Hazırda dünyanın güclü orduları sırasında qərarlaşan rəşadətli ordumuzun – Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 105 il ötür. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə 1918-ci il iyunun 26-da ilk müntəzəm hərbi hissə – Xalq əlahiddə Azərbaycan korpusu, avqustun 1-də isə Hərb nazirliyi təsis olundu. Milli ordumuzun formalaşmasında və döyüş qabiliyyətinin yüksəldilməsində Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generallar əvəzsiz xidmətlər göstərdilər. AXC süqut etdikdən sonrabolşevik hökuməti Milli Ordunu ləğv etdi, hərbiçilərin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, bir çoxları isə repressiyaya məruz qaldı. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra Milli Ordumuzun yaradılmasına başlanıldı. Lakin o dövrdə ölkədə baş verən siyasi hərc-mərclik səbəbindən nizami ordu formalaşdırmaq mümkün olmadı.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ordumuzda və xalqımızda qələbəyə qəti inam yarandı. O, başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə başladı.
Azərbaycan Ordusu 1994-cü ilin yanvarında bir sıra uğurlu hərbi əməliyyatlar keçirərək Füzuli rayonunun 20 kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etdi. Prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu prosesi tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə 30 ilə yaxın işğal altında olan ərazilərimizi düşməndən azad etdi. Bununla da ordumuz gücünü bütün dünyaya nümayiş etdirdi.
44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi, Komando Qüvvələrinin yaradılması, digər xüsusi təyinatlı qüvvələrdə şəxsi heyətin say tərkibinin genişləndirilməsi, yeni silahların alınması və bu istiqamətdə bir çox kontraktların imzalanması Azərbaycan Ordusunun peşəkarlığının və qüdrətinin artmasını şərtləndirir.
Son illərdə bütün sahələrdə sürətlə inkişaf etməkdə olan ölkəmizin silahlı qüvvələrinin büdcəsinin artması nəticə etibarı ilə onun güclənməsi ilə müşahidə olunur. Bu, Ali baş komandanın ordu quruculuğu ilə əlaqədar vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Yeni döyüş birləşmələrinin yaradılması, ilknövbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti – bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə bir məqsəd güdür: ərazimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünə qarşı ola biləcək hər bir təhdidin qarşısını almaq gücünə malikdir.
Lalə Babayeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2 ünvanı üzrə ərazi partiya təşkilatının üzvü