26 iyun 2023 10:12
637

Müzəffər Ordumuzla hər zaman qürur duyuruq

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur. 105 illik yolun zirvəsində dayanan tarixi Zəfərimiz ordu quruculuğu sahəsində qazandığımız uğurların, Azərbaycanın malik olduğu imkanların təqdimatıdır. Əbəs yerə deyilmir ki, Ordun varsa, yurdun var. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə bu fikrin təsdiqini görürük. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində hakimiyyətsizliyin mövcudluğu digər sahələr kimi, ordu quruculuğunda da uğursuzluqlara yol açdı. Ordudan yayınma halları, fərarilik baş alıb gedirdi. Həmin illərdə Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarına xidmət edirdi. Bir tərəfdən ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, hakimiyyət uğrunda mübarizələri, digər tərəfdən  nizami ordunun olmaması ərazilərimizin işğalına səbəb oldu.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  bütün sahələrdə başlanan inkişaf ordu quruculuğunda da özünü göstərdi.  Qısa zamanda nizami ordu formalaşdı, maddi-texniki bazası möhkəmləndirildi, əsgər və zabitlərimizin döyüş ruhu gücləndirildi. Orduda fərarilik hallarına son qoyuldu. İldən-ilə ordunun döyüş hazırlığının yüksəldilməsi, peşəkar hərbçilərin hazırlanması, hərbi hissələrdə nizam-intizamın möhkəmləndirilməsi istiqamətində görülən işlərin miqyası daha da genişləndirildi. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, 1918-ci ildə əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bayramlarımız sırasına daha biri əlavə edildi.

Hər zaman qeyd olunduğu kimi, 2020-ci ilədək qeyd edilən tarixi günlərdə, bayramlarda hər birimizi bir arzu, amal birləşdirirdi-Torpaqlarımız işğaldan azad edilsin, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olunsun, soydaşlarımızın torpaq həsrətinə son qoyularaq dogma yurd-yuvalarına qayıtsınlar. Bu arzanun reallığa çevriləcəyinə böyük inam var idi. Dövlətimizin qətiyyəti, ölkəmizin bütün sahələrdə uğurlu inkişafı, öz şərəfli missiyasını uğurla yerinə yetirməyə qadir ordumuz, xalqımızın birliyi, ən əsası Qarabağ münaqişəsinin həllli üçün möhkəm hüquqi bazanın mövcudluğu bu inama əsas verirdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu əminliyin təsdiqi oldu.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində atdığı addımların ümumiləşdirilmiş ifadəsi məhz bu gün xalqımızın Zəfər sevincini yaşaması, Azərbaycan əsgərinin, zabitinin Silahlı Qüvvələr Gününü ikiqat bayram kimi qeyd etməsidir. Çünki canları, qanları ilə tarix yazıb şəhidlik zirvəsinə ucalan Vətən oğulları 30 illin torpaq həsrətinə son qoydu, xalqımızın yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə rəşadətli Ordumuzun yazdığı Zəfər səhifəsi  daim gənc nəsil tərəfindən vərəqlənəcək, bir daha bu reallığı həyat amalına çevirəcəklər ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasimində çıxışında qeyd etdiyi kimi, bu gün ölkəmiz  öz şanlı Zəfərini siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdi. Bu gün Azərbaycan  bölgədə söz sahibidir: “Bəziləri, o cümlədən Ermənistan və onun bəzi xarici himayədarları bizi qisasçılıqda ittiham edirlər. Tamamilə yalan bir tezisdir. Mən demişəm və müharibə dövründə demişəm ki, biz düşməndən qisasımızı döyüş meydanında alacağıq, şəhidlərimizin qanını döyüş meydanında alacağıq və belə də oldu.” 

Hazırda  Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar. Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış kəndlərinin ardınca Laçın şəhəri sakinlərini qarşılayır. Mərhələli şəkildə dogma yurd-yuvalarına qayıdan keçmiş köçkünlər bu torpaqlarda müasir tələblər səviyyəsində yaradılan şəraitdən məmnunluqlarını ifadə edirlər. Dövlət başçısı İlham Əliyev sözügedən mərasimdə bir daha bildirdi ki, bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Bundan sonra da Ordumuzun  gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. 

Müstəqilliyimizin, suverenliyimizin qarantı olan müzəffər  Ordumuzla hər zaman qürur duyuruq. Ordumuz  bütün vəzifələri yerinə yetirməyə qadirdir. 

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi