Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 105 il ötür. Ordu dövlətin əsasını təşkil edən başlıca elementlərdəndir. Azərbaycan Silahlı Qüvvələri üç hissədən ibarətdir: Quru, Dəniz və Hava qüvvələri.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Daha sonra isə onu bu postda general Səməd bəy Mehmandarov əvəz etdi. General-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edilmişdi. Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək cəsarət və igidlik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi.
Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi. Bu gün həm də onların, müstəqilik, ərazi bütövlüyü uğrunda o vaxt şəhid olmuş zabitlərin, əsgərlərin, matrosların, mülki şəxslərin və dövlət xadimlərinin də yad edildiyi gündür.
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri sonrakı dövrdə qorunub saxlanıldı və inkişaf etdirildi. Bu, Ulu Öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olub. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında diviziya komandiri Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında böyük rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri müstəqil Azərbaycan Respublikasının hərbi kadr potensialının əsasını təşkil etdilər və Birinci Qarabağ müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yarandı. Ordu quruculuğu işinə böyük önəm verən Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.
Azərbaycan ordusu döyüşlərdən, sınaqlardan keçmiş dünyanın, o cümlədən regionun sayılan hərbi birləşməsi olub. O, çağdaş silah və hərbi texnika ilə döyüş qabiliyyətini sübut edib.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.
Müzəffər Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.
2020-ci il sentyabrın 27-də torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmən təxribatlarının qarşısının alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına – Vətən müharibəsinə başladı. 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kənd işğaldan azad edildi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Azərbaycan Silahlı Qüvvələri işğal altında saxlanılan torpaqları azad etməklə bölgədə sülh və təhlükəsizliyin təminatçısı olduğunu da nümayiş etdirdi.
44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbənin təbliği məqsədilə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə fəaliyyətə başlayan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı uğurunu əks etdirən – düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur.
Bu gün Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gün keçdikcə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəal üzvü