Güclü ordu hər bir dövlətin möhkəmliyini, stabilliyini təmin edən vacib amildir. Qarabağ münaqişəsi və Azərbaycanın bu sahədə 30 il qarşılaşdığı problem bir daha göstərdi ki, məsələlərin həllində siyasi danışıqlarla yanaşı, peşəkar ordunun da böyük rolu vardır.
Azərbaycan Milli Ordusu ilk dəfə AXC hakimiyyəti dövründə 1918-ci il 26 iyunda yaranmışdır. Məlumdur ki, qısa müddət fəaliyyət göstərmiş bu dövlətin süqutunun ardından Azərbaycanın hərb srukturu 70 il ittifaqın digər respublikaları kimi vahid ordunun tərkibində olmuşdur. 1971-ci il iyun ayının 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə milli zabit kadrlarımızın yetişdirilməsində müstəsna rolu olan C.Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Bu Liseyin yetişdirdiyi zabitlər Birinci və İkinci Qarabağ müharibəsi zamanı şücaətləri, peşəkarlıqları ilə seçilmişlər.
Müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanına əsasən 9 oktyabr, 22 may 1998-ci ildə fərmanına əsasən isə həmin fərman qüvvədən düşərək 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Qarabağ münaqişəsinin dərinləşdiyi 90-cı illərdə güclü, peşəkar orduya böyük ehtiyac duyulurdu. Buna görə də, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə bu sahənin inkişafı məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanı yaranması, 20 avqust 2001-ci ildə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblərin Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılması barədə fərman imzanamışdır.
Azərbaycan hər zaman sülhün, probemlərin danışıqlar yolu ilə həlli tərəfdarı olmuşdur. Lakin havadarlarına arxalanaraq daha da azğınlaşan düşmənlərimiz dövlətimizin bu mövqeyini acizlik kimi qələmə verməyə çalışırdılar. Birinci Qarabağ müharibəsi Azərbaycan üçün böyük faciələr yaratdı. Minlərlə itkilərimiz, şəhidlərimiz oldu. Həmin illərin ağrıları, mənəvi zərbələr almış soydaşlarımızın sağalmaz yaraları hər zaman sızlayır.
44 günlük Vətən Müharibəsi Müzəffər Ordumuzun gücünü, əzmini ermənilərə göstərdi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi “biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq. Amma bununla bərabər, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq”.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı ərazi partiya təşkilatının sədri