1990-1993-cü illərdə respublikamızın həyatında baş verənləri–hakimiyyətsizlik, anarxiya, qarşıdurmalar illərini yaxşı xatırlayır, o günlər barədə oxuyur, öyrənir və əlbəttə ki, təəssüflənir. Ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, ayrı-ayrı siyasi qüvvələrin hakimiyyət hərisliyi torpaqlarımızın işğalına, dövlətin talanmasına zəmin yaradır, insanların əxlaqına, mənəviyyatına ağır zərbə vururdu. Hakimiyyətdə olanların heç biri respublikanın gələcəyi, insanların taleyi barədə düşünmürdü. Qoluzorlular, silaha güvənənlər, ətrafına az-çox adam toplamağa qadir olanlar ancaq özünə vəzifə axtarır, çapıb talamağı daha üstün tuturdu. Xalq tərəddüdlər, çaxnaşmalar içərisində boğulurdu. Torpaqlarımızın günbəgün işğala məruz qaldığı, ölkəni iqtisadi-siyasi böhran bürüdüyü o günlərdə respublika vətəndaşlarının Ulu Öndərimiz Heydər Əliyevə arxalanması, onu özlərinin xilaskarı kimi qəbul etmələri əsassız deyildi. Azərbaycanda hakimiyyət böhranı, separatçılıq meyilləri, ambisiyalar dövlətçilik üçün ciddi təhlükə yaradanda xalq ciddi, israrlı təkidlə böyük tarixi şəxsiyyət dahi Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndər Bakıya, hakimiyyətə qayıtdı. Müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və onu həyata keçirmək güclü dövlət siyasətinin və eyni zamanda, milli liderin olmasını tələb edib. Məhz dövlət müstəqilliyini qoruyub saxlamaq, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, ölkənin ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq və digər ümummilli məqsədlər Azərbaycan xalqının təkidli tələbindən sonra 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin gərgin və qətiyyətli əməyi sayəsində mümkün olmuşdur. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi.
24 iyun 1993-cü ildə Prezident səlahiyyətlərinin icra etməyə başlaması ilə əlaqədar Ulu Öndərimiz deyirdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi, özüm üçün əsas vəzifələrdən biri hesab edirəm.” Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni formatda, yeni ruhda, azərbaycançılığa xas olan yeni qüvvə aldı. Ulu Öndər bu qısa müddətdə parlamentin ruhunu tamamilə dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi oldu. Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı. Ümummilli Liderimiz dediyi və qarşıya qoyduğu bütün vəzifələrə həyatı bahasına, gərgin zəhməti, zehni, düşüncəsi, bacarığı sayəsində əməl etdi. Azərbaycanın müstəqilliyini qoruyub saxladı. Vətəndaş müharibəsinin, parçalanma təhlükəsinin qarşısını aldı. Ölkədə ictimai-siyasi sabitlik yaratdı. Ulu Öndər Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Ermənistanın Azərbaycana qarşı elan etmədən apardığı müharibə dövlətin iqtisadi dayaqlarını da sarsıdırdı. Ona görə də cəbhədə atəşkəsə nail olunmasını, yaranmış vəziyyətdən bəhrələnərək ordu quruculuğunu sürətləndirməyi, ordunu nizami ordu kimi formalaşdırmağı başlıca dövlətçlik vəzifəsi kimi yerinə yetirən ümummilli lider Heydər Əliyevin xalqa müraciətindən sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin Azərbaycana axını başlandı. Bu müraciət bütün ictimaiyyət tərəfindən dəstəkləndi, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu.
Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.
1994-cü ilin 20 sentyabrında Azərbaycanın taleyi ilə bağlı tarixi qərar verildi. Belə ki, "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi" imzalandı. Çox böyük iqtisadi, beynəlxalq əhəmiyyətə malik layihələri reallaşdırdı, gələcəyimizə uğurlu yol açdı. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətləri olub. Bu xidmətlərin hər biri həm ayrılıqda, həm də vəhdətdə dünyəvi dəyərlərə malikdir. Böyük tarixi şəxsiyyətin Azərbaycana ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. Ulu öndərin hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində ictimai həyatın bütün sahələrini əhatə edən, hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilmişdir.
24 iyun 1993-cü il Azərbaycanın dövlətçilik tarixində dünyəvi dəyərə malik olan tarixdir. Bu tarixi Azərbaycanı sevənlər Azərbaycan dövlətçiliyinin bərpa edilməsi günü qədər dəyərli hesab edirlər. Xalqımız o günləri unutmamaqla, Heydər Əliyev ideyalarına sadiq olduğunu bugünkü möhtəşəm quruculuq işlərində cənab Prezidentimizin ətrafında sıx birləşməklə sübut edir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri