25 iyun 2023 14:46
702

Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur - Kamran Bayramov

"Müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordunun qüdrəti ilə də ölçülür. «Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir»- deyən Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ulu Öndərin bu sahədəki siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən də Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə,həmçinin,  müdafiə sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirildi. Həyata keçirilən fəaliyyətin nəticəsidir ki, Qafqazın ən müasir ordusu hesab olunan Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyət qazandı. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. 44 gündə tarix yazan Azərbaycan Ordusu 28 il   icrasını gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin  icrasını təmin etdi, işğala son qoydu, ədalətin və beynəlxalq hüququn mövcudluğunu dünyaya bəyan etdi. Bəyan edildi ki, Ermənistanda revanşist qüvvələr «dəmir yumruğun» hər zaman yerində olduğunu yaddan çıxarmasınlar."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov "İki sahil"ə açıqlamasında bildirib. 

K.Bayramov qeyd edib ki, Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, PUA (pilotsuz uçuş aparatları), atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq, hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Silahlı Qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji istiqamətlərindəndir. Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradılır. 

İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə döyüş bayrağının təqdim olunması mərasimindəki çıxışında 44 günlük Vətən müharibəsində, Ordumuzun əldə etdiyi şanlı qələbəyə diqqəti yönəldərək bildirib ki,  hazırda Azərbaycan Silahlı Qüvvələrimiz Vətən müharibəsindəki Ordumuzdan qat-qat güclüdür və hər ötən gün öz döyüş hazırlığını, peşəkarlığını artırmaqdadır.

Deputat diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Ordusunun döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki bazasının təkmilləşdirilməsi, peşəkarlığının artırılması, müasir silah-sursatla, hərbi texnika ilə təmin edilməsi prosesi davam etməkdədir. Məhz bütün bunlar ordumuzun inkişafını şərtləndirir ki, bu da dövlətimizin, eləcə də bütün regionun təhlükəsizliyi baxımından vacibdir. Dövlət başçımız ordumuzun yaxın gələcəkdə yeni, yüksək səviyyəyə qalxacağını bildirərək qeyd etdi ki,  uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Dövlət büdcəsində iki əsas istiqamət müəyyən edilmişdir - birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsi. Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. 

K.Bayramov əlavə edib ki,  Azərbaycan Ordusunun qələbəsinin yaratdığı yeni reallıqlar regionda davamlı sülhün təmin olunmasına xidmət edir. Çünki, güclü ordu bölgədə sülhə və təhlükəsizliyə təhdid yarada biləcək amillərin aradan qaldırılmasında mühüm faktordur. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda sülh üçün çox böyük prespektiv yarandı. Azərbaycan Qarabağda 30 il ərzində heç kimin köməyi olmadan dağılan, talanan yerləri bərpa edir. Artıq vətəndaşlarımız öz dədə-baba yuvalarına qayıdır, ərazilər minalardan təmizlənir. Bu iki  yarım müddətdə Azərbaycan çox böyük işlər həyata keçirir. Bu prosesləri bir çox dünyanın diplomatları, jurnalistləri öz gözləri ilə görürlər. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.