28 iyun 2023 20:18
1032

“Dəmir yumruq”la yanaşı, artıq tükənməz “Qisas”ımız da var: Qanunsuz erməni silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır

Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsindən sonra bir neçə dəfə Ermənistana öz gücünü göstərmək məcburiyyətində qalıb. Yəni, erməni separatçılarının təxribatlarına cavab olaraq qisas əməliyyatları keçirib. Bu gün də ordumuz belə bir əməliyyatı uğurla başa çatdırıb. Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərimizi atıcı silahlardan atəşə tutması nəticəsində  yaralanmış hərbi qulluqçumuz Bəkirov Əli Şükür oğlunun qisası alınıb. Özü də “Qisas” adlandırılan əməliyyatla…

Nəticədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib. Bəli, bizim qəzəbimiz aşıb-daşanda həmişə belə olur.  Bununla da ordumuz düşmənə öz gücünü, qüdrətini bir daha göstərib. Daha doğrusu, Silahlı Qüvvələrimizin nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu növbəti dəfə təsdiqləyib. Bununla da ordumuz tarixinə  daha bir  şanlı səhifə əlavə edib.

Halbuki Azərbaycan ordusu həyata keçirdiyi Fərrux, Sarıbaba və digər əməliyyatlarla Ermənistan silahlı qüvvələrini və qanunsuz erməni silahlı birləşmələrini susdurmuşdu. Yəni onlara əməlli-başlı dərs vermişdi. Üstəlik, dığaları dəfələrlə dəfələrlə xəbərdarlıq etmişdik ki, özünüzü yaxşı aparmasınız, nəticə sizin üçün acınacaqlı olacaq. Necə ki, oldu.

Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında danışıqların getdiyi bir məqamda Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən belə bir təxribatın törədilməsi təəssüf doğurur. Nə yazıq ki, Ermənistan öz havadarlarına arxayınlaşaraq belə təxribatlar törədir. Halbuki sülh müqaviləsinin imzalanması, təxribatlara son qoyulması regionda söz sahibi olan Azərbaycandan daha çox bu gün tənəzzül dövrünü yaşayan, bu və digər ölkələrin qoltuğuna sığınan Ermənistana lazımdır. Amma buna rəğmən, pozucu hərəkətlər, praktiki olaraq görülməyən işlər Ermənistanın sülhdən uzaq olduğunu göstərir.

Nə qədər qəribə  olsa da bütün bu olaylar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilir. Halbuki 2020-ci il 10 noyabr birgə bəyanatına əsasən, Qarabağdakı qanunsuz erməni birləşmələri ərazilərimizdən çıxarılmalı idi. Olmaya Qarabağda olan sülhməramlı hərbi kontingentin vəzifəsi erməni separatizmi üçün silah-sursat daşınmasını müşahidə və müşayiət etməkdir? Məhz onların məlum Bəyanatın müddəalarına uyğun şəkildə hərəkət etməməsi erməniləri separatçılarını  təxribatlara şirnikləndirir. Hətta iş o yerə gəlib çatıb ki, Ermənistan tərəfi rus hərbçilərinə atəş açmaqdan belə çəkinmir. Bu isə sülhməramlı kontingentin erməni separatçılarının yesirinə çevrilməsindən xəbər verir.

Şübhəsiz, Ermənistanın bu kimi təxribatları dövlətimizin qətiyyətli addımlarından, onun iradəsindən çəkindirməyə, həm də  Azərbaycanın cavab reaksiyasından istifadə edərək ölkəmizin guya Ermənistana qarşı aqressiya tətbiqi barədə dünyaya car çəkməyə, bizə qarşı qərəzli mövqelərin  formalaşdırılmasına hesablanıb. Yeri gəlmişkən qeyd edək ki, artıq son təxribatla bağlı separatçılar havadarlarına öz maraqlarına uyğun məlumatlar da göndəriblər.

Fikrimizcə, bu məqamda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışındakı bu sözləri xatırlatmaq yerinə düşərdi: “Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Yenə də deyirəm, biz haqq-ədaləti tələb edirik”. 
Məhz elə buna görə də Ermənistanın son günlər törətdiyi bütün təxribatçı əməlləri onun gözlədiyi nəticələri vermir və verməyəcək də… Çünki bizim “Dəmir yumruq”la yanaşı, artıq tükənməz “Qisas”ımız da var. 

Qvami Məhəbbətoğlu, “İki sahil”