ABŞ-ın 4 iyul bayramı
4 İyul - Müstəqillik Günü bayramının təməli 1776-cı ildə ABŞ-ın 13 koloniyasının İnqilab müharibəsi zamanı Böyük Britaniyadan müstəqillik əldə etməsi ilə qoyulub. Müstəqillik Günü azad və müstəqil ölkə kimi ABŞ-in doğum günü hesab olunur. Əksər amerikalılar bu bayramı sadəcə tarixinə görə - "4 iyul bayramı" adlandırırlar. Bayramın tarixi isə əsrlər öncəyə gedib çıxır...
Birləşmiş Ştatlar ölkənin müstəqilliyinin 247 illiyini qeyd edir
Məskunlaşma dövrü (1493-1775-ci illər)
Şimali Amerikada ilk ingilis məskənlərinin salınması XVII əsrin əvvəllərinə aiddir. İngilis kralı I Ceymsin Vircinya şirkətinə verdiyi xəritə əsasında buraya gələn ingilislər 1607-ci ildə Ceymstaun koloniyasını saldılar. Şəhər 1610-cu ildə Ceyms çayının yuxarı hissəsində salınmışdı. 1607-1624-cü illərdə Ceymstauna köçən 14,000 nəfərdən 1624-cü ildə yalnız 1,132 nəfəri sağ qalmışdı. Lakin buna baxmayaraq İngiltərədən Şimali Amerikaya qaçıb gələnlərin sayı durmadan artırdı. Bunun əsas səbəbi İngiltərədə torpaqsızlaşan kəndlilərin və dini təqiblərə məruz qalanların buraya kütləvi şəkildə axıb gəlmələri idi. Şimali Amerikada əhalininin sürətli artımı nəticəsində 1643-cü ildə yeni koloniyalar birləşərək Yeni İngiltərə Konfederasiyasını yaratdılar. 1660-cı ildə kral II Çarlzın hakimiyyətinin yenidən bərpasından sonra İngiltərə öz diqqətini Şimali Amerikaya yönəltdi. Qısa müddət ərzində Şimali və Cənubi Karolinada (1670), Nyu-Yorkda (1664), Nyu-Cersidə (1664), Delaverdə (1702), Pensilvaniyada (1681) və Nyu-Hempşir'də (1680) yeni koloniyalar yaradıldı. 1732-ci ildə avropalılar Corciyada da məskən saldılar. Bu koloniya ilk mərhələdə yaradılan 13 koloniyanın sonuncusu idi.
Hindularla mübarizə
İngilislər torpaq uğrunda mübarizəni torpaqların əzəli sahibləri olan hindularla aparırdılar. O vaxtlar Atlantik okeanı ilə Missisipi çayı arasındakı torpaqlarda 200 minədək hindu yaşayırdı. Müstəmləkəçilər kartof, qarğıdalı, pomidor, balqabaq, tənbəki kimi bitkiləri becərməyi onlardan öyrənirdilər. Hinduları qula çevirmək çox çətin idi, çünki onlar müstəmləkəçilərlə ölüm-dirim mübarizəsi aparırdılar. XVII əsrin əvvəllərindən XVIII əsrin əvvələrinədək kolonistlərlə hindular arasında böyük toqquşmalar baş verdi. 1636-37-ci illərdə Pouxatan müharibəsində, 1675-1676-ci illərdə Kral Filipp müharibəsində, 1712-1716-cı illərdə Karolinada hindu üsyanlarında kolonistlər qələbə çaldılar. Qəbilələr arasında birliyin olmaması, silah çatışmazlığı, düşmənçilik kimi məsələlər müstəmləkəçilərin qələbə qazanmalarını xeyli asanlaşdırıdı. 1644-1676-cı illərdə aparılan müharibələr nəticəsində hinduların bir qismi fiziki olaraq məhv edildi, bir qismi isə qərbə tərəf sıxışdırıldı. Şimali Amerikada yaşayan yerli hindu tayfaları müstəmləkəçilərə qarşı uzun müddət mübarizə aparanlar, əsasən Apaçilər, Mohavklar, Cheyenne, Navaholar, Çerokilər kimi tayfalar olmuşlar.
İstiqlaliyyət müharibəsi və onun nəticəsi
Müstəmləkələrdə əhali getdikcə artırdı, 1775-ci ildə 13 ingilis koloniyasında 2,500,000 adam yaşayırdı. Şimal müstəmləkələrində fermer təsərrüftı, sənaye istehsalı inkişaf edir, nüfuzlu burjuaziya təbəqəsi formalaşırdı. Cənub müstəmləkələrində isə iri torpaq sahibləri olan plantatorlar ağalıq edirdilər. Koloniyalar kapitalist qaydaları əsasında yaradılsa da, ingilis kralı və torpaq aristokratiyası burada feodal qaydaları tətbiq etməyə çalışırdılar. İngiltərənin hakim dairələri müstəmləkələrə xammal mənbəyi və satış bazarı kimi baxırdılar. Britaniya kralı və parlament tərəfindən manufakturaların açılmasına, dəmir məmulatlarının hazırlanması və parça, xüsusilə yun parçalar istehsalına qadağan qoyulmuşdu. Metal alətlər və parçalar müstəmləkələrə İngiltərədən hazır şəkildə gətirilməli idi. 1763-cü ildə verilmiş fərmana görə, kolonistlərə Qərbə tərəf köçmək qadağan edilirdi. İngiltərə parlamentinin qəbul etdiyi Dönər Pul Qanununa görə, bütün koloniyalarda buraxılan kağız pullar ödənc vasitəsi olmaq hüququndan məhrum edilirdi. Bununla barışmayan müstəmləkələr 1765-ci ildə öz nümayəndələrini Nyu-Yorka qurultaya göndərdilər. Konqres Britaniyadan gətirilən bütün malları boykot elan etdi. Konqresin qəbul etdiyi qətnaməyə görə İngiltərə parlamenti müstəmləkələrin razılığı olmadan onlara vergi qoya bilməzdi. Bundan qorxuya düşən Britaniya parlamenti Gerb rüsumunu ləğv etdi.
1775-ci ilin mayında Filadelfiyada bütün müstəmləkələrin nümayəndələrinin ikinci kontinental Konqresinin açılışı oldu. Konqres İngiltərə ilə bütün əlaqələri kəsməyi qərara aldı və partizan dəstələrindən ibarət ordunu öz ordusu hesab etdi. Konqres Virciniya plantatoru Corc Vaşinqtonu bu ordunun baş komandanı təyin etdi. Bu zaman Şimali Karolinada loyalistlər öz malikanələrindən qovuldular. Beləliklə, 1776-cı il iyulun 4-də Konqres Filadelfiyada İstiqlaliyyət Bəyannaməsini qəbul etdi. Bu sənəd yeni bir dövlətin yarandığını elan etməklə yanaşı, həm də bütün dünyada ilk dəfə olaraq insan azadlıqlarının şərhini verdi. Üsyan qaldırmış müstəmləkələr İngiltərədən ayrılır və yeni müstəqil dövlət olan Amerika Birləşmiş Ştatları halında birləşirdilər.
İstiqlaliyyət Bəyannəməsini Amerika inqilabının görkəmli xadimi Tomas Cefferson hazırlamışdı. Bəyannamədə göstərilirdi ki, bütün insanlar xalqın zülmkarları devirmək və öz hökumətini təsis etmək hüququ var. Bununla da ilk dəfə olaraq xalq hakimiyyətin mənbəyi elan edildi. Bəyannamənin məhdud cəhətlərindən biri köləliyi ləğv etməməsi idi. O, hinduların əfv edilməsi və öz torpaqlarından qovulmalarının da dayandırmadı. Seçki məsələsində də əmlak senzi saxlanıldı.
ABŞ-ın ilk Prezidenti və eyni zamanda qiyamçıların rəhbəri Corc Vaşinqton
Yeni yaranmış dövlətlə mübarizə aparmaq məqsədi ilə qısa bir zamanda İngiltərədən qoşunlar toplandı. Əsasən ingilislərin üstünlüyü özünü daha çox dəniz donanmalarında göstərirdi. 1781-ci ilin oktyabrında Corc Vaşinqtonun orduları ingilisləri Yorktoun ərtafında mühasirəyə alaraq, onları təslim olmağa məcbur etdi. Bir il sonra İngiltərə müharibəni dayandırdı və sülh danışıqlarına başladı. 1783-cü il sentyabrın 3-də Versalda sülh müqaviləsi imzalandı. İngiltərə ABŞ-n müstəqilliyni tanıdı. Alleqan dağlarından Missispi çayına qədər olan ərazi ABŞ-ın sərhədlərinə daxil edildi. Ölkədə hakimiyyəti möhkəmləndirmək üçün güclü mərkəz yaradıldı. 1787-ci ildə ştatların nümayəndələrinin xüsusi məclisi ABŞ Konstitusiyasını qəbul etdi. Konstitusiya republika quruluşu təsbit edilərək, fedarativ dövlət forması yaradıldı. Ali qanunverici orqan iki palatadan ibarət Konqres idi. Yuxarı palata Senat, aşağı palata isə Nümayandələr Palatası adlanırdı. Konstitusiyaya görə, icra hakimiyyətinin başında 4 ildən bir seçilən Prezident dururdu. O, silahlı qüvvələrə komandanlıq və hökumətə rəhbərlik edirdi. 1791-ci ildə konqres Konstitusiyaya 10 düzəliş etdi. Bu düzəlişlərdə vətandaşlara söz, mətbuat, yığıncaq, vicdan azadlığı, şəxsiyyət, mənzil və xüsusi mülkiyyət toxunulmazlığı hüquqları verilirdi. Məhkəmənin qərarı olmadan özbaşına həbslər qadağan edilirdi. İstiqlaliyyət müharibəsi nəticəsində kapitalizmin inkişafına mane olan amil, ingilis müstəmləkə hökmranlığı aradan qaldırıldı. Feodal qaydalarına birdəfəlik son qoyuldu. ABŞ Konstitusiyası dünyada ilk dəfə olaraq ölkədə hakimiyyətin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünməsini təsbit etdi..
Amerika prezidentlərinin üçü iyulun 4-də dünyasını dəyişib. Bunların ikisi-Tomas Cefferson və Con Adams Müstəqillik Bəyannaməsini hazırlamış “Millət Ataları”dır. Nə qədər qəribə görünsə də iki keçmiş prezident aralarında bir neçə saat fərqlə dünyasını dəyişmişdir. 4 iyul buna görə həm də Amerika Birləşmiş Ştatlarının tarixində mühüm rol oynamış Tomas Cefferson, Benjamin Franklin və Con Adams kimi görkəmli şəxsiyyətlərin yad edildiyi gündür.
Vaşınqton şəhərinin Milli Parkında hər il olduğu kimi, bu il də 4 iyul Müstəqillik Günü münasibətilə təntənəli tədbirlər, şənliklər keçirilir. İyulun 4-də konsertdən sonra atəşfəşanlıq paytaxt Vaşinqtonun səmasını işıqlandırır. Yeri gəlmişkən, burada atəşfəşanlıq ənənəsi də özünəməxsus tarixə malikdir. Konqres Müstəqillik Günü münasibətilə pirotexnikdan istifadə edilməsinə 1777-ci ildə Filadelfiyada icazə vermişdir. O vaxtdan atəşfəşanlıq 4 iyul - Amerikanın Müstəqilliyi Gününün bayram edilməsinin əsas atributlarından birinə çevrilmişdir.
Sevinc Azadi, “İki sahil”