28 iyun 2023 17:45
772

Biz hələlik özümüzü təmkinlə aparırıq: Əks halda nəticə onlar üçün acınacaqlı olacaq

Transmilli cinayətkarlıqla məşğul olduğuna görə Ukrayna tərəfindən beynəlxalq axtarışa verilən, ötən ilin sentyabrında Kreml tərəfindən Xankəndiyə “ezam edilmiş” erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan yenə “iş başındadır”. Belə ki, suveren ərazilərimzdə separatçılıq meyillərini gücləndirən bu avantüristin rəhbərlik etdiyi qondarma “Artsaxın təhlükəsizlik və inkişaf cəbhəsi” Qarabağın dinc əhalisini Azərbaycan əleyhinə qaldırmağa cəhd etməyə davam edir. Qondarma rejimin suverenliyinin tanınması ilə bağlı yayılan petisiya da onun “zəhmətinin bəhrəsidir”.

Şübhəsiz, Azərbaycan Prezidenti Administrasiyasının dialoqla bağlı təkliflərini qəbul etməməyi təbliğ edən, “blokada” iddialarını yayan da elə Ruben Vardanyandır.  Artıq dünya onun bu kimi bəd əməllərindən xəbərdardır. Bir müddət öncə Avropanın nüfuzlu nəşrlərindən olan “Eureporter” Qarabağdakı separatçı dəstənin sabiq “dövlət naziri” Ruben Vardanyanın bu bəd əməllərindən söz açmışdı. Hətta nəşr onu təkcə Cənubi Qafqaz üçün deyil, ümumiyyətlə, Qərb üçün də təhlükə  kimi xarakterizə etmişdi. Bu günlərdə Amerikanın ən nüfuzlu və tanınmış "Forbes" maliyyə-iqtisadi jurnalı Ruben Vardanyanı "Ermənistan və Azərbaycan arasında davamlı sülhün qarşısını alan lider" adlandırıb. Məqalədə qeyd olunub ki, Vardanyan özünün rusdilli Teleqram kanalında bildirib ki, separatçılar Azərbaycanla heç bir müqavilə imzalamamalıdırlar. Niyə? 

Bəri başdan qeyd edək ki,  R.Vardanyan öz maraqları daxilində belə addımlar atır. Çünki bir zamanlar Qarabağda həyata keçirdiyi hasilat nəticəsində qaz vurub qazan dolduran bu milyarder yenə də həmin istiqamətdə fəaliyyət göstərməklə öz varidatını artırmaq niyyətindədir. Bu mənada onu Qarabağ torpağındakı etnik ermə¬nilərin taleyi əsla düşündürmür. Vardanyanı narahat edən əlindən çıxdığı imkanlardır.

Bir sözlə, Vardanyan öz maraqları daxilində Qarabağ ermənilərini növbəti fəlakətə sürükləyir. Şübhəsiz, bu da onun soydaşlarının əzab-əziyyətindən zövq almasından  xəbər verir. Halbuki hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, Vardanyan və onun kimi zəlilər, yırtıcı heyvanlar müxtəlif təzyiqlərlə  bunun qarşısını almağa çalışırlar.  

Mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüş zamanı Prezident İlham Əliyev demişdi: “Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək...”

Bəli, hələ ki Azərbaycan özünü təmkinlə aparır. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur.  Bu isə o deməkdir ki, Ruben Vardanyan və onun kimiləri Azərbaycanı qarşıya qoyduğu məqsədlərinə nail olmaq yolundan döndərə bilməzlər. Çünki bölgədə söz sahibi olan, gündən-günə iqtisadi qüdrətini artıran Azərbaycan elə bir qatar ki, heç bir separatçı rejim, həmçinin havadarları, yaxud vardanyanlar onu müstəqil relsindən çıxarmağa qadir deyillər.  Yəni gec, ya tez olmasından asılı olmayaraq, rəsmi Bakı Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı bütün məqsədlərinə nail olacaq. Çünki Qarabağda yaşayan erməni əhalisini Azərbaycan vətəndaşı kimi tanıdığını bəyan edən ölkəmiz reinteqrasiya məsələsində kifayət qədər ardıcıl və prinsipialdır. Bununla da Ruben Vardanyanın “liderliyinə” birdəfəlik son qoyulacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”