətdə humanitar əməkdaşlıqdan niyə yayındığını göstərir. Erməni vəhşiliyinin sübutu olan belə məzarlıqların sayı isə bölgədə kifayət qədərdir və bu günə qədər artıq 8-i aşkarlanıb. Aşkarlanan kütləvi məzarlıqlarda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilərin, mülki şəxslərin xüsusi amansızlıqla qətlə yetirilərək qazılmış quyularda kütləvi şəkildə basdırıldıqları müəyyən edilib. Bütün bunlar ermənilərin bu qatı cinayətləri məqsədli şəkildə həyata keçirdiklərinin, əsir və girov düşmüş azərbaycanlıların ağlasığmaz işgəncələrə məruz qaldığının sübutudur.
Əslində vəhşi erməni xislətini, erməni faşizminin mahiyyətini anlamaq üçün təkcə Xocalı soyqırımını göz önünə gətirmək kifayət edir. Ancaq işğaldan azad edilmiş torpaqlarımızda aşkarlanan kütləvi məzarlıqların mövcudluğu göstərir ki, onların müharibə cinayətləri bəşəriyyət üçün utanc məqamı olan Xocalı soyqırımı ilə bitməyib, bu qaniçənlərin dinc insanlara qarşı dəhşətli vəhşilikləri saysız-hesabsızdır. Kütləvi məzarlıqlarda aşkar edilən insan qalıqları ilə bağlı aparılan müvafiq araşdırmalar onların xüsusi işgəncələrlə qətlə yetirildiyini sübut edir.
Məlum olduğu kimi, ermənilər Birinci Qarabağ müharibəsi zamanı Ağdabanda, Ballıqayada və digər ərazilərimizdə dəhşətli qırğınlar törədib, dinc sakinləri işgəncələrlə qətlə yetirib, diri-diri yandırıblar. İndi ard-arda aşkarlanan kütləvi məzarlıqlar həmin cinayətləri üzə çıxarır. Sonuncu dəfə Ağdam rayonunun Sarıcalı kəndi ərazində, Ağdam-Hindarx yolunun kənarında aşkarlanan və dörd nəfərin qalıqlarının olduğu məzarlığın yaxınlığında hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib. Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar.
Bundan öncə Şuşa şəhərində Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilmişdi. Daha əvvəllər isə belə məzarlıqlar Şuşa rayonun Daşaltı, Xocavəndin Edilli, Xocalının Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, həmçinin Kəlbəcərdə, Ağdamda aşkarlanmış, bu məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyitinin qalıqları tapılmışdı. Edillidəki məzarlıqda 12 nəfərin qalıqları aşkarlanan zaman isə erməni vəhşiliyini nümayiş etdirən daha bir fakt müəyyən edilib. Azərbaycanlı hərbçilər olduqları ehtimal edilən həmin şəxslərin öldürülməmişdən əvvəl əlləri və ayaqları məftillə bağlanıb!
...İrəvandakı 44 günlük İkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş erməni əsgərlərinin basdırıldıqları Yerablur panteonunda oğlu oldurulmuş bir qadın qəbiristanlığı göstərib Ermənistan hakimiyyətinə və bütün ermənilərə xitabən soruşurdu: “Siz türkləri (azərbaycanlıları-red.) öldürüb quyularda basdıranda bilmirdinizmi ki axırda belə olacaq?”
Bu da hələ son deyil. Heç bir cinayət cəzasız qalmadığı kimi, ermənilər törətdikləri bütün müharibə cinayətlərinə görə cavab verəcəklər. Bu gün kütləvi məzarlıqlarda aşkarlanan, həmçinin hələ haqqında heç bir məlumat olmayan minlərlə itkinlərimizin qisası qəhrəman oğullarımız tərəfindən döyüş meydanlarında alındığı kimi, ədalət məhkəmələrində də alınacaq. Dünya birliyi özünü nə qədər korluğa, karlığa, lallığa vurmağa çalışsa da!
Mahir Rəsuloğlu, “İki sahil”