Ermənistan son onilliklərdə regionda həyata keçirilən qlobal layihələrdən qalıb. Neft, qaz ixracı marşrutları, dəmir yolu xətləri, nəqliyyat dəhlizləri onun ərazisindən yan keçir. Bir sözlə, Ermənistan bu sahədə də özünü çıxdaş bir ölkəyə çevirib, ölkəmizin təşəbbüsü ilə reallaşan bütün nəhəng işlərə, layihələ kənardan, düşdüyü iqtisadi dalandan seyrçi kimi baxır. Səbəb aydındır…
Prezident İlham Əliyev hələ Vətən müharibəsindən əvvəl bu ölkənin layihələrdən kənarda qalması barədə bunları da demişdir: "Ermənistanı bu enerji və nəqliyyat layihələrindən biz təcrid etmişik və bunu heç vaxt gizlətməmişik. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik və biz buna nail olduq, həmişə olduğu kimi, sözümüzə sadiq qaldıq. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır".
30 ilə yaxın bir müddətdə davam edən işğalçılıq siyasəti nəticəsində Ermənistan maddi, mənəvi, demoqrafik, sosial-iqtisadi, siyasi, geosiyasi, hərbi baxımdan çox şey itirdi. Ölkə işğalçılıq siyasəti ucbatından Azərbaycan və Türkiyə tərəfindən əhəmiyyətli layihələrdən kənarda qaldı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP və s. kimi layihələrin Ermənistan ərazisindən keçməməsi bu ölkənin hər il yüz milyonlarla ölçülən gəlirdən məhrum olması deməkdir. Həmçinin Azərbaycana yönəlmiş hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atmış oldu. Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan, işğalçılıq niyyətindən əl çəkməyən bədxah qonşumuz uzun illər ərzində cəbhə xəttində vəziyyəti süni yolla gərginləşdirməyə, təxribatlar törətməyə və bu yolla mövcud “status-kvo”nu qoruyub saxlamağa çalışırdı. Lakin İrəvan rəhbərliyinin “dondurulmuş münaqişə” planı sonadək baş tutmadı.
Ermənilərin işğal dövründə yaratdıqları mifologiya 2020-ci ildə baş verən və Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan 44 günlük müharibə nəticəsində darmadağın edildi. Həm siyasi, həm diplomatik, həm də iqtisadi cəbhədə uduzan tərəf yenə Ermənistan oldu. Onsuz da heç bir təbii sərvəti və gəlir mənbəyi olmayan Ermənistan İkinci Qarabağ müharibəsində illərlə büdcədən orduya xərclənən vəsaitləri itirməklə bərabər, dövlətçiliyini də təhlükə altına qoydu. Bu, ilk növbədə ondan xəbər verir ki, indiyədək Ermənistana rəhbərlik etmiş şəxslər özlərindən saxta “qəhrəman” obrazı yaratmaqdan başqa bir iş görməyiblər. Ölkədə insan haqlarının pozulması, vətəndaşların ən ali hüquqlarının belə tapdanması halları geniş vüsət alıb. Bu da təbiidir, çünki Ermənistan hakimiyyətləri hər zaman separatist məqsədlərini xalqın maraqlarından üstün tutub. Əgər belə olmasaydı, bu gün bu ölkədəki vəziyyət tam başqa məcrada inkişaf edərdi. Təəssüf ki, Ermənistanın nə əvvəlki, nə də özünü “demokrat” kimi qələmə verən hazırkı hakimiyyəti ölkənin inkişafını, insanların rifah halının yaxşılaşmasını, ədalətli cəmiyyətin qurulmasını qarşıya prioritet kimi qoymayıb. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət isə Ermənistanın onsuz da ağır olan ictimai-siyasi vəziyyətini daha da kəskinləşdirdi. Müharibə, eyni zamanda, ermənilərin nicatının nədə olduğunu göstərdi. Ermənilərin nicatı qonşu ölkələrlə, ilk növbədə, Azərbaycanla dil tapıb yaşamaqdan keçir. Bu qəbilə başa düşmür ki, hər bir xalqın inkişafı üçün başlıca amil təkcə təbii sərvətlər, ərazi deyil, qarşılıqlı faydalı əməkdaşlıqdır. Ermənistan əsassız iddialarından əl çəkəcəyi və bu əməkdaşlığa hazır olacağı təqdirdə nə isə əldə edə bilər. Yoxsa, bu qurama dövlətin heç bir gələcəyi yoxdur.
Prezident İlham Əliyev bu yaxınlarda Şuşada keçirilən beynəlxalq konfransda sualları cavablandırarkən bu məsələlərə toxunub. Qeyd edib ki, onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər: “Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuz illik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər. Mən erməni həmkarımla danışıqlarımda çalışıram ona izah edim ki, ilk növbədə sülh sazişi onların marağına xidmət edir. Kommunikasiyaların açılması onların marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər”.
Onu da vurğulayaq ki, Ermənistan himayədarları hesabına Azərbaycanın 20 faiz ərazisini işğal etsə də, ötən 30 il ərzində bunu legitimləşdirə bilmədi. Bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Ermənistan heç özü cəsarət etmədi ki, separatçıların “müstəqilliyini” tanısın. Ermənistan hesab edirdi ki, işğal müddəti uzandıqca, BMT-nin 4 qətnaməsi kağız üzərində qaldıqca, zaman onların xeyrinə işləyəcək. Son nəticədə Azərbaycan işğalın nəticələrini tanımağa məcbur olacaq. Ancaq 44 günlük Vətən müharibəsi 30 illik status-kvonu darmadağın etdi. Azərbaycan Qarabağın əhəmiyyətli hissəsini işğaldan azad etdi. Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurmaqla, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi prosesini başa çatdırdı.
Sevinc Azadi, “İki sahil”