24 iyun 2023 03:36
612

Ermənilər anlayırlar ki…

2023–cü ilin ilk aylarında Azərbaycanla Ermənistan sülh müqaviləsinin imzalanmasına çox yaxınlaşmışdılar. Hətta bu barədə  baş nazir Nikol Paşinyan xarici səfərlərində və Ermənistan parlamentindəki çıxışlarında dəfələrlə bildirmişdi. Xüsusilə onun Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlamaları sülhün ilkin işartıları hesab olunurdu. 

Təəssüf ki, gözlənilən nəticənin əldə olunmamasında Fransanın və  Rusiyanın ermənipərəst dairələrin böyük «əməyi» oldu. Xüsusilə son bir ildə həm Brüsseldə, həm də Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin  arasında baş tutan danışıqlarda əldə edilən uğurlara kölgə salmağa çalışırdılar.   sözügedən ölkələr ermənilərə  təzyiq edərək sıfırladılar.

Ancaq bütün bunların  mənfi nəticələri Ermənistana yönəldi. Çünki hələ də marionetka ölkə statusunda olan Ermənistan müharibə ritorikasından əl çəkə bilmir. Halbuki indi bu ölkəyə iflas olmuş iqtisadiyyatını  dirçəltmək üçün  Azərbaycanla sülh daha çox lazımdır. Əks təqdirdə, rəşadətli  Azərbaycan Ordusu Qarabağda, yeni antiterror əməliyyatlarına  başlasa Ermənistan  növbəti dəfə  «dəmir yumruğ»un ölümcül zərbəsini alacaqdır.

Bu arada Xankəndidə  məskunlaşmış separatçı rejimin sabiq «dövlət naziri», rusiyalı milyarder Ruben Vardanyanın diqqətçəkici açıqlamaları da erməniləri bir xeyli məyus edib. O, bildirib ki, Azərbaycan hərbçiləri Xankəndi- Laçın yolunu ciddi şəkildə nəzarətə götürdüklərindən buradan heç yerə çıxa bilmir. Bəli, bu, o deməkdir ki, artıq Azərbaycan Ordusu separtçı-terrorçuların ipini əlinə yığmağı bacarıb. Sadəcə, bir güclü antiterrror əməliyyatı ilə onların belini qırmağa qadirdir və bu, gec ya tez reallaşacaq.

Regionda hərbi şəraitə nəzarətin tamamilə Azərbaycan Ordusunun əlinə keçməsində çox mühüm hadisə isə 2023-cü ilin aprelin 23-dən etibarən sərhədçilərimizin Laçın- Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsini yaratmalarıdır. Bu, erməni terrorizminə qarşı mübarizədə kifayət qədər təsirli metoddur. Düzdür, ermənilər iddia edirlər ki, guya bu sərhəd əməliyyatları onları «blokadaya» salıb. Halbuki, bu yolda hər hansı blokadanın olmadığı foto və videofaktlarla birmənalı şəkildə sübuta yetirilib. Yəni, ərzaq və digər ehtiyac ləvazimatları ilə yüklənmiş avtomobillərin hərəkətinə azərbaycanlı sərhədçilərin  mane olmadığı aydın şəkildə görünür. Bir sözlə, Laçın-Xankəndi yolunda  sərhəd keçid məntəqəsinin qurulması həm Rusiya sülhməramlılarına, həm də Ermənistana bir daha göstərdi ki, bu  yolun hətta hərbi vasitələrlə nəzarətə götürülməsi Azərbaycan üçün elə də çətin məsələ deyil.

Xatırladaq ki, Xankəndidəki separatçılar Laçın -Xankəndi yolundakı sərhəd buraxılış məntəqəsinin ləğv olunmasına dair xahiş və minnətlərini «day-daylarına»  Rusiyanın Qarabağdakı müvəqqəti sülhməramlı kontingentinin yeni komandiri, general-polkovnik Aleksandr Lentsova ünvanladılar. Lakin Azərbaycan tərəfi Lentsovun xahişinə belə bir qətiyyətli cavab verdi ki, Laçın-Xankəndi yolu Azərbaycanın suveren ərazisi olduğundan beynəlxalq hüquq normalarına görə heç kim buna müqavimət göstərə bilməz.

Artıq həm Qarabağdakı, həm də Ermənistandakı ermənilər anlayırlar ki, onları nə ruben vardanyanların maliyyəsi, nə də Fransanın və Rusiyanın ədalətsiz və ermənipərəsi  siyasətləri xilas etməyəcək.

Elçin Zaman, «İki sahil»