03 iyul 2023 22:49
552

Səbrimiz tükənib, “Qisas”ımız çox ağır olacaq!

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh müqaviləsinin mətninin razılaşdırılması məqsədilə iki ölkənin xarici işlər nazirlərinin ötən həftə ABŞ-də baş tutan növbəti görüşü Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin yenidən fəallaşaraq ardıcıl şəkildə təxribat cəhdləri ilə müşayiət edildi. Vaşinqtondan əvvəl müxtəlif formatlarda keçirilən Brüssel, Moskva, Kişineu görüşləri zamanı da eyni vəziyyətin müşahidə olunması göstərir ki, sülh danışıqları intensivləşən kimi rəsmi İrəvan bütün mümkün variantlarla

həm Azərbaycanın Ermənistanla şərti sərhədində, həm də Qarabağın Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazilərində vəziyyəti gərginləşdirməyə çalışır. Rusiya sülhməramlıları isə nəinki bu günədək 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etməyiblər, əksinə dəfələrlə Qarabağdakı separatçıların silah-sursat daşıyan hərbi kolonlarının hərəkətinə şərait yaradır, onların uzunmüddətli fortifikasiya qurğuları quraşdırmalarına bilavasitə yardım ediblər. Bu baxımdan baş verən hadisələrdə dolayısı ilə Rusiya sülməramlı kontingenti komandanlığının da məsuliyyəti və günahı az deyil...

Əslində, iyunun 27-də Ermənistan ordusunun Qarabağdakı silahlı bölmələri tərəfindən Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində hərbi qulluqçumuzun yaralanmasından sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilən “Qisas” əməliyyatı düşmən və bölgədə vəziyyətin gərginləşməsində maraqlı olan bütün tərəflər üçün ciddi xəbərdarlıq idi. Düşmənin beş əsgərinin və hərbi mövqelərinin qısa müddətdə məhv edildiyi əməliyyatın adı da çox şeyi ifadə edir. Hər kəs anlamalıdır ki, daha nə Azərbaycan öz ərazisində separatçılığın davam etməsinə, həmçinin otuz illik erməni işğalından azad edilmiş və tamamilə yenidən qurulan yaşayış məntəqələrinə qayıdan vətəndaşlarının həyatı üçün hər hansı təhlükənin mövcudluğuna, nə də rəşadətli ordumuz düşmən təxribatlarına dözüm nümayiş etdirməyəcək. 44 günlük İkinci Qarabağ müharibəsindən ötən müddətdə yeni silahlı toqquşmalarla nəyəsə nail olmaq həvəsinə düşmüş revanşist ermənilərin müharibə isterikalarının cavabı daha əvvəl Fərrux, Sarıbaba, “Qisas”, “Qətiyyətli cavab” və digər uğurlu əməliyyatlar vasitəsilə layiqincə verilib.

“Qisas” əməliyyatından sonra da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən təxribat cəhdlərinin davam etdirlməsi sülh danışıqları prosesini ləngitməklə yanaşı, yeni silahlı toqquşmalar riskini də artırmaqdadır. Son hadisələr, həmçinin iyulun 3-də ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan bir neçə dəfə atəşə tutulması Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri həyata keçirməsi zərurətini aktuallaşdırır. Düşmən son təxribat zamanı atəşkəsi pozmaqla kifayətlənməyib, eyni zamanda, ordumuzun həmin istiqamətdə yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa da cəhd göstərib. Təbii ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Ancaq yenə sual ortaya çıxır ki, erməni separatçıları mövqelərimizi atəşə tutanda, hansısa hərbi qurğular quraşdırmağa cəhd göstərəndə əsas missiyası düşmənin bu kimi əməllərinin qarşısını almalı olan Rusiya sülhməramlıları və onların komandanlığı nə işlə məşğul idi?

Bəlkə Qarabağda missiyalarının müvəqqəti olduğunu, iki il yarımdan da az müddət sonra, hətta belə davam edərsə daha tez başa çatacağını bildikləri üçün başları ermənilərlə digər sövdələşmələrə qarışıb?

Öz ərazisində məğlub etdiyi işğalçı Ermənistanın ordusunun tör-töküntülərinin və Qarabağda separatçıların hər hansı adla mövcudluğunu heç bir halda qəbul etməməsi, lazımi diplomatik və hərbi addımlar atması Azərbaycanın suveren hüququdur. Bu, eyni zamanda, beynəlxalq hüququn norma və tələblərinə də uyğundur. Odur ki, heç kim heç bir haqla Azərbaycanın öz hüquqlarından istifadə etməsinə qarşı çıxa, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sarsılmaz qətiyyətinə təsir edə bilməz.

Atəşkəsi pozaraq mövqelərimizi atəşə tutan, təxribatları artıran, vəziyyəti gərginləşdirən düşmən bütün bu əməllərin cavabsız qalmayacağını, öz sonunu gətirəcəyini nəhayət ki dərk etməli, müqəddəs torpaqlarımızdan rədd olub getməlidir. Əks halda, onları biz göndərəcəyik, ermənilərin qorxulu yuxularına çevrilmiş xüsusi təyinatlı qüvvələrimiz, komandolarımız göndərəcək. Səbrimiz tükənib, qisas zərurətə çevrilir. Ona görə də qəzəbimizi artırmasınlar ki, qəzəbimiz artmasın. Qəzəbimiz artsa “Qisas”ımız çox ağır olacaq!

Mahir Rəsuloğlu, “İki sahil”