Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların növbəti raundu keçirilən zaman Hayastan növbəti təxribatlara əl atdı. Yəni, Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən ordumuzun mövqelərini atəşə tutdular.
Xankəndidəki separatçılar da yenə sülh əleyhinə öz iddialarını səsləndirdilər. Belə ki, qondarma rejimin qondarma “prezidenti” Araik Arutyunyan əvvəlki kimi “öz müqəddəratını təyinetmə hüququnu reallaşdırmaq imkanı” haqqında köhnə “bayatısını” yenidən dilə gətirdi. Üstəlik, bütün qüvvələri bu məqsədə xidmət etməyə səsləməklə yanaşı, sözügedən məsələdə etimadsızlıq mühiti yaradanların cəzalandırılacağını söylədi. O, hətta ABŞ-ın da dəstəklədiyi reinteqrasiyanı əsas gətirərək Ermənistanın XİN başçısı Ararat Mirzoyana belə bir “ultimatum” göndərməyi də unutmadı: "Azərbaycanla sülh danışıqlarını dərhal dayandırın". Bununla da Qarabağ ermənilərinin gələcək taleyinin onu əsla düşündürmədiyini, reinteqrasiyanın tərəfdarı olmadığını nümayiş etdirdi. Əsl həqiqət budur ki, sadə Qarabağ erməniləri regionda sülhün bərqərar olmasını istəyirlər.
Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə sülh danışıqlarında maraqlı olduğunu vurğulamış, şərti dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesinə başlamağın mümkünlüyünü dilə gətirmiş, Qarabağı Azərbaycan ərazisi saydığını və qarabağlı ermənlərin təhlükəsizliklərinin təminatı məsələlərinin məhz Bakı vasitəsilə təmin oluna biləcəyini istisna etməmişdi. Bütün bunları analiz edəndə bir daha aydın olur ki, sən demə, onun söylədikləri sadəcə görüntü yaratmaqdan başqa bir şey deyilmiş. Yəni, Fransa, İran kimi havadarlarına, həmçinin öz öhdəliklərini yerinə yetirməyən, nəzarətləri altında olduğu ərazilərdəki erməni separatçılarının mövqelərinə silah-sursat və yanacaq daşıyan rusiyalı sülhməramlılara arxalanan rəsmi İrəvan sülh danışıqlarına əvvəlki kimi biganə yanaşır, bölgəmizdə sülhün əldə olunmasına maneələr törədir. Təcavüzkar Hayastanın məqsədi sülh danışıqlarını ləngitmək, yaxud təxirə salmaq, bu müddətdə isə sürətlə silahlanmaqdır. Bu niyyətlə rəsmi İrəvan arayiklərdən alət kimi istifadə etməkdədir. Erməni xislətinə az-çox bələd olan hər kəs məhz belə düşünür. Amma bəzi mənbələr Paşinyanla Arutyunyan arasında münasibətlərin kəskinləşdiyini yazırlar. Halbuki erməni saytları Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla Araik Arutyunyan arasında intensiv gündəlik təmasların olduğunu qeyd edir. Araik də çıxışlarında bunu bir daha təsdiqləyib.
Reinteqrasiyaya mane olan, təxribatları genişləndirən separatçılar özləri də yaxşı bilirlər ki, Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək, çünki bu, ölkəmizin daxili işidir. Buna rəğmən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sözügedən görüşdə bu məsələdən, yəni beynəlxalq mexanizmin yaradılmasından bir daha söz açıb. Şübhəsiz, bu, xülyadır. Separatçılar xülyadan nə qədər tez ayılıb reallıqla barışsalar, o qədər onlar üçün yaxşı olar. Çünki “dəmir yumruğ”un yenidən revanşistlərin və separatçıların başlarına endirilməsi zaman məsələsidir. Amma düşmənin bu kimi təxribatlarına, yəni mövqelərimizi tez-tez atəşə tutmalarına, araiklərin, mirzoyanların sayıqlamalarına baxmayaraq, separatçılara təslim olacaqları təqdirdə amnistiya təklifi irəli sürmüş rəsmi Bakı hələ də nikbin görünməkdədir. Çünki o, haqqın, ədalətin gec-tez qalib gələcəyinə tam əmindir. Amma tələskənliyə yol vermək niyyətində deyil. Bu məqamda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olarkən söylədiyi bu sözləri xatırlatmaq istərdik: “Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik”.
Qvami Məhəbbətoğlu, “İki sahil”