Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yaşadığı çətinliklər, mürəkkəb şərait yaxın tarixi keçmişimizdir. Bu gün arxaya baxaraq ötən dövrlərə nəzər saldıqda XX əsrin 90-cı illərin əvvəllərində ölkəmizin düçar olduğu siyasi vəziyyət hədsiz dəhşətli, çıxılmaz görünür. Bu qarışıqlıqdan qurtulmamız isə möcüzəvi dəyişiklikdir. Ermənilərin əsassız ərazi iddiaları, idarəçilikdə səriştəsizlik, hökm sürən xaos, Qarabağdan dədə-baba torpaqlarından didərgin düşmüş vətəndaşlarımız və bu kimi gərginlik ölkənin yaşadığı reallıq idi.
Xaricdən ölkəmizin müstəqilliyini yenidən itirməsini istəyən çoxlu qüvvələr vardı. Baş verənlər xarici qüvvələrin və onların ölkəmizdəki havadarlarının pis niyyətindən qaynaqlanırdı.
Belə qarışıq vəziyyətdə Azərbaycan eyni zamanda vətəndaş qarşıdurması ilə üz-üzə qaldı. Bu yaranmış vəziyyətin ən dəhşətlisi idi. Çünki burada yad biri deyil, qardaş-qardaşa güc tətbiq edəcək, zərbə yetirəcəkdi. Vətəndaş müharibəsi isə hər hansı dövlət üçün ən ağır faciə sayılır. 4 iyun 1993-cü ildə Gəncədə baş vermiş qanlı hadisələr tariximiz üçün qara səhifələrdəndir.
Azərbaycanın o dövrdəki siyasi hakimiyyəti Gəncədə baş verənləri sakitləşdirməkdə aciz idi. Bu mürəkkəb siyasi vəziyyət dərinləşməməli və genişlənməməli idi. Buna görə də o dövrdə hakimiyyətdə olan rəsmilərin və ən əsası, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xaosa son qoydu, ölkəni məhv olmaqdan xias etdi.
Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ulu Öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı ərazi partiya təşkilatının sədri