29 iyun 2023 15:16
762

Fransanın demokratiyası budurmu?

AZTV-nin əməkdaşlarının Fransada təzyiqə məruz qalmaları söz və ifadə azadlığına qarşı basqıdır, informasiya almaq hüququnun məhdudlaşdırılmasıdır

Xəbər verildiyi kimi, Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzair əsilli Nael adlı 17 yaşlı yeniyetmənin güllələnərək qətlə yetirilməsinə etiraz olaraq aksiya keçirilir.  Məlumata görə, aksiya iştirakçıları ilə polis qüvvələri arasında toqquşmalar baş verib. Polis rezin güllələrdən istifadə edib. Polis zorakılığına etiraz edən nümayişçilər avtomobilləri və zibil yeşiklərini, həmçinin Val-d'Oise departamentinin Bezons bələdiyyəsində ibtidai məktəb yandırıblar. Etirazçılar Pablo Pikasso muzeyinə, Sena çayının cənub sahilindəki Meudondakı polis bölməsinə və bölgənin mağazalarına soxulmağa cəhd ediblər. Fransada davam edən və toqquşmalarla müşayiət olunan etiraz aksiyalarında azı 100 nəfər saxlanılıb. 

Bütün bunlara baxmayaraq, Fransa hələ də demokratiyadan, insan hüquqlarından ağızdolusu danışır, başqa dövlətlərə yol göstərir, əgər belə demək mümkünsə, onlara “ustad dərsləri” keçir. Elə bu ölkənin prezidenti Makronun, eləcə də onu dəstəkləyənlərin Azərbaycanı guya Qarabağda etnik təmizləmə planları həyata keçirdiyini bəyan etmələri, Qarabağdakı ermənilərin sosial durumlarının guya fəlakətli həddə çatdığını vurğulamaları,  bir sözlə, ekstremist təbliğat aparmaqla hayları qızışdırmaları buna sübutdur. Şübhəsiz, onların məqsədi Azərbaycanın imicinə, onun haqq işinə zərbə vurmaq, beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqdır. Yeri gəlmişkən qeyd edək ki, iyun ayının 28-də  Fransa parlamentinin üzvü Ann-Lorens Petel yenə belə fikirlər səsləndirib. Şübhəsiz, onların söylədikləri problemlər məngənəsində boğulan Fransanın daxilindəki sosial problemlərdən diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil.

Şübhəsiz, Əlcəzair əsilli yeniyetmənin öldürülməsi təcavüzkar Ermənistana böyük rəğbətlə yanaşan, Azərbaycana qarşı qəddarlığı, həm də ədalətsizliyi ilə seçilən Fransada irqi, dini, etnik ayrı-seçkiliyin dərinləşdiyindən, islamofobiyanın, həmçinin antisemitizmin meydan sulamasından bir daha xəbər verir. Yeri gəlmişkən qeyd edək ki, son illər belə olaylar Fransada tez-tez baş verir. Bu mənada Fransa sözün həqiqi mənasında, müsəlmanların qəniminə çevrilib. Bir faktı da diqqətə çatdırmaq istərdik: 2020-ci ildən  indiyədək bu ölkədə 89 məscid, 650-ə yaxın ibadət yeri bağlanıb. Şübhəsiz, bu prosesdə ermənipərəst mövqeyi ilə tanınan Emmanuel Makronun “xidmətləri” böyükdür. Nə qədər qəribə olsa da, özünü demokratiyanın beşiyi sayan rəsmi Paris bununla bağlı heç bir tədbir görmür, əksinə bu istiqamətdə atacağı addımları daha da sərtləşdirir. Bununla da insan hüquq və azadlıqlarını heçə saymaqda davam etməkdə israrlı olduğunu nümayiş etdirir.

Bəli, Makronun sayəsində Fransa demokratiyası artıq qıcqırmaqdadır. Yəni, illərlə toplanmış demokratik dəyərlər onun avantürist siyasətinə qurban verilməkdədir. Amma hələ də rəsmi Paris özünü demokrat kimi təqdim etməkdədir. Onu da qeyd edək ki,  Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşları bu il iyunun 28-də Fransada təzyiqə məruz qalıblar. Bu, söz və ifadə azadlığına dözülməz münasibətin nəticəsidir. Fransada peşə borlcarını yerinə yetirən jurnalistlərin fəaliyyətlərinin məhdudlaşdırılması, onlara qarşı şiddət halları ilk dəfə deyil ki, baş verir. AZTV-nin əməkdaşları da belə bir hadisə ilə xidməti vəzifələrini yerinə yetirərkən - çəkiliş apararkən üzləşiblər. Müxbir və operator yüngül bədən xəsarətləri alıblar, eyni zamanda, onların çəkiliş kameraları əllərindən alınıb. Kameranı geri qaytarmaq cəhdləri nəinki səmərə verməyib, üstəlik media təmsilçiləri silahla hədələniblər.  Həmkarlarımıza qarşı nalayiq rəftar fundamental insan hüquq və azadlıqlarının vacib tərkib hissəsi sayılan söz və ifadə azadlığına qarşı basqıdır, informasiya almaq hüququnun məhdudlaşdırılmasıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”