26 iyun 2023 02:15
588

Türk Dövlətləri Təşkilatı: Beynəlxalq nüfuzu gündən-günə artan birlik

Sarsılmaz, etibarlı təməl üzərində formalaşan təşkilat müsəlman ölkələrinin Avrasiya modeli kimi qüdrətli güc olduğunu təsdiqləyib

«Amerika, Avropa və bütün sivilizasiya dünyası bilməlidir ki, türk xalqı hər bir sivilizasiyalı və qabiliyyətli millət kimi, qeydsiz-şərtsiz azad və müstəqil yaşamağa qəti qərar veribdir. Bu haqqı pozmağa yönələn hər bir qüvvə Türkiyənin əbədi düşməni kimi qalacaqdır» söyləyən Mustafa Kamal Atatürkün xalqına xidmətlərini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev onu güclü xarakterə malik müdrik şəxsiyyət adlandırıb. «Həqiqətən böyük Mustafa Kamal Atatürkün vəsiyyəti həm Türkiyə üçün, həm də Azərbaycan üçün eyni xarakter , eyni əhəmiyyət daşıyır» söyləyən Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, türk dünyası üçün gördüyü işlər misilsiz və əvəzsizdir. Hər iki öndərin türkçülük ideyasının möhkəmlənməsi üçün miras qoyduqları siyasətin nəticəsidir ki, artıq dünya sivilizasiyasında bu birliyin rolu və nüfuzu gündən-günə möhkəmlənməkdədir.
«Bizi birləşdirən təkcə coğrafi koordinatlar deyildir. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüzdür… Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək» söyləyən Prezident İlham Əliyevin türk dünyasının həmrəyliyinə verdiyi töhfələr öndərlərin vəsiyyətlərinə sadiqlikdir.

SSRİ dağılandan sonra siyasətçilərin «planetin ürəyi» adlandırdıqları Avrasiya regionunda müxtəlif birliklər, təşkilatlar yarandı.
Geopolitik baxımdan Orta Dəhliz layihəsinin mərkəzində, Avrasiya məkanının əsas strateji mövqeyində yerləşən Azərbaycanın qarşılıqlı əməkdaşlıq məkanı kimi mövqeyi möhkəmləndi. Türkiyə ilə Azərbaycanın birgə səyi ilə müsəlman respublikalarının birliyinin yaradılması zərurəti aktuallaşdı. 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündən sonra türk dövlətlərinin siyasi cəhətdən birləşməsi üçün zaman sözünü dedi. Yeni dünya düzənində başlıca amil olan vahid güc, ortaq maraqlar, milli birlik türk dövlətlərinin diplomatiyasının başlıca istiqaməti kimi təsdiqləndi. Azərbaycanın, Türkiyənin , Qazaxıstanın və Türkmənistanın Avropanın geoiqtisadi siyasətində, enerji təhlükəsizliyində, nəqliyyat və infrastrutur layihələrinin reallaşmasında rolu artdı. Müasir dövrümüzdə bu ardıcıllığa Azərbaycanın «yaşıl enerji», bərpa olunan enerji siyasətinin daxil edilməsi dünyada türk birliyinə marağı yeni istiqamətlər üzrə artırdı. Əminliklə demək olar ki, supergüclərin Şərq siyasətində toqquşan maraqlarının qarşısında artıq qüdrətli güc formalaşıb. Sarsılmaz, etibarlı təməl üzərində təkmilləşən bu birlik müsəlman ölkələrinin dünyaya inteqrasiyasının Avrasiya modeli” kimi böyük nüfuz qazanır. Azərbaycan və Türkiyənin liderliyi ilə altı müstəqil respublikanın birləşdiyi Türk Dövlətləri Təşkilatı müasir dünyamızın qlobal siyasətinin məntiqi nəticəsi kimi özünü təsdiqləyib . Azərbaycanla Türkmənistan arasında Xəzər dənizindəki «Kəpəz”», «Dostluq» yataqlarının birgə istismarı ilə bağlı razılaşmalar, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan xətti ilə nəqli bu həmrəyliyin coğrafiyasını daha da genişləndirir.

Son illərdə dünyada söz sahibi kimi böyük nüfuz qazanan Azərbaycanın mövqeyini, nüfuzunu möhkəmləndirən Prezident İlham Əliyevin siyasətinin beynəlxalq səviyyədə dəstəklənməsi türk dünyasının birliyinə də verilən dəyərdir. Multikulturalizm ənənələrini təbliğ edən Azərbaycanın təşəbbüsü ilə ölkəmizdə keçirilən Bakı Humanitar forumlarında, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunda, Dünya Dini Liderlərinin Zirvə görüşlərində türkdilli ölkələrlə birlikdə digər millətlərdən olan nümayəndələrin də iştirakı İslami dəyərlərdən qanaqlanan humanizm, xeyirxahlıq nümunəsidir.

İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə daim Azərbaycanın yanında olan türk dövlətlərinin Zəfərimizə, sevincimizə şərik olmaları türkçülüyün monolit birliyinin ifadəsidir.

Ötən il Səmərqəndə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Azərbaycan xalqını işğalçı Ermənistan üzərindəki Qələbə münasibətilə təbrik edən, haqlı mübarizəmizdə qazandığımız uğurları türkçülüyün Zəfəri adlandıran qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada qlobal layihələrin müəllifi kimi tanınan, enerji və nəqliyyat xəritələrinin yenilənməsində xüsusi rolu olan ölkəmizin xidmətlərini yüksək dəyərləndirdi. Azərbaycanın Ermənistanın işğalından azad edilən ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən Prezident Rəcəb Tayyib Ərdoğanın «Qarabağla əlaqədar çox ciddi mübarizə aparan və bu mübarizəni hazırda infrastrukturun qurulması ilə ən yüksək səviyyədə davam etdirən qardaşım İlham Əliyevin iki ildə bu sahədə nələr bacardığını, nələri ortaya qoyduğunu görürük. Dəfələrlə həmin ərazilərdə tədbirlərə qatılmaq, həyata keçirilən işləri yerində görmək imkanım oldu. Bu işləri yerində gördükdə bir türk olaraq iftixar hissi keçirdim. Çox qısa müddətdə bu qədər nailiyyət həqiqətən bizim üçün qürur mənbəyidir”» sözləri dövlət başçımızın siyasi iradəsinə verdiyi dəyər idi.

Bu gün 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən, böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat marşrutlarına və müasir hərbi imkanlara malik türk dünyasının böyük bir ailə olduğunu: «Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır» sözləri ilə bildirən Prezident İlham Əliyev bu ailənin aparıcı simalarından olduğunu əməlləri ilə təsdiq edib

Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında da xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirildiyini vurğulayan dövlət başçımız türkçülük ideyalarına sadiqliyi təşkilatın prioritet vəzifəsi adlandırıb. Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəb, Qazaxıstanın inşa edəcəyi yaradıcılıq mərkəzi Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasındakı olan qardaşlığın təzahürüdür. Qazaxıstanın, Azərbaycanın və Türkiyənin ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun artan əhəmiyyəti, Azərbaycanın «yaşıl enerji» layihələrinin dəstəklənməsi dünyada nüfuzu artan bu birliyin möhkəmənməsinə müsbət təsir göstərəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın «Qarabağla əlaqədar çox ciddi mübarizə aparan və bu mübarizəni hazırda infrastrukturun qurulması ilə ən yüksək səviyyədə davam etdirən qardaşım İlham Əliyevin iki ildə bu sahədə nələr bacardığını, nələri ortaya qoyduğunu görürük. Dəfələrlə həmin ərazilərdə tədbirlərə qatılmaq, həyata keçirilən işləri yerində görmək imkanım oldu. Bu işləri yerində gördükdə bir türk olaraq iftixar hissi keçirdim. Çox qısa müddətdə bu qədər nailiyyət həqiqətən bizim üçün qürur mənbəyidir» sözləri xalqımızda qürür hissi doğurdu.

Türk birliyinin sarsılmazlıq nümunəsi Türkiyədə baş verən dəhşətli zəlzələnin ağır fəsadlarının aradan qaldırılmasında bir daha təsdiqləndi. Bir yumruq kimi birləşən türk dövlətlərinin qardaş ölkənin üzləşdiyi çətinliklərin, fəlakətin fəsadlarının aradan qaldırılması üçün göstərdikləri fədakarlıq, dəstək bəlkə də tarixdə müşahidə olunmayan humanizm nümunəsi, dost köməyi idi.

Türkdilli dövlətlərin həmrəyliyi ölkələrin siyasi, iqtisadi, hərbi qüdrətinin möhkəmlənməsinin də başlıca amilidir. Dünyada müdafiə qüdrəti, hərbi sənayesinin inkişafı ilə fərqlənən Türkiyənin son illərdə əldə etdiyi nailiyyətlər qardaş ölkələri də sevindirir. Beynəlxalq hüququn, ədalətin, demokratiyanın güc amili ilə əvəzləndiyi müasir dünyamızda Türkiyənin hərbi avadanlıqların, texnikanını istehsalı sayəsində qazandığı uğurlar supergücləri belə heyrətləndirir. Bu qardaşlığın məntiqi nəticəsidir ki, Azərbaycanın adı dünyada qüdrətli Silahlı Qüvvələri ən müasir hərbi avadanlıqlarla təchizatı baxımından fərqlənən ölkələr sırasında çəkilir. İkinci Qarabağ müharibəsindən sonra daha da güclənən Milli Ordumuzun hazırda ən yüksək səviyyəyə çatdırılması siyasi iradənin, qətiyyətin nümunəsidir. Ölkəmizdə yaradılan komando hərbi hissələrinin NATO standartları səviyyəsində , Türkiyə modeli əsasında formalaşmasında, təkmilləşməsində, əsgərlərimizin döyüş qabiliyyətinin artırılmasında qardaş dəstəyini daim yüksək qiymətləndirən Prezident İlham Əliyevin «İkinci Qarabağ müharibəsindən sonra biz hərbi Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirməli idik. İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də biz olduq» sözləri zəfər çağırışıdır. Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan Müttəfiqlik Bəyannaməsi isə türk dünyasının yol xəritəsidir.

Hazırda Azərbaycanın qarşısında duran əsas prioritetlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa edilməsi, hərbi potensialımızın gücləndirilməsidir. Hər iki amil isə türk birliyinin möhkəmlənməsinə xidmət edən mühüm məsələlər kimi dünyanın siyasi masasında aktuallığını qoruyur.

Türkiyədə mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda qazandığı qələbədən sonra Azərbaycana dövlət səfəri edən qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyevin ürəkdən gələn sözləri bölgənin inkişafının, sabitliyinin, təhlükəsizliyinin etibarlı qarantı idi. Qeyd olunduğu kimi, gələcək illərdə birgə görüləcək işlər türkün gücünü həm bölgədə, həm dünyada daha da artıracaq. Zəngəzur dəhlizinin tezliklə açılması haqqında hər iki qardaş ölkənin mövqelərinin eynilik təşkil etdiyini «Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, bölgə üçün, türk dünyası üçün önəmlidir» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev uğurların davamlı olacağına əminliyini də ifadə etdi.

«Xüsusilə səlahiyyətlərimin icrasına başlama mərasimində İlham qardaşımın xanımı ilə birlikdə iştirakı dünyaya və Türkiyəyə bir mesajdı» söyləyən Prezident Rəcəb Tayyib Ərdoğanın «Üzərində ən çox çalışdığımız və həssaslıq göstərdiyimiz Zəngəzur dəhlizi məsələsini, İnşallah, sürətlə həll etməyimiz bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlar sayəsində buradan İğdıra, Naxçıvana yolun açılması ilə Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq» sözləri reallıqdan qaynaqlanan əminlikdir. Bu inamla, daha sürətlə irəliləyən Türkiyə-Azərbaycan qardaşlığı Mustafa Kamal Atatürkün «Azadlıq türkün həyatıdır!», Ulu Öndər Heydər Əliyevin «Biz bir millət, iki dövlətik!» müdrik kəlamlarının, türkçülüyün təsdiqlənmiş mənəvi, siyasi pasportunun dünyaya təqdimatı, türk xalqlarının yenilməzliyinin ifadəsidir.

Xuraman İsmayılqızı, «İki sahil»