Ötən gün Əli Kərimli cəbhəsi qurultay keçirib. Qurultay, nə qurultay! Cəbhəbaşı özü qurultayı “(VII(X)) qurultay” adlandırıb. Bu nə məzhəkədir, ya 7, ya da ki 10 da?! Qurultaya, təbii ki bunu qurultay adlandırmaq olarsa, baxırsan, inanın bəlkə də 1960-70-ci illərin kolxoz iclasları bundan səviyyəli formada təşkil olunub keçirilirmiş.Yəqin ki, “Yol əhvalatı” filmindəki Qurbanın iclas səhnəsini xatırlayırsınız. Həmin səhnə bu qurultayın yanında “heç nədir”.
Özünü demokrat adlandıran Əli Kərimli dünən qurultay deyəndə əslində özünü nəzərdə tuturdu və bütün gedişat diktə formasında icra edilirdi. Masada da, tribunada da danışan özü idi. Bütün gedişat canlı yayınlanıb, tək bir AXCP sədrinin seçilməsi və namizədlərin kimlər olduğunun elan edilməsindən başqa! Niyə həmin proses gizli qalır ki? Bəyəm, bunlar deyil, demokratitya, azadlıq, aşkarlıq, şəffaflıq deyib hay-həşir salanlar?! Sadəcə Əli Kərimli sədr kimi elan edilir! Bu vaxt Nurəddin Məmmədli təkərə düşür və ya nədirsə, “qurultayı və “seçilmiş” sədri götürüb çırpır yerə”. Bilməyərəkdən edirsə, deməli bu adamlar düzgün formada qurultay keçirmək bacarığında deyillər, elə isə bunlar necə ölkə idarə edəcəklər?! Bilərəkdən edirsə, 100 faiz burada bir növ qisas almaq məqsədi var. Nə isə, qurultay deyildi, bir dənə komediya idi. Təsəvvür edin, 21-ci əsrdir, bunlar qapalı məkanda, partiyanın ən ali orqanı hesab edilən qurultayda fışqırıq çalır, “seçilmiş” sədri fitə basırlar. Olsun ki, “hər səhvdə bir düzgünlük var” prinsipi qeyri-ixtiyari işə düşüb.
Daha bir gülməli və rüsvayçı məqam. Deməli, Əli Kərimli oturan masadan arxa tərəfdə fotoqraf şəkillər çəkməklə məşğul olur. Birdən, Əli Kərimlinin cangüdəninin fotoqrafı sürüyərək pərdənin arxasına aprması görüntülərini telefonların kamerasına düşür.
Bir sözlə, Əli Kərimli və cəbhəsi dünən bir daha sübut etdilər ki, bu adamlar 90-cı illərin təsəvvür və təfəkküründə kifləyiblər. Adam özünü rüsvay edər, bu dərəcədə?!
Anar Şahmurad