XX əsrin sonlarına doğru dövlət müstəqilliyimizin bərpası olduqca mühüm tarixi hadisə idi. Çünki xalqımız bu yolda neçə-neçə qurbanlar vermiş və bu tarixi hadisəni uzun müddət ərzində böyük həsrətlə gözləmişdi. Lakin çox təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində biz bu azadlığın zövqünü bütün ruhumuzla duya bilmədik. Buna səbəb isə müstəqilliyin qazanıldığı ilk illərdə torpaqlarımıza qarşı erməni təcavüzü, iqtisadi əlaqələrin qırılması, dərin iqtisadi tənəzzül və ən əsas da respublikamıza rəhbərliyin səriştəsiz şəxslərin əlində olması idi.
Sovet imperiyasının əsarətindən xilas olub öz müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə respublikamıza bacarıqsız, şəxsi maraqları milli maraqlardan üstün tutan, rəhbərlik təcrübəsi olmayan, dövlətçilik maraqlarımızı dərk etmək iqtidarında olmayan, sadəcə vəzifə düşgünü olan şəxslərin rəhbərlik etməsi vəziyyəti daha da ağırlaşdırmışdı. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü nəyin bahasına olursa- olsun yalnız hakimiyyəti əldə saxlamağı düşünərək dövlətçilik maraqlarımızı böyük təhlükələrlə üz-üzə qoymuş, xalqımızı vətəndaş müharibəsi təhlükəsi həddinə çatdırmışdılar.
Həmin illərin acı reallığı bir daha göstərdi ki, xalqımızın əsl həqiqi liderə, milli maraqları yüksək səviyyədə qoruyub, dövlətçiliyimizi bütün təhlükələrdən xilas edə biləcək dahi rəhbərə ehtiyacı var. Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ilin iyununda, xüsusilə də 4 iyun Gəncə hadisələrinin baş verdiyi ağır günlərdə Ulu Öndər Heydər Əliyev ölkəmizin paytaxtına – Bakı şəhərinə dəvət olundu. 24 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin Sədri seçilən Heydər Əliyev həm də eyni zamanda Prezident səlahiyyətlərini icra etməyə başladı ki, bununla da milli dövlətçiliyimizin xilasının və milli qürurumuzun bərpasının təməli qoyulmuş oldu. Müəllifi Ümummilli Liderimiz olan “azərbaycançılıq” ideologiyası xalqımızın birliyini və həmrəyliyini təmin etmiş oldu. Bu gün siyasi baxışlarından asılı olmayaraq, hər kəs etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir.
Ulu Öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti sayəsində Azərbaycan Respublikası özünün geosiyasi imkanlarını real müstəvidə gerçəkləşdirməyə başladı. Ölkəmiz fəal diplomatik səylər nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının bizim zorla cəlb olunduğumuz silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail oldu. 1994-cü ilin 20 sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin kontraktı”nın imzalanması iqtisadi müstəqilliyimizin təmin olunması istiqamətində atılmış çox mühüm strateji addım idi. Uzaqgörən strateq və mahir taktik olan Ulu Öndər Heydər Əliyev və onun fenomenal liderlik bacarıqları Azərbaycanı bütün bəlalardan qorudu və müqəddəs Vətənimizi sürətli inkişaf yoluna çıxarmış oldu.
Cavid Məmiyev
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini