Əmmaməli, əbalı mollalar bunu nə qədər tez idrak etsələr, əsl gerçəkləri və reallıqları qəbul etsələr, bir o qədər yaxşı olar
Otuz illik işğal dövründə öz havadarlarının yardımı ilə Qarabağı və Şərqi Zəngəzuru viranəyə çevirən, əhalini dogma yurdundan didərgin salan, məscidləri donuz damına çevirən, əliqanlı, təcavüzkar Ermənistana hərtərəfli dəstək verən İranın Azərbaycana qarşı qeyri-səmimi münasibəti hələ də davam edir. İranın ali dini, siyasi və hərbi rəhbərliyində təmsil olunan rəsmilərin ritorikasında Azərbaycan əleyhinə sərt açıqlamalar, böhtan və təhdidlər baş-alıb gedir.
Qırx dörd günlük müharibədə rüsvayçı məğlubiyyətə uğrayaraq kapitulyasiya aktına imza atan Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” hesab edən molla rejimi savaşdan sonra regionda yaranan yeni reallıqlarla heç cür barışmaq istəmir. Həmçinin təcavüzkar ölkə ilə birləşərək respublikamıza qarşı məkrli planlar qurur. Terrorçu mahiyətli İran mediası uzun illərdir Azərbaycan dövlətinə, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı əxlaqsızcasına həqarətlərə, təhqirlərə yol verir.
Molla-fars rejiminin Azərbaycana qarşı düşmən davranışı artıq tam çılpaqlığı ilə ortadadır. Belə ki, 2022-ci ilin sentyabrında İrandan Xankəndiyə PUA-lar və raketlər “hədiyyə” edilib. Bundan əvvəl də İranın Xankəndiyə yanacaq daşıyan onlarla sistern göndərdiyi üzə çıxmışdı. Bütün bunlar göstərir ki, molla rejimi10 noyabr 2020-ci il Bəyanatından dərhal sonra Ermənistanı, həm də Qarabağdakı separatçıları silahlandırmaq üçün ən çirkin vasitələrə əl atıb. “Qüdsə gedən yol Bakıdan keçir” adı altında ölkəmizə qarşı təhdid xarakterli videoçarxlarla diqqət çəkən mollakratiya 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə əsl simasını bir daha ortaya qoydu. Mola rejimi səfirliyimizdə törədilmiş terror aktı ilə bağlı indiyədək hər hansı vacib tədbir görməyib. Tehran hökuməti hələ də terrorçuya layiq olduğu cəzanı verməyib. Mollakratiya cinayətkarı himayə edir və məsələ ilə bağlı əsassız uydurmalar irəli sürürək bildirir ki, guya hadisə “şəxsi zəmində” baş verib və terrorçu “ruhi xəstə” olub.
Qənaətimizcə, İran o terrorçunu heç cəzalandırmaycaq. Çünki heç kimə sirr deyil ki, Azərbyacanın Tehrandakı səfirliyində törədilən bu cinayətdə ayətullahkratiyanın özünün əli olub. Ekspertlərin də bildirdiyi kimi, fars-molla rejimi bu terror hadisəsi ilə Azərbaycanı qorxutmaq, göz dağı vermək istəyirdi. Təbii ki, daim riyakarcasına davranaraq ölkəmizə qarşı hər cür təxribatlara əl atan, Ermənistanla Azərbaycan arasında sülh danışıqları sayəsində normallaşma prosesinə mane olmaq cəhdləri sərgiləyən terrorçu mahiyyətli Tehran hökuməti bütün bunlarla heç nəyə nail ola bilməyəcək.
Hər zaman Ermənistana açıq və gizli dəstəyini nümayiş etdirən İranın ekspertləri, bir sıra dövlət nümayəndələri və deputatları tərəfindən son zamanlar Azərbaycana qarşı təhdid dolu fikirlər səsləndirilir. Belə ki, bu yaxınlarda ölkənin daxili işlər naziri Əhməd Vahidi Azərbaycan Respublikası sərhədində yerləşən “Xudafərin” və “Qız qalası” bəndlərinə baş çəkərkən ölkəmizə qarşı təhdidlər yağdırıb: “Azərbaycan Respublikasının İran hökumətindən yaxşı dostu olmayacaq. İslam Respublikası ilə düşmənçilik edən hər kəs uduzmuş olar”.
Azərbaycan İrana qarşı heç zaman təhdid, qonşuluq prinsiplərinə zidd addım atmayıb. Özünü müsəlmanların müdafiəçisi və hamisi kimi qələmə verən molla rejimi isə respublikamızın xoş niyyətlərini görməzlikdən gələrək daim ikiüzlü siyasət yeridərək ölkəmizə qarşı məkrli siyasi məqsədlərini həyata keçirmək üçün ən çirkin vasitələrə əl atıb.
Şübhə yoxdur ki, sözdə “islam respublikası” olan, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaqla ölkəmizə qarşı riyakar davranan, Azərbaycanın sərhədlərinə qoşun yığmaqla, hərbi təlim keçmək adı ilə hədə-qorxu gələn, açıq təxribatlar və güc tətbiqinə təhrik edən, məscidlərdə donuz saxlayan erməniləri silahlandıran, təcavüzkar Ermənistanı gücləndirmək üçün dəridən-qabıqdan çıxan, vətəndaşlarımıza qarşı açıq təxribatlar törədən terrorçu zehinli molla rejiminin məkrli siyasəti fiaskoya uğrayacaq. Əmmaməli, əbalı mollalar bunu nə qədər tez idrak etsələr, əsk gerçəkləri və reallıqları qəbul etsələr, bir o qədər yaxşı olar.
Zahid Rza, “İki sahil”