03 iyul 2023 23:11
497

Makron ölkənin ipini əldən buraxıb

Fransa nə qədər demokratiyanın təntənəsindən və insan haqlarından  dəm vursa da fransız polisinin son əməli bu dövlətin iç üzünü yenidən ortaya qoydu

Son zamanlar Fransada baş verənlər, ölkədə artan xaos, proseslərin nəzarətdən çıxması, aksiya iştirakçılarına, media nümayəndələrinə qarşı amansız davranış və şiddət Makronun artıq diktatorlara xas olan xüsusiyyətlərini açıq şəkildə nümayiş etdirdi.  Bugünkü vəziyyət bir daha Fransada dövlətin öz səlahiyyətlərini yerinə yetirmədiyini, idarəetmənin çökdüyünü tam çılpaqlığı ilə ortaya qoymaqdadır. Fransanın 18 şəhərini bürüyən etirazlar siyasi elitanın vətəndaşların taleyinə etinasız yanaşmasının bariz nümunəsidir. Bu, eyni zamanda, Fransada irqçiliyin, xüsusilə də müsəlmanlara qarşı nifrətin pik nöqtəyə çatdığını göstərir.

Əlcəzair əsilli  17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsindən sonra ölkəni bürüyən zorakılıq aktları və bunun qarşısının alınması istiqamətində lazımi tədbirlərin görülməməsi Fransadakı dövlət böhranından xəbər verir. Polisin təhrif etdiyi hadisənin əsl üzü açıldıqdan sonra qəzəbli vətəndaşları sakitləşdirmək hələ ki mümkün deyil. Hadisənin ilk iki günündə Prezident Emmanuel Makron hökumət üzvləri ilə iki dəfə böhran iclası keçirsə də onların heç bir nəticəsi olmayıb. Çünki son illərdə ölkə rəhbərliyi vətəndaşların etirazlarına lazımi cavab verməyib, zorakılıqlara əl ataraq sadə xalqın “səsini boğmaqla” onu sakitləşdirməyə çalışıb.

Bir sözlə, etirazların bu həddə çatmasında məhz indiki hökumət özü günahkardır. Daxili idarəetmədə səriştəsizlik xarici siyasətdə onun-bunun işlərinə müdaxilə cəhdləri ilə ört-basdır edilib. Ancaq səriştəsiz idarəetmə ölkəni sanki qaynayan qazana çevirib. İnsanların qəzəbi o həddə çatıb ki, hətta komendant saatı tətbiq edilməsinə baxmayaraq, xüsusilə də gənclər küçələrə axışaraq, onlara qarşı olan ayrı-seçkiliyə və laqeydliyə son qoymağa çağırışlar edirlər. Gənclər illərdir səslərinin eşidilməməsinə etirazlarını bildirirlər. Gənc Nahelin ölümü isə dolmuş “qəzəb qazanı”nın daşması üçün qığılcım oldu. Əslində, bu gün ölkəni bürüyən etirazlar son illər yığılıb qalmış problemlərin nəticəsidir. Fransada baş verən hadisələr sadə vətəndaşların hakimiyyətin yersiz islahatlarından bezdiklərini göstərir. İnsanların irqi  və dini mənsubiyyətinə görə qətlə yetirilməsi isə Fransanın tarixindən qaynaqlanır. Çünki bu ölkə qanlı müstəmləkə tarixinə malikdir. Ona görə də bu gün Fransada baş verən hadisələr yalnız polisin təsadüfən etdiyi hərəkət deyil, məqsədyönlü şəkildə planlaşdırılmış terror aktıdır. Bu, bir daha Fransada demokratiya dəyərlərinin tapdalandığını nümayiş etdirir.

Məhz bu kimi faktlara beynəlxalq aləmin susqunluqla yanaşması, illərdir etiraz səsini ucaltmaması sonda belə bir qətl hadisəsinin reallaşmasına yol açdı. Fransa polisi Makron hakimiyyətinin yaratdığı cəzasızlıq mühitindən istifadə edərək artıq insanların həyatına qəsd edir. Bu, yolverilməzdir. Fransanın təkidi ilə Azərbaycana qarşı əsassız sənədlər qəbul edən AŞPA niyə Parisdə baş verən insan hüquqularının tapdanması faktına susur? Bir gəncin polis tərəfindən qətlə yetirilməsi faktı niyə gözardı edilir? Və ya Avropa Parlamenti niyə  susur?  Cavab aydındır: Təbii ki, ikili standartlar, selektiv yanaşma…

Dünyada Fransa qədər yeri gəldi-gəlmədi insan haqlarından, demokratiyadan dəm vuran ikinci bir dövlət tapmaq mümkün deyil. Fransa hər zaman özünü dünyada insan haqlarının bir nömrəli müdafiəçisi kimi təqdim etmək, beynəlxalq ictimaiyyətə məhz bu obrazı sırımaq istəyir. Reallıq isə bunun tamamilə əksidir. Fransanın tarixi elə cinayətlərlə zəngindir. 1830-cu ildən 1960-cı ilə qədər əlcəzairlilərin başına gətirdikləri müsibətlər, sözün həqiqi mənasında soyqırımı siyasəti hər kəsə bəlli həqiqətdir. 1.5 milyondan çox əlcəzairlini soyqırımı nəticəsində məhv etmiş Fransa dövləti bu gün də eyni siyasəti müxtəlif formalarda davam etdirməkdədir. İrqçilik əslində Fransanın dövlət siyasətinin mühüm elementinə çevrilib. Elə bu günlərdə 17 yaşlı əlcəzairli gəncin polis tərəfindən vəhşicəsinə qətlə yetirilməsi dediklərimizi təsdiqləyir. O sadəcə Fransa vətəndaşı olaraq güllələnməyib. Məhz əlcəzairli olduğuna görə bu hadisə irqi zəmində baş verib. İrqi nifrət zəminində törədilmiş bu qanlı cinayət Fransada bir sıra milli azlıqların, o cümlədən Əlcəzair icması nümayəndələrinin, bərabər, ədalətli və ləyaqətli münasibət tələb edən, səslərinin eşidilməsini istəyən insanların dialoq əvəzinə qeyri-mütənasib güc nümayişi ilə üzləşməsi gərginliyi daha da artırır.

Fransada 17 yaşlı Naelin polis tərəfindən öldürülməsi nəticəsində yaranan etirazlar fonunda Prezident Emanuel Makronun və onun həyat yoldaşı Bricit Makronun Elton Conun Parisin məşhur “l’Accor Arena” salonunda keçirilən konsertində iştirak etmələri, əylənmələri mediada böyük əks-səda doğurub və hiddətə səbəb olub. Makronun belə bir məqamda əyləncəyə vaxt tapması bir daha göstərir ki, onu sadə fransızların qayğıları yox, maliyyələri ilə hakimiyyətə gəldiyi marginal qrupların, o cümlədən erməni lobbisinin tələbləri maraqlandırır. Əlcəzair əsilli yeniyetmənin qətlinin səbəbləri hələ də tam araşdırılmayıb. Bütün Fransa ayağa qalxaraq Nael üçün ədalət tələb edir, amma Makronlar konsertdə rəqs edirlər. Belə yerdə yaxşı deyiblər, utanmasan oynamağa  nə var ki?!

Bu, xalqın Makron hakimiyyətinə etimadının tam itməsinin əyani təzahürüdür. Bütün bunlar onu göstərir ki, Prezident Emmanuel Makron, belə demək mümkündürsə, ölkənin ipini əldən buraxıb. Çünki Makronun hakimiyyətə gəlişindən bəri Fransada bir neçə genişmiqyaslı etiraz aksiyaları (Sarı jiletlilər, pensiya islahatları və sair) baş verib ki, bunlar da ölkə həyatının müxtəlif sahələrinə aid olub. Bu, bir daha sübut edir ki, Makron öz maraqlarını hər şeydən üstün tutur.

Başqa bir reallıq da odur ki, haqqdan-ədalətdən, demokratiyadan, insan hüquqlarından gecə-gündüz ağız dolusu danışan Fransada söz, mətbuat azadlığı hər addımda kobudcasına pozulur. Çox uzağa getməyək, bu günlərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları Fransada məhz belə bir qəddarlıqla, söz, mətbuat azadlığına qarşı vəhşi bir davranışla üz-üzə qaldılar. Baş verən hadisələri işıqlandıran jurnalistlərimizə yüngül xəsarət yetirildi, onların kameraları sındırıldı və kameraları geri almaq istəyərkən ölümlə təhdid olundular. Bu da Afrikanın hər hansı bir geridəqalmış ölkəsində deyil, özünü demokratiyanın beşiyi  elan etmiş Fransa baş verir. Bütün bu dediklərimiz o qənaətə gəlməyə əsas verir ki, Fransadan bu gün heç bir regionda, heç bir beynəlxalq hadisəyə, heç bir beynəlxalq təhlükəsizlik məsələsinə münasibətdə ədalətli mövqe gözləməyin mənası yoxdur. Həm də belə bir mövqeyi ifadə etməyə Fransanın mənəvi haqqı da çatmır. Tarixi soyqırımlarla zəngin olan, bu gün də separatizmi dəstəkləyən və irqçilik siyasətini özünün dövlət siyasətinin əsas istiqamətinə çevirən Fransa dövlətinin mənəvi haqqı yoxdur ki sülhdən, təhlükəsizlikdən, əmin-amanlıqdan, birgəyaşayışdan və tolerantlıqdan bəhs etsin.

Vurğulamaq zəruridir ki, bənzər yanaşma təkcə ölkəmizin KİV-lərinə qarşı, yaxud Azərbaycan həqiqətlərini işıqlandıran Fransa media nümayəndələrinə qarşı sərgilənmir. Bu ölkədə media təmsilçilərinə qarşı törədilmiş və araşdırılaraq hüquqi qiymət almamış insidentlərə dair çoxsaylı faktlar mövcuddur. 2019-cu ildə Fransada “sarı jiletlilər” hərəkatı keçirilərkən 100-dən çox jurnalist cərimələndi, təhdid aldı və ya həbsə salındı. Beynəlxalq təşkilatların ciddi etirazına baxmayaraq, jurnalistlərə qarşı basqılar davam etdirildi.

Təəssüf doğuran hal odur ki, Fransada yerləşən beynəlxalq statuslu jurnalist təşkilatları da sadalanan faktlara laqeyd yanaşırlar. Onlar siyasi konyukturadan çıxış edərək, Fransanın imicinə xələl gətirən faktları ictimailəşdirməkdən yayınırlar. Bu sırada “Sərhədsiz reportyorlar” təşkilatının fəaliyyəti pis örnək yaradır. Azərbaycanda və dünyanın müxtəlif ölkələrində baş verən ən xırda insidentlər ətrafında hay-küylü kampaniya  aparan “Sərhədsiz reportyorlar” Fransanın özündə baş verən, media azadlığını məhdudlaşdıran insidentlərə laqeyd yanaşır, bu irqçi ölkədən yalançı demokratik imicini möhkəmləndirməyə çalışanlar sırasında yer tutur. Bu hadisə bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən qəti şəkildə qınanmalı və məsələyə adekvat qiymət verilməlidir. Hər bir Azərbaycan vətəndaşı, qeyri-hökumət təşkilatları, media qurumları bu məsələdə ortaya mövqe sərgiləməli, hadisəni pisləməli, Fransa hökumətindən günahkarların tapılaraq məsuliyyətə cəlb olunmasını və dəymiş ziyanın aradan qaldırılmasını tələb etməlidirlər. Bu əməli törədənlər cəzalandırılmalı və Fransa dövləti baş verənlərə görə Azərbaycan jurnalistlərindən üzr istəməlidir.

Dünyaya demokratiya dərsi keçməyə çalışan bir ölkədə bu gün insanların təhlükəsiz yaşamaq, şəxsi mülkiyyət kimi fundamental hüquqları belə təmin edilmir. Polis, eləcə də Makron hökuməti etirazçılar və etirazlarla paralel olaraq baş verən soyğunçuluq halları qarşısında aciz qalıblar, çünki real vəziyyəti idarə etməyə qadir deyillər. Bu gün də davam edən sosialyönümlü aksiyaların dağıdılmasında ən qatı metodlardan istifadə edilir. Hətta insanlarla davranış qaydaları belə qorunmur, onlara fiziki işgəncələr belə verilir. Fransa öz daxilində illərdir davam edən gərginliklərin aradan qaldırılmasına etinasız münasibət göstərir. Makron hakimiyyəti insanların etirazlarını dinləyib həll etmək əvəzinə zorakı üsullara əl atır. Eyni zamanda, öz daxili gərginlikləri ilə məşğul olmaq əvəzinə beynəlxalq aləmdə də qeyri-stabilliyin yaranmasına çalışır. Məsələn, Fransa açıq-aşkar Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə mane olur,  ölkəmizə qarşı ədalətsiz iddialar irəli sürür, əsassız iddialarının beynəlxalq müstəvidə müzakirəsini təşkil etməyə çalışır. Daxili vəziyyətini idarə edə bilməyən E. Makron  artıq erməni lobbisinin marionetinə çevrilib.

Həm Vətən müharibəsinin davam etdiyi günlərdə, həm də postmünaqişə dövründə dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makron kor-koranə şəkildə Ermənistanı və ya Qarabağdakı separatçı rejimi dəsətəkləməkdənsə, Cənubi Qafqazda yaranacaq sülhə mane olmaqdansa daxili problemlərini həll etsə, daha yaxşı olardı.

Yaqut Ağaşahqızı, “İki sahil”