24 iyun 2023 00:36
699

İt hürməyində olsun, karvan da keçməyində…

Erməni deputatlar və onları dəstəkləyən avropalı parlametarilər Azərbaycana qarşı nifrət dolu  çıxışlarını davam etdirməkdən əl çəkmirlər. Nəticədə zaman-zaman ölkəmiz əleyhinə müxtəlif qətnamələr qəbul edilib və edilməkdədir. Sragagün də yenə belə bir addım atılıb. Belə ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası zamanı Laçın yolu ilə bağlı “müzakirələr” aparılıb və məruzəçi Paul Qavanın hazırladığı qətnamə layihəsi qəbul edilib.

Laçın kecid-məntəqəsinin fəaliyyətə başlamasından sonra Qarabağda humanitar böhranın getdikcə dərinləşdiyini vurğulayan, amma söylədiklərini konkret faktlarla əsaslandıra bilməyən AŞPA-nın ermənipərəst deputatı Paul Qavan bəyan edib ki, guya bunun baiskarı Azərbaycandır. Onun sözlərinə görə, maraqlı tərəflər Laçın dəhlizi ilə sərbəst hərəkəti bərpa etmək üçün hər şeyi etməlidirlər. O, hətta  utanıb-qızarmadan Qarabağa xüsusi m   issiyanın göndərilməsinin vacibliyini də vurğulayıb.

Paul Qavan  məruzəsində “Dağlıq Qarabağ” ifadəsindən istifadə edib. Halbuki Azərbaycan ərazisində artıq Dağlıq Qarabağ adlı ayrıca inzibati ərazi vahidi mövcud deyil. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Yəqin, o bu məsələdən agahdır. Şübhəsiz, məruzəçi belə bir seçim etməklə status məsələsini gündəmə gətirməyə çalışıb. Halbuki 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev Qarabağın statusunun “gorbagor” olduğunu yüksək tribunalardan dəfələrlə bəyan edib. Azərbaycanın öz sərhədində, daha doğrusu, suveren ərazisində yaratdığı nəzarət-buraxılış məntəqəsi isə ərazilərimizə daxil olmağa çalışan daşnak-revanşist qüvvələrin qarşısını almağa xidmət edir. Vətəndaşlarının təhlükəsizliyini təmin etmək Azərbaycan dövlətinin daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Şübhəsiz, Paul Qavan “blokada” məsələsinin qondarma olduğunu, onun Ermənistan və Qarabağdakı separatçı rejim tərəfindən uydurulduğunu da yaxşı bilir. Bu mənada cənab Paul Qavanın öz çıxışında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salmağa çalışması absurddur. Axı, hətta Ermənistanın özü keçən ilin oktyabr ayından başlayaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə rəsmən bəyan edib.

Digər tərəfdən, Paul Qavan bilməlidir ki, Azərbaycan öz vətəndaşlarının, yəni Qarabağ ermənilərinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə bütün mümkün addımları atır. Amma həm bölgədəki separatçılar, həm də İrəvandakı daşnak-revanşist qüvvələr buna imkan vermirlər. Paul Qavanın qeyd etdiyi kimi, Azərbaycan onlara heç də düşmən münasibət göstərmir. Ölkəmizin Qa­rabağ erməniləri ilə bağlı baxışı kifayət qədər aydındır. O ki qaldı dövlət başçımızın onlara göndərdiyi mesaja…  Bəli, Azərbaycan Prezidenti İlham Əliyev Laçında yerli əhali ilə görüşündə bildirmişdi ki, Qarabağ erməniləri ilə birinci görüş keçirilib və ondan sonra onlar  Bakıya dəvət olunublar: “Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nü­mayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək”. Üstəlik, əlavə etmişdi ki, nəyi deyiriksə, onu da edirik: “Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də ha­vada qalmayacaq”.

Bəli, Azərbaycan özünün erməni vətəndaşlarının reinteqrasiyası istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirməkdə qərarlıdır. Bu baxımdan həmin mesajda qeyri-adi nə var axı? Sən demə, Prezident öz vətəndaşlarına müraciət etmək məsələsini Paul Qavanla, həmçinin onun kimi avantüristlərlə məsləhətləşməli imiş.

O ki qaldı missiya məsələsi… Bəli, rəsmi Bakı Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiyasına böyük əngəllər yaradanların müqavimətini qətiyyətli siyasəti ilə dəf edərərk Xankəndiyə yaxın vaxtlarda öz missiyasını da göndərəcək. Bu missiya vəzifəsini beynəlxalq hüquq normaları çərçivəsində həll edəcək, bununla məsələ həllini tapacaq.

Dünən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirib ki, bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz: “Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz”.

Şübhəsiz,  Laçın yolu ilə bağlı “müzakirələr”in aparılması özünə hörmət qoymayan AŞPA-nın ölkəmizə qarşı növbəti təxribatıdır. AŞPA-nın  bu addımı həm də sözügedən qurumun erməni lobbisinin girovuna çevrilməsindən, həmçinin onların əlində alətə çevrildiyindən bir daha xəbər verir. Bu  faktı həm də Avropa Şurası Parlament Assambleyasının ikili standartlar mərəzindən hələ də qurtulmadığının növbəti göstərcisi adlandırmaq olar.

Bəli, AŞPA-nın və digər beynəlxalq təşkilatların belə qətnamələr qəbul etməsi artıq adi hal alıb. Amma ölkəmiz üçün onların dedi-qodularının heç bir mənası yoxdur. Azərbaycan öz yolu ilə gedir. Necə deyərlər: İt hürər, karvan keçər. İkinci Qarabağ savaşında  öz ərazilərindən erməni daşnaklarını iti qovan kimi qovmaqla tarixi Zəfərə imza atan Azərbaycan bu hürənlərə də öz yerini göstərir və göstərməkdə davam edəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”