Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq qısa zaman kəsiyində xalqımız öz ordusunu, hərbi qüvvəsini yaratmağa imkan tapdı. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli ordusunun yaradılmasına başlanmışdır. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər işğal altında olan əraziləri azad etdi. Lakin, Cümhuriyyət dövründə ordu quruculuğu ilə bağlı çatışmamazlıqlar çox idi. Xarici təzyiqlərdən, hərbi texnikanın alınmasındakı çətinliklərlə yanaşı, peşəkar hərbi kadrların çatışmamazlıqlarına qədər mövcud olan bütün problemlər özünü qabarıq formada büruzə verdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ordu quruculuğu prosesində fasilə yaranmış, yalnız II Dünya müharibəsinin başlaması ilə əlaqədar azərbaycanlılardan ibarət bir neçə Milli Atıcı diviziyaların yaradılması ilə milli ordu anlayışı davam etdirilmişdir.
Azərbaycan xalqının görkəmli oğlu, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci ilin iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız o vaxtlar azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmalarına nail olmuşdu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən biri olmuşdur. Ordu quruculuğuna yalnız 1993-cü ildə ümumilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra başlanıldı. Ulu öndərin vurğuladığı kimi, “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.” Beləliklə, həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı, nəticədə Azərbaycan ordusu kifayət qədər təşkilatlanmış böyük bir qüvvəyə çevrildi.
Ordu quruculuğu ilə bağlı həyata keçirilən tədbirlər 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirildi. Ötən müddət ərzində istər Silahlı Qüvvələrimizin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, istərsə də hərbi qulluqçuların sosial müdafiəsi sahələrində həyata keçirilən tədbirlər Ali Baş Komandanın Vətənin müdafiəçilərinin şərəfli xidmətinə necə yüksək qiymət verdiyini bir daha təsdiq etdi. Aparılan islahatlarla yanaşı, ordumuzun yeni silah növləri ilə təchiz edilməsi üçün bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, habelə Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması strateji əhəmiyyət kəsb edən addımlardan idi.
Azərbaycan Ordusunun qüdrəti daim artıb, qələbələr, nailiyyətlər bir-birini əvəzləyib: “Ordumuzun Aprel döyüşlərində qazandığı qələbə, eləcə də 2018-ci ildə həyata keçirdiyi uğurlu Günnüt əməliyyatı ərazi bütövlüyümüzün bərpa olunacağı günün yaxınlaşdığını işarə edən mesajlar idi. Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik” sözləri öz təsdiqini əməli işdə tapdı. Belə ki, 44 gün ərzində Müzəffər Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən layiqincə gəldi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Qəhrəman Azərbaycan Ordusu 8 noyabr 2020-ci il tarixində Qarabağın incisi, Azərbaycanın Mədəniyyət Paytaxtı olan Şuşanı azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixdə təslimçilik bəyanatını imzaladı. Bu şanlı qələbə münasibəti ilə 10 dekabr 2020-ci il tarixdə Azadlıq Meydanında təşkil olumuş, Azərbaycan silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş Zəfər Paradı Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Ordumuz üçün ən müasir texnika və silahlar alınmışdır.Onların arasında zirehli texnika, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri,ən müasir pilotsuz uçuş aparatları, ən müsir artileriya qurğuları, uzunmənzilli raketlər, yaylım atəşli raket sistemləri və s.göstərmək olar. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrimizin saxlanılmasına, ümumilikdə müdafiə sahəsinə ayrılan büdcə vəsaitinin artırılması və nəticə etibarı ilə ordumuzun güclənməsi ilə müşayət olunması cənab Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə
möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Vətən Müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Vətən müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsinə imkan verir.
yunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub. Hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasimində çıxış edən Prezident, Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesinin daha geniş vüsət aldığını bildirib. Dövlətimizin başçısı qeyd edib ki, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var: “Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür”. “Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, müsbətə doğru atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər”,- deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısı çıxışında ədalətli sülhün digər şərtlərini də açıqlayıb. “Azərbaycanın şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, bizim haqlı tələbimizdir. Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürüb. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Digər şərt ondan ibarətdir ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. “Bu gün güc də Azərbaycanın tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq”,- deyən Müzəffər Ali Baş Komandanımızın növbəti xəbərdarlığından qarşı tərəf nəticə çıxarmalıdır. Güclü, qüdrətli Azərbaycan Ordusu bütün vəzifələri yerinə yetirməyə qadirdir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri