1993-cü ilin 15 iyun tarixində Heydər Əlirza oğlu Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildiyi gün parlamentin iclasında xalq qarşısında öz tarixi missiyasını açıqladı: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.”
Ulu Öndər Heydər Əlirza oğlu Əliyev keçmiş SSRİ-də yüksək vəzifələrdə işləyərkən də Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür.
1920-ci ildən bəri Azərbaycan xalqı SSRİ-nin tərkibində olarkən bir çox çətinliklərlə qarşılaşırdı. Azərbaycan xalqının inkişafın qarşısının alınmasına milli kimliyinin yox edilməsinə çalışılırdı. Respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi belə bir dövrdə 1969-cu ilin iyulunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın I katibi seçilməsi ilə hər şey dəyişməyə başladı. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun səhifələrini təşkil edir. Ulu Öndər 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Bu vəzifədə işləyərkən Heydər Əliyev keşmiş SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib və SSRİ məkanında bir neçə mühüm layihənin həyata keçirilməsi məhz onun adı ilə bağlıdır. Lakin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, Heydər Əlirza oğlu Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verdi. Yenidən Azərbaycan səmasını qara buludlar bürüməyə başladı. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet qoşunları Bakıda Qanlı Yanvar faciəsini törətdilər. Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılması tələbini qoydu. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.
18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi Azərbaycan Respublikasının suverenliyinə təhdid yaradırdı. 1991 və 1992-ci ilin I yarısında ölkəyə rəhbərlik edən şəxslər dünyada və dağılan İttifaq məkanında baş verən siyasi proseslərə, dünya hadisələrinin inkişaf meyllərinə tam zidd siyasət yeridərək, xalqın müstəqillik iradəsinin əksinə gedərək, bütün mümkün vasitələrlə SSRİ-ni qoruyub saxlamağa, daha sonra isə nə bahasına olursa-olsun Azərbaycanın bu qüvvələrin təsir dairəsindən çıxmasına yol verməməyə cəhd göstərirdilər. Qarabağda vəziyyət gündən-günə gərginləşirdi. SSRİ dağıldıqdan sonra Ermənistan genişmiqyaslı hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevralında Xocalı şəhərində soyqırımı törədildi, qocalar, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər dinc sakin rus hərbçilərinin köməyi ilə ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi. Torpaqlarımızın işğalı davam edir, ölkədəd vəziyyər ağır olara qalırdı. AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirərək ölkədə böhran vəziyyəti yaratmışdı. Artıq 1993-cü ilin iyun ayında Azərbaycanda dərin siyasi və ictimai bir böhran hökm sürürdü. Hərc-mərcliyin baş alıb getdiyi Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çatdı.
Bu dövrdə xalqın çağırışı, təkidli tələbi ilə 9 iyun, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Xalq Onu hava limanının qarşısında “Xəstə Azərbaycan sizin əlinizlə şəfa tapacaq!” şüarları, alqışlarla qarşılayır bayram edirdi, əmin idi ki, Onun gəlişi ilə hər şey dəyişəcək, xalq, dövlət xilas olacaq. 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ulu Öndər Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı.
Parlamentin 24 iyun tarixli iclasında Milli Məclisin Prezident səlahiyyətlərinin Ali Sovetin Sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etməsi, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Cəmi 4 ay Ali Sovetin Sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
Ulu Öndər öz uzaqgörən siyasəti ilə bugünkü güclü və müstəqil Azərbaycanın əsasını qoymuşdur. Həmin siyasətin uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan tarixi qəəbə ilə ərazi bütöblüyünü bərpa edən, güclü, qüdrətli, regionda söz sahibi olan dövlətə çevrilib.
Zabit Həsənov,
AXDG QSC XDND "ZİRƏ" gəmisində Kapitanın Baş köməkçisi,
YAP Xətai rayon təşkilatının "Əbilov 25" ünvanı üzrə ərazi partiya təskilatnın üzvü