Və ya, AŞPA-nın Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlardan xəbərsiz ermənipərst deputatlar yel dəyirmanı ilə vuruşan Don Kixot rolunda
Avropanın ermənipərəst dairələri illərdir beynəlxalq hüquq normalarına kölgə salaraq ədalətsizliyə demokratiya donu geyindirmək ənənələrini davam etdirirlər. İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfəri hələ də həzm edə bilməyən, Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanın uğurlarını görmək istəməyən «erməni ruporçuları» səslərini yenidən qaldırmaq, ölkəmizə qarşı qərəzli mövqelərini gündəmə gətirmək üçün hadisələrə ikili standartlardan yanaşma ənənələrini davam etdirirlər.
Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində siyasi və qərəzli xarakter daşıyan «Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi» adlı hesabatın müəllifi Raul Qavan ölkəmizə qarayaxmaları, böhtanları ilə «məşhurlaşan» AŞPA-nın Azərbaycan üzrə əvvəlki məruzəçilərin atalarına rəhmət oxutdurub.
Cənubi Qafqazda baş verən hadisələri ermənisayaq araşdıran müəllifin qeyri-obyektiv məruzəsinə etiraz edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidovun bildirdiyi kimi, hələ də kövrək olan sülh sazişi ilə bağlı müzakirələrin intensivləşdiyi bir məqamda obyektivlikdən kənar bu hesabat ikili standartlardan qaynaqlanır. Siyasətlə əlaqəsi olmayan, əsasən humanitar məsələlərə həsr olunan məruzənin bölgədə sabitliyin yaranmasına heç bir təsirinin olmayacağını bildirən Səməd Seyidov məruzədə «Dağlıq Qarabağ» ifadəsinin işlədilməsini siyasi amil, ölkəmizə qarşı təzyiq vasitəsi adlandırıb. Çünki Brüsseldə, Praqada, Moskvada aparılan bütün danışıqlarda , qəbul olunan qətnamələrdə artıq tarixin arxivinə atılmış çevrilmiş «Dağlıq Qarabağ» termini işlədilməyib. İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi Qələbədən sonra «Dağlıq Qarabağ» adlı ərazi vahidi də tarixdən silinib. Artıq Azərbaycanın Dağlıq Qarabağ iqtisadi rayonu var, ölkəmiz müstəqil dövlət kimi Avropa Şurasına məhz belə qəbul olunub. Bütün bunlardan sonra gorbagor olmuş «Dağlıq Qarabağ» termininin işlədilməsi ölkəmizin ərazi bütövlüyünü şübhə altına almaqdır”. Ermənipərəst müəllifə yol verdiyi ciddi səhvlər üçün eirazını bildirən S.Seyidovun «Azərbaycana qarşı çoxlu ittihamlar eşitmisiniz. Heç Qarabağda aclıq çəkən uşaqların bircə şəklini görmüsünüzmü? Yox! Bu, mümkün deyil. Çünki belə saxta ittihamlar «cənab» Ruben Rubinyanın təbliğatıdır. Heç görmüsünüzmü ki, Qırmızı Xaç Komitəsinin nümayəndələrinin əraziyə girişinə maneə olunsun? Heç vaxt! Qarabağda və ya Azərbaycanın digər rayonlarında yaşayan ermənilərin danışıqlara qarşı çıxdıqlarını eşitmisinizmi? Yox! Azərbaycan parlamenti ermənilərlə əlaqə saxlamaq üçün xüsusi nümayəndə heyəti yaradıb. Onlar bizim vətəndaşlarımızdır. Buradakı erməni nümayəndəsi Azərbaycanı ittiham etməklə, Avropa Şurasına şikayət etməklə, beynəlxalq təşkilatlara yalvarmaqla danışıqlardan qaçırlar. Bilirsiniz niyə? Cavab aydındır. Onlar sülhdən danışmaq istəyirlər, amma sülhə nail olmaq istəmirlər. Sadəcə olaraq, burada məsələ ilə bağlı öz niyyətlərini nümayiş etdirmək istəyirlər» sözlərindən xəcalət çəkməyən müəllifin səhfini etiraf etməməsi «üzrü günahından betər» təsəvvürü yaradır.
S.Seyidov Paul Qavana 2021-ci ildə Azərbaycanda olarkən Ağdama səfəri zamanı Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri gözü ilə gördüyünü xatırladıb. Gəncənin erməni raketləri ilə dağıdılması faktını məruzəsində işıqlandırması ilə bağlı xahişini yada salıb: «Qəbul edin ki, Bərdə şəhəri müharibə zamanı ermənilər tərəfindən raket hücumuna məruz qalıb. Söz vermişdiniz ki, bunu əks etdirəcəksiniz. Sonra dediniz ki, yox, bunu bacarmıram. Sonra bütün bu məlumatlarla məruzəçi oldunuz və Azərbaycanı o cür təqdim etməyə çalışdınız. Bu, ədalətli deyil. Biz sülh tərəfdarıyıq və bu cür ittihamlara baxmayaraq sülhə nail olacağıq.»
Bu mənzərə supergüclərin başqa dövlətlərdə öz maraqları naminə yaratmaq istədikləri «demokratiyanın» hansı məqsədərə xidmət etdiyinin növbəti nümunəsidir.
Uzun illər ikili standartların yaratdığı ədalətsizliyin çətinliklərini yaşayan Azərbaycan xalqı təbii ki, erməni separatizminə, faşizminə xidmət edən qavanlarlara etirazını Vətən müharibəsində qazandığı Zəfəri ilə bildirib. Guya «beynəlxalq siyasətin dəmir qanunu» kimi qəbul olunan demokratiya pərdəsi altında məkrli siyasət yeridən, dünyanın geosiyasi xəritəsini dəyişmək istəyən Avropanın, Qərbin artıq tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi» ilə bağlı ikili standartların yaratdığı yanlış təsəvvürlərin yenidən siyasi gündəmə gətirilməsi Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarına ermənisayaq yanaşmadır.
Bu ilin may ayının əvvəlində Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə ABŞ dövlət katibi Entoni Blinken arasında növbəti üçtərəfli görüşdən sonra Brüsseldə, Moskvada baş tutan üçtərəfli görüşlərdə tərəflərin 1991-ci il Almat-Ata Bəyannaməsinə uyğun Ermənistanın (29,800 kv. kilometr) və Azərbaycanın (86,600 kv. kilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq qalmaları Kişineuda keçirilən «Avropa Siyasi Birliyi»nin növbəti Zirvə Toplantısında da gündəmə gətirildi. Avropa İttifaqının ən böyük ölkələrindən olan Fransanın Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən Kşineu görüşündə də «Dağlıq Qarabağ»ın ifadəsi işlədilməyib.
Görünür AŞPA-nın ermənipərəst, üzdəniraq deputatlarının ya dünyada baş verənlərdən xəbərləri yoxdur, yaxud daim yararlandıqları korrupsiya, rüşvət müqabilində bildiklərini «unudublar.» Xatırladaq ki, özlərini söz azadlığının, ədalətli seçki sisteminin, korrupsiya və insan hüquqlarına qarşı mübarizənin avanqardları kimi təqdim etmək istəyən Avropa təşkilatlarında çiçəklənən korrupsiya ilə bağlı çoxlu faktlar var.
Torpaqlarımızın Ermənistanın işğalı altında qaldığı 30 ildə dağıdılmış şəhərlərimizi, kəndlərimizi, təhqir edilmiş müqəddəs ziyarətgahlarımızı «görmək istəməyənlərdən» obyektiv münasibət də gözləmirik. Fransa kimi digər havadarlarından da siyasi, hərbi dəstək alan Ermənistanın sülh sazişi ilə bağlı hər gün bir hava çalması qaval kimi boş-boş dınqıldayan, korafəhim qavanların siyasətə oyun kimi baxmalarının nəticəsidir. Çünki ölkəmizin ərazisində yaradılan Laçın sərhəd –buraxılış məntəqəsindən istifadə edən Xankəndinin milliyətcə erməni olan Azərbaycan vətəndaşlarına ölkəmizin Konstitusiyasına əməl etmək şərti ilə sərbəst şərait yaradılmışdı. Həmin sərhəd -buraxılış məntəqəsində Ermənistanın törətdiyi təxribatdan sonra bağlanan yol üçün məsuliyyət də təcavüzkar ölkə rəhbərliyinin üzərinə düşməlidir. Yəni, ağa qara deməyə alışan AŞPA-nın deputatları bölgədə baş verənləri içdikləri erməni konyakının təsirindən ayılandan sonra sağlam başla təhlil etsinlər.
Prezident İlham Əliyevin «Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onların ayağını biz qırdıq. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz bunu unutmamışıq. Bəzi Avropa ölkələrinin rəsmi nümayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmuşdular. Mən o vaxt demişdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları buraxmayacaqdıq. Bu gün də deyirəm, hünəriniz varsa gəlin, görək sonra axırınız nə olacaq?» Avropalı parlamentarilərə Prezident İlham Əliyevin ədalətə çağırış mesajına diqqət yetirmələrini tövsiyə edərdik.
Xuraman İsmayılqızı, «İki sahil»