03 iyul 2023 15:44
1102

Ordun varsa yurdun var

Hər bir dövlətin mövcudluğunun və təhlükəsizliyinin ən əsas şərtlərindən biri onun güclü orduya sahib olmasıdır. Dünya dövlətlərinin gücü və nüfuzu bir çox hallarda onların necə bir orduya sahib olması ilə ölçülür. Bütün bunlar silahlı qüvvələrin vacibliyini və əhəmiyyətini bir daha ortaya qoyur. Azərbaycan xalqının bir atalar misalında bu haqda deyildiyi kimi: “Ordun varsa yurdun var, ordun yoxsa yurdun yox”.

1918-ci il mayın 28-də öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq çox böyük işlər gördü. Bu işlərin içərisində isə ən mühümü ordu quruculuğu ilə bağlı atılan addımlar idi. 1920-ci il aprel ayının 28-də ölkəmizin bolşeviklər tərəfindən işğalı bu sahədəki işləri yarımçıq qoysa da 18 oktyabr 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu sahədə tədbirlər davam etdirildi. Biz bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin məqsədyönlü və ardıcıl fəaliyyətini xüsusi qeyd etməliyik. Ulu Öndər hələ sovetlər birliyi dönəmində  Azərbaycanımızın gələcək müstəqilliyi üçün sağlam təməl formalaşdırırdı. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı. Ümummilli Liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra da ordu quruculuğunda əsas təhsil müəssisələrindən birinə çevrildi.

1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində çox mühüm addımlar atıldı.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. İndi artıq Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinə malik olması dünya dövlətləri tərəfindən də etiraf olunur. Azərbaycan Respublikası Prezidentinin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqların, qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə paytaxt Bakıda və işğaldan azad edilmiş rayonlarımızda İşğal və Zəfər Muzeyləri Kompleksləri yaradılır. Ölkə başçımız Cənab İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qazandığımız qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edilmişdir.

44 günlük Vətən müharibəsində qazandığımız təcrübə çevik və sürətli manevr imkanlarına malik, yüksək dağlıq və çətin relyef şəraitində döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni hərbi birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Bu reallıq nəzərə alınaraq ölkəmizdə Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında yeni komando birlikləri yaradılır. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplekləşdirilir. Ölkəmiz qardaş Türkiyə Respublikası, eləcə də dünyanın bizə dost mövqedə olan aparıcı dövlətləri ilə hərbi əməkdaşlığı dərinləşdirir. Hərbi əməkdaşlığımızın məqsəd və istiqamətləri isə ölkəmizin milli maraqlarına uyğun müəyyənləşdirilir.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini