Tarixi təcrübə göstərir ki, hər bir ölkə öz silahlı qüvvələri, öz ordusu ilə dünyanın siyasi proseslərinə ciddi təsir etmək imkanına malik olur. Dünyada baş verən bütün siyasi hadisələrdə hərbi məsələlər də bir müzakirə obyektinə çevrilir. Bəzən sözün bacarmadığı bir işi silah bacarır. Ölkələr silahın gücü ilə sözün gücünü müqayisə edirlər və bəzən silahın gücünü daha kəsərli hesab edirlər. Təbii ki, silah insanlıq üçün yaxşı bir vasitə deyil, baxmayaraq ki, müasir dünyanın reallığı silahın gücünü ön sırada saxlayır. Necə deyərlər, bəşəriyyət silahsız keçinmir. Bu baxımdan ölkəmizin hərb tarixi olduqca zəngin və şərəflidir.
1918-ci il mayın 28-də yaradılan və Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin çox qısa bir zamanda gördüyü əhəmiyyətli işlərdən biri də ölkədə ordu quruculuğu məsələsi idi. Belə ki, mürəkkəb daxili və xarici şərait Azərbaycan Milli Ordusunun yaradılmasının sürətləndirilməsini tələb edirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-cil 26 iyun tarixli qərarı ilə, əsasən, azərbaycanlılardan ibarət olan Müsəlman Korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırıldı, bununla da, milli ordumuzun əsası qoyuldu. Bu işin məntiqi davamı olaraq 1918-ci il noyabrın 1-də Fətəli xan Xoyskinin rəhbərliyi altında hökumətin nəzdində Hərbi Nazirlik yaradıldı və ordu quruculuğu hərbi nazir vəzifəsini icra edən Səməd bəy Mehmandarova tapşırıldı. Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti, digər sahələrdə olduğu kimi, ordu quruculuğu və ölkənin müdafiəsinin təşkili ilə də bağlı bir sıra mühüm işlər gördü.
Azərbaycan Respublikası dünyanın ən mütərəqqi dəyərləri inkişaf edən, dünyanın ümumi mənzərəsinə ciddi təsir göstərməyi bacaran və özünəməxsus dövlətçilik ənənələri olan müstəqil dövlətlərdən biridir. Müstəqil dövlətin müstəqil və qüdrətli ordusu olmalıdır. Bu baxımdan dövlətçilik tarximizdə baş verən bir çox hadisələr xüsusi əhəmiyyət daşıyır.
Belə ki, 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev qısa müddət ərzində respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. Ordu quruculuğu işlərinin incəliklərini kifayət qədər mükəmməl bilən Ulu Öndər Heydər Əliyev bu sahədə böyük tarixi uğurlara imza atdı. Bu uğurlar Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə də davam etdirildi və beləliklə də, Azərbaycan ordusu özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.
Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ali Baş Komanlıq edir. Ali Baş Komandan ali dəyərlərlə milli ordumuzun şanlı tarixini yaradır. Cənab Prezidentin Azərbaycan Respublikasında ordu quruculuğu sahəsində həyata keçirdiyi müdrik siyasət nəticəsində Azərbaycan xalqı, Azərbaycan ordusu 44 günlük Vətən savaşında bütün dünyaya bir qəhrəmanlıq dərsi keçdi. Ulularımızın, ucalarımızın bizə əmanət etdiyi müqəddəs sərvətləri, dədə-baba torpaqlarımızı düşmən tapdağından azad etdik.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü sevinc və fərəhlə qeyd etmək bizim bir dövlət, bir millət olaraq çoxdankı arzumuz idi. Tanrı bizim bu mübarək arzumuzu çin etdi. Şəhidlərimizin, igid oğul və qızlarımızın sayəsində biz zəfər şərbətini içdik.
Azərbaycan ordusu Azərbaycan xalqının güvənc yeridir. Azərbaycan ordusu Azərbaycan xalqının tükənməyən gücüdür. Azərbaycan ordusu Azərbaycan xalqının doslarına dəstək, düşmənlərinə dəyənək vasitəsidir. Bu vasitə ilə biz neçə-neçə gözəl tarixi günlərə şahidlik edəcəyik.
Şükran Mustafayev,
YAP Xətai rayon təşkilatının “Aşıq Ələsgər 64” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü