23 iyun 2023 20:33
286

Ulu Öndərin həyatı gələcək nəsillər üçün bir örnəkdir

Azərbaycan xalqı 1993-cü ilin may-iyun aylarında çox ciddi sınaqlarla üz-üzə qalmışdı. Ölkə vətəndaş müharibəsinin astanasında idi. AXC-Müsavat hakimiyyəti xalqı və ölkəni parçalanmaq, məhv olmaq həddinə gətirib çıxarmışdı. Belə ağır günlərdə xalq öz nicat yolunu Naxçıvanda yaşayan  dahi şəxsiyyət Heydər Əliyevə müraciət etməkdə gördü. İnsanlar çox yaxşı anlayırdılar ki, xalqı və ölkəni  mövcud bəlalardan məhz Heydər Əliyev xilas edə bilər. Təbii ki, xalq düzgün qərar vermişdi. Xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildi. Bu təqvim müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü olaraq yazıldı. Bu əlamətdar hadisədən cəmi 9 gün sonra Ali Sovetin qərarı ilə Heydər Əliyev Azərbaycan Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Çünki o vaxtkı Prezident  ölkədə baş verən hadisələrə biganə yanaşaraq Bakını tərk etməklə faktiki olaraq prezidentlik səlahiyyətlərindən imtina etmişdi.

Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi  həyatdakı  gərginliyin  aradan  qaldırılması  üçün lazımi tədbirlər  görülməyə başlandı;

Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ulu Öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.

Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdir. Respublikamızda cinayətkarlıq və digər hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparılmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Ulu Öndər Heydər Əliyevin həyatı, dövlət idarəetməsi və demokratik prinsiplərə sadiqliyi, Azərbaycan tarixində qızıl səhifədir. Onun xidmətləri və həyatı, gələcək nəsillər üçün bir örnəkdir.

Cəmilə Rüstəmova,
YAP  Xətai rayon təşkilatının "M.Hadi 63" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü