24 iyun 2023 00:24
525

Hər bir addımın arxasında güclü siyasi iradə, güc, məntiq dayanır

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bir daha bildirdi ki, Azərbaycan  üçün hazırda  prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir

“Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi”  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı onu da əlavə etdi ki, bu gün  azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuluq. Keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır. Azərbaycan   Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibdir.  Strateji yüksəkliklərdə olmağımız bizə strateji üstünlük təmin edir.  Son iki il yarım ərzində Ordumuz böyük dərəcədə gücləndirilib.  Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır.

Azərbaycanın dayanıqlı iqtisadi inkişafından bəhs edərkən ilk olaraq diqqət işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə yönəldilir. Bu il üçün laçınlıların Laçın şəhərinə mərhələli şəkildə qayıdışı aparılan işlərin sürəti barədə aydın təsəvvür yaradır. İşğaldan azad edilmiş ərazilərdə - Füzuli və Zəngilanda qısa müddətdə Beynəlxalq Hava limanlarının tikilib istifadəyə verilməsi həm Azərbaycanın iqtisadi imkanlarını, həm də bu torpaqların  müasir dövrün yeniliklərinə uyğun bərpa edildiyini təsdiqləyir. Laçında inşa edilən sayca   üçüncü Byynəlxalq Hava Limanı isə 2024-cü ilin sonu 2025-ci ilin əvvəllərində istifadəyə veriləcək.  

«Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq - bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğrudan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı. Zəngilanın Ağalı kəndində uşaqların baxışlarını, gülüşlərini görəndə vallah, adam sanki uçur. Axı onlar bu yerləri ancaq kitablarda görüblər, məktəblərdə eşidiblər, valideynlərindən, babalarından, nənələrindən eşidiblər, amma indi gəliblər oraya. Torpaq çəkir və əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq» söyləyən dövlət başçısı İlham Əliyev  bu il 28 May-Müstəqillik Günündə Laçın şəhərinə qayıdan laçınlılarla görüşündə isə bildirdi ki, əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız,  qayıdacağımızı dediyimi görərsiniz. Bildirmişdim ki,  Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır.

Cənab İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bu mühüm məqamı da xüsusi vurğuladı ki,  uğurlu iqtisadi siyasətimiz  ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılmasına geniş imkanlar yaradır. Uğurlu iqtisadi siyasətimiz, ölkəmizin artan gəlirləri nəzərə alınaraq, bu yaxınlarda dövlət büdcəsinə əlavələr edildi. Bu ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Ancaq buna baxmayaraq, ölkəmiz  əlavə vəsaiti əldə edən kimi büdcənin artırılmasına yeni böyük məbləğdə vəsait ayırdı. Burada iki əsas istiqamət müəyyən edilib  - birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsi. Təkcə bu fakt özlüyündə onu göstərir ki, Azərbaycan  üçün hazırda  prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir.

Yalnız Laçın şəhərində qısa zamanda görülən işlərin timsalında bütün işğaldan azad edilmiş ərazilərdə görülən işlərin aydın təsəvvürünü yaratmaq mümkündür.  Xatırlasaq ötən il avqustun 26-da dövlət başçısı İlham Əliyev belə bir paylaşım etdi ki, biz Laçın şəhərinə qayıtdıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Sentyabr ayında dövlət başçısı İlham Əliyev Laçın rayonuna səfər etdi və şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltdı.

İki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması  çox güclü siyasi iradəmizin göstəricisidir.  Azərbaycanın  hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra  başlanan bərpa-quruculuq işlərində yeganə rəqib yalnız zamandır.

Ötən iki ildən artıq dövrdə işğaldan azad edilmiş  ərazilərdə infrastrukturun yenilənməsi, təkmilləşdirilməsi, yenidən qurulması prioritet məsələ kimi öndə dayandı. Bir mühüm hadisəni xüsusi qeyd etməliyik ki,  Qarabağın və  Şərqi Zəngəzurun dünyaya açılan  hava qapıları-  Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsinin strateji və iqtisadi əhəmiyyəti bu gün də  geniş müzakirə olunur, gələcəkdə bu torpaqlarımızın böyük investisiyalar məkanına çevrilməsində rolu xüsusi vurğulanır. Hər bir bölgədə yol infrastrukturunun təkmilləşdirilməsi sahibkarlığın inkişafında, həmin rayonların malik olduqları potensialdan səmərəli istifadədə mühüm rol oynayır. Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Priortietlər”də qarşıdakı dövrün əsas prioritetləri və icra mexanizmi öz əksini tapıb. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlər ilə yanaşı, bu ərazilərimizin bərpasına, sosial-iqtisadi inkişafına yönələn Fərman və sərəncamları da silsilə xarakteri daşıyır. Ötən dövrdə sənaye zonalarının, istehsal obyektlərinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində konkret addımlar atılıb.

Bütün azad olunmuş ərazilər “ağıllı şəhər”, “ağıllı kənd” layihələri çərçivəsində bərpa olunur. Bu layihələrlə ölkəmizin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətimizi açıqlayan cənab İlham Əliyev daim bu fikri önə çəkir ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Son zamanlar keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə ölkəmizin bu sahədə mövcud imkanları bir daha diqqətə çatdırılır. Cənab İlham Əliyev bu reallıqlara diqqəti yönəldir ki, azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başladıq.

Bərpa olunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev bildirir ki, hazırda iki stansiya inşa edilir. Bunlar 470 meqavatlıq günəş və külək stansiyalarıdır. Təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir.

Hədəflərə zamanında nail olmaq üçün ilk növbədə azad edilmiş ərazilərimizdə yol infrastrukturunun bərpası prioritet məsələdir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi, necə ki, dəmir yumruq nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımızın Böyük Qayıdışı həyata keçiriləcək. Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Hazırda beynəlxalq səviyyədə ekspertlər bu reallığı xüsusi qeyd edirlər ki, Vətən müharibəsində Ermənistanın məğlubiyyəti, torpaqların əsl sahibinə qayıtması işğalçı dövlətdə iqtisadi böhranı daha da dərinləşdirəcək. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq.

Azərbaycanın yol infrastrukturunun bərpası və təkmilləşdirilməsi istiqamətində atdığı addımlar və uğurlu nəticələr beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyimizə əsas verir. Təkcə Davos Dünya İqtisadi Forumunun hesabatına diqqət yetirməklə ölkəmizin nəqliyyat infrastrukturunun yenilənməsinə və təkmilləşməsinə göstərdiyi diqqətin ümumi mənzərəsini təqdim edə bilərik. Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə beşinci yerdə, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir. İnfrastruktur layihələri ilə bağlı olaraq dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerlərdədir.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Bu ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir.
 Dövlət başçısı İlham Əliyev bərpa-quruculuq işlərinə başlandığı ilk gündən bu çağırışı etdi ki, bütün dost ölkələrin bu prosesdə fəal iştirakını istəyirik.

Azərbaycanın enerji sektorunda qazandığı uğurlar maliyyə imkanlarımızın genişlənməsi ilə müşayiət olunur ki, bu da qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə geniş imkanlar açır. Hazırkı dövrün əsas çağırışı Böyük Qayıdışın tam şəkildə həyata keçirilməsidir. Artıq bu mərhələ uğurla başa çatdıqdan sonra həmin ərazilərin malik olduqları potensialdan səmərəli istifadə edərək Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi üçün xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsinə əlavə imkanlar yaranacaq.

Hər bir hədəf, çağırış qarşıdakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradır. Ölkə  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı “Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır” söyləyərək onu da əlavə etdi ki,  keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır: “Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.”

Yeganə Əliyeva, “İki sahil”