“Bu gün Fransa hakimiyyəti Makronun rəhbərliyi altında Avropada neonasizmi yeni formada tətbiq etməyə başlayıblar. Nanter şəhərində polisin 17 yaşlı Əlcəzair əsilli yeniyetməni sadəcə polisə tabe olmadığı və bundan artıq hüquq-mühafizə orqanlarına təhlükə yaratmadığı bir şəraitdə qətlə yetirilməsi bu ölkədə insan haqlarına, sərbəst toplaşmaq hüququna dəyər verilmədiyini sübuta yetirdi. Bütün baş verənlər göstərir ki, yeniyetmə məhz irqi zəmində öldürülüb. Bununla da Makron hakimiyyətinin “Qoca qitə”də insan haqları hədəflərini heçə saydığını görə bilərik. Polisin gənci tutması üçün əlində müxtəlif imkanlar olduğu halda onu soyuqqanlılıqla qətlə yetirməsi vəhşilikdir və bunu heç nə ilə əsaslandırmaq olmaz. Amma biz nə görürük? Beynəlxalq insan haqları təsisatları susur, ixtisaslaşmış təşkilatlar məsələyə hüquqi qiymət vermir və bunula da Makron hakimiyyəti ilə həmrəy olduqlarını, onların cinayətlərinə ortaq olduqlarını sübut edirlər”.
Bunu “İki sahil”'ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, baş verənlər Fransa cəmiyyəti üçün də utancdır: “Fransızların əksəriyyəti hadisələrə sükutla yanaşır. Amma bir qismi etirazını iğtişaşlar, barrikadaların qurulması, avtomobillərin, müxtəlif obyektlərin yandırılması kimi büruzə verir. Bu onu göstərir ki, xalqın Makron hakimiyyətinə etimadı qalmayıb və əslində Makron hakimiyyəti laxlayır. Dünyanın hər yerində neokolonist niyyət sərgiləyən Makron Fransada idarəolunmaz bir vəziyyət yaradıb. Ölkədə asayiş, insanların təhlükəsizliyi getdikcə zəifləyir. Bu günlərdə AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.
Əlbəttə, Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı Parisdə baş verən hücumu qınayırıq. Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılmasını tələb edirik. AzTV əməkdaşlarına hücum Fransada söz azadlığına vurulan ağır zərbədir. Fransa özünü dünyaya demokratik ölkə kimi təqdim edir. Guya bu ölkədə insan haqları zərgər dəqiqliyi ilə qorunur. Qətiyyətlə demək olar ki, demokratiyadan, insan haqlarından, dini və irqi ayrıseçkilikdən danışan ölkələrin ən sonunda Fransa gəlir. Fransa cəmiyyətində Afrika əsilli vətəndaşlara hələ də 5-ci növ insan kimi baxılır. Hələ də kübar fransız ailələrində qul əməyindən istifadə edilir, köləlik Fransa elitasının həyat tərzinə çevrilib. Ağdərili fransızların hüququ qaradərili və yaxud ərəb əsilli Fransa vətəndaşlarından iki pillə irəlidədir”.