25 iyun 2023 10:06
333

Qafqazın ən güclü və müasir ordudu

Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

1990-cı illərin ortalarından başlayaraq, Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu.

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir.

Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Buna müvafiq olaraq büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin imkanları da genişlənir.

Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə nəticələnən Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər,Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir.

Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.

Camalxan Xanbutov,
Bakı şəhəri, Xətai rayonu, Zaur Məmmədov adına 171 nömrəli tam оrta məktəbin rus dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının "Neapol 8A"  ünvanı üzrə ərazi partiya təşkilatının sədri