05 iyul 2023 01:31
561

Dini siyasi alətə çevirənlər

Erməni kilsəsi dünyada, xüsusən də xristian kilsələri arasında yeganə dini məbəddir ki, öz fəaliyyətində terror və digər qeyri-insani ənənələri əsas götürür

Erməni dövlətinin mövcud olmadığı dövrdə kilsə erməni icmalarının yalnız dini deyil, həm də siyasi himayəçisi vəzifəsini yerinə yetirirdi. Erməni kilsəsi tarixi şəraitin dəyişməsindən asılı olaraq öz mövqeyini möhkəmləndirmək üçün böyük hiyləgərliklə daim hansısa xarici qüvvəyə sığınırdı. Belə ki, xilafət dövründə bu kilsə ərəb xəlifələri ilə sövdələşmə aparıb Bizansa qarşı çıxdı və yaranmış vəziyyətdən istifadə edib Qafqaz Albaniyasının dağlıq ərazilərində yaşayan alban-xristian əhali arasında qriqorianlığı yaymağa başladı. Xilafət dövründə erməni kilsəsinin dini təsir dairəsi Cənubi Qafqaza doğru genişləndikdən sonra tarixin sonrakı mərhələlərində bu bölgə ermənilərin törətdikləri dini-etnik toqquşmalar və soyqırımları məkanına çevrildi. Erməni kilsəsinin satqınlığı Çar Rusiyası Cənubi Qafqazda işğalçılıq müharibələrinə başlayan zaman bir daha özünü göstərmişdi. Kilsənin təşkilatçılığı ilə ermənilər silahlı dəstələr yaradıb Rusiya qoşunlarının tərkibində Azərbaycana və Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlara qoşuldu. Çar Rusiyası ermənilərə dəstək verərək onları Osmanlı dövlətinin və İranın ərazisindən kütləvi şəkildə Şimali Azərbaycana, xüsusilə İrəvan, Qarabağ, Şirvan, Bakı, Gəncə və Naxçıvan xanlıqlarının ərazilərinə köçürdü. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etdikdən sonra erməni katolikosları yaranmış vəziyyətdən yararlanmağa çalışıb Çar Rusiyasına bölgədə sədaqətlə xidmət edəcəklərinə söz verdilər. Həmin dövrdə erməni kilsəsinin əsas məqsədi Alban apostol kilsəsinin irsini ələ keçirmək idi ki, buna da hiyləgərcəsinə nail oldu. Erməni kilsəsinin saxtakarlığının nəticəsidir ki, Alban kilsələrində demək olar ki, alban dilində yazı nümunəsi qalmamışdır.

Erməni terror təşkilatlarının meydana gəlməsində və formalaşmasında erməni kilsəsi birbaşa iştirak etmişdir. XIX əsrdə Çar Rusiyası, Fransa və İngiltərə regionun gələcəyi ilə bağlı geostrateji planlarının həyata keçirilməsi üçün erməni kilsəsindən vasitə kimi istifadə edirdi. “Böyük Ermənistan” xülyası ilə zəhərlənmiş erməni millətçiləri XIX əsrin sonlarında erməni qriqorian kilsəsinin xeyir-duası ilə daha mütəşəkkil fəaliyyətə başladılar. 1885-ci ildə yaradılmış “Armenakan”, 1886-cı ildə formalaşdırılmış “Qnçak” (“Zəng”) təşkilatı, həmçinin Daşnaksütyun partiyası “böyük Ermənistan” mifinin reallaşmasına nail olmağı əsas məqsədi elan edərək Azərbaycana və Türkiyəyə qarşı çoxsaylı terror hadisələri törətməyə başladı.

Erməni kilsəsi həmişə bir-biri ilə düşmən olan ölkələr arasında manevrlər edərək öz məqsədinə çatmağa çalışmışdır. Bu kilsə müxtəlif tarixi dövrlərdə Çar Rusiyası, Böyük Britaniya və Fransadan dəstək almışdır. Həm SSRİ, həm də Hitler Almaniyası ilə eyni vaxtda əməkdaşlıq etmişdir. II Dünya müharibəsində erməni kilsəsinin tövsiyəsi ilə erməni terror təşkilatları Almaniyada faşist rejimi ilə sıx əməkdaşlıq etmişlər.

Erməni katolikosları Çar Rusiyası dövründə olduğu kimi, SSRİ dövründə də Azərbaycana qarşı əsassız ərazi iddialarından əl çəkməmişdir. O dövrdə erməni katolikosu II Vazgen Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan MSSR və Gürcüstanın Axalkalaki bölgəsində yaşayan ermənilərin problemlərlə üzləşdiyini bildirmiş və bu ərazilərin Sovet Ermənistanına verilməsini təklif etmişdir. II Vazgen demişdir ki, erməni diasporu hər il 30-40 min erməninin xaricdən Ermənistana köçürülməsi üçün sovet hökumətindən repatriasiya proqramı hazırlamağı xahiş edir. Göründüyü kimi, sağalmaz millətçilik və dini şovinizm xəstəliyinə yoluxmuş ermənilər həmişə regionda qonşu xalqlara qarşı əsassız ərazi iddiaları irəli sürməklə münaqişələr yaratmağa çalışmışlar. Erməni-xristian dini ekstremizmindən ən çox əziyyət çəkən Azərbaycan xalqı olmuşdur. Qarabağda xaçla işarələnən erməni tankları, keşişin xeyir-dua verdiyi erməni silahlılarının rəsmləri internet saytlarında hələ də var. Təəssüflə qeyd etmək lazımdır ki, kilsə ötən illərdə - nə də atəşkəs dönəmində, nə müharibə zamanı sülhsevər missiya ilə çıxış etməyib. Erməni cəmiyyətində böyük nüfuzu olan katalikosun, Eçmiədzin kilsəsinin hansısa sülh çağırışının yaxud humanizmə dəvət bəyanlarına rast gəlinmir.

Terrorizmə dəstək vermək, bütün hayları qondarma “erməni soyqırımı”na görə qisasa çağırmaq, erməni terror qruplaşmalarına yerinə yetirmələri üçün cinayət planları hazırlamaq, onlara maddi yardım göstərmək, tarixi hadisələri saxtalaşdırmaq, bu xalqın “qədimliyi” və “əzabkeşliyi” haqqında müxtəlif miflər yaratmaq bu gün də erməni kilsəsinin fəaliyyətində xüsusi yeri tutur. Erməni qriqorian kilsəsinin rəhbəri II Qareginin yürütdüyü terror və revanşizm siyasəti azmış kimi, Kilikiya Evinin (Livan, Suriya və Kiprin yunan hissəsindəki ermənilər) baş keşişi I Aram da ondan geri qalmaq istəmir. Uzun illərdir I Aram Qarabağdakı separatçıların “hüquqlarını müdafiə etməklə”, onlara “araçılıq yapmaqla” məşğul olur. Aram gecə-gündüz antitürk siyasətini, separatçılığı təbliğ edir. Erməni mediasının yaydığı məlumata görə, “Böyük Kilikiya Evinin” katolikosu I Aram ilə separatçıbaşı Araik Arutyunyan arasında bu günlərdə telefon danışığı olub. I Aram Qarabağda yaşayan ermənilərə tam dəstəyini bildirib, Araik vasitəsilə onlara təsəlli verib. Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu “unudan” I Aram deyib ki, Yunanıstan və Kanadanın baş nazirləri, Kipr prezidenti ilə “Artsax məsələsi ilə bağlı son məsləhətləşmələr aparılıb”. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına doğru addımlar atılmaqda və Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiya etmək ərəfəsində olduğu bir vaxtda I Aramın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi, Yunanıstanın, Kanadanın və Kiprin də adından təxribat dolu xəbərlər yayması hiddət doğurmaya bilməz. Məlumdur ki, ermənilər üzərində xaricdəki erməni diasporunun, xüsusən də onlar üçün dövlətdən də artıq təsirə malik olan katolikosluğun hökmü çox böyükdür. Onların separatizmə, terrorizmə, pozuculuğa dair nə qədər fəaliyyətləri varsa bunların arxasında həmişə erməni katolikosluqları dayanıb, revanşizmə, separatizmə kilsə rəhbərlik edib. Qarabağdakı erməniləri ədavətə, kinə, separatizmə, revanşizmə çağırmaq cəhdləri ermənilərin özlərinə ziyan vurur. Əgər I Aram istəyirsə ki, ermənilər Azərbaycanın suveren ərazisində rahat yaşasınlar, onda separatizmi körükləməli deyil, onlara humanist, tolerant, multikultural Azərbaycan dövləti ərazisində bütün insanlıq qaydalarına uyğun yaşamağı tövsiyə etməlidir. I Aram din xadimidirsə, öz missiyasını dərk edib erməniləri dinc yaşayışa, sülhə çağırmalıdır, onları bu ruhda tərbiyələndirməlidir. Hazırda Kilikiya katolikosu xristian təəssübkeşliyindən istifadə edib ermənilərə yeni “müdafiəçilər” axtarır, amma bu axtarışlar da nəticəsiz qalacaq.

Sevinc Azadi, “İki sahil”