24 iyun 2023 02:16
548

Erməni olmayan da dərk edir ki...

Hayastanda təkəm-seyrək siyasətçi və politoloq var ki,  daşnaklardan və revanşistlərdən fərqli olaraq reallıqları düzgün qiymətləndirməyə çalışırlar. Hiss olunur ki, onlar hadisələrin görünən tərəfinə deyil, əsl mahiyyətinə və gələcək inkişafına uyğun fikir söyləməyə can atırlar. Reallığı dərindən dərk edənlər, hadisələrin Hayastanı haraya aparacağını bəri başdan təxmin edənlər sağlam proqnozlar vermək üçün heç kimdən çəkinmirlər. Bunları etiraf etmək nə qədər acı da olsa həqiqətlər məcbur edir. Məsələn, aşağıdakı fikri üç il bundan əvvəl kim səsləndirsəydi onu erməni xalqının düşməni adlandırıb qaş-qalaq edərdilər.

“Rusiya Cənubi Qafqazdan çıxacaq, yeni regional güc mərkəzi Türkiyə olacaq”.

Erməni politoloq Qrant Məlik-Şahnəzəryan belə deyib.

Ekspert Ermənistanla Azərbaycan arasında yeni qarşıdurmanın olacağına inanmadığını bildirib. Çünki illərdir çox güvəndikləri və haqqında məğlubedilməz  mifi yaratdıqları ordu cəmi 44 gün ərzində darmadağın edildi, hərbi texnikalarının 80 faizdən çoxunun  külü göyə sovruldu. Onun sözlərinə görə, hazırda baş verənlər Xankəndi və ətrafının Azərbaycana tam təhvil verilməsi prosesinin tərkib hissəsidir. Şahnəzəryan baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını bu istiqamətdə atılmış ilk addımlardan biri hesab edir.

Politoloq istisna etmir ki, rəsmi Bakı və İrəvan arasında Qarabağla və sərhədlə bağlı yekun anlaşma var. “Bu, Paşinyanın qarşısına qoyulan və onun həll etməyə başladığı məsələdir və indi onu sona çatdırmağa çalışır. O, Azərbaycan və Türkiyənin maraqları baxımından çox səmərəli işləyir”, - Şahnəzəryan əlavə edib.

Ekspert Qərbin bölgə ilə bağlı maraqlarına da toxunub: “Qərbin mövqeyi açıq və sadədir: Qarabağ münaqişəsi olmasa, Qarabağda Rusiya sülhməramlıları olmayacaq.  Ermənistan-Türkiyə konflikti olmasa, Rusiyanın sərhəq qoşunlarının və 102-ci hərbi bazasını regiondan (Ermənistandan) tamamilə çıxarılması üçün zəmin hazırlaya bilərlər. Bu, təkcə Qərbin deyil, həm də Türkiyə-Azərbaycan müttəfiqliyinin marağıdır. Ancaq belə şərait Ermənistana daha böyük fayda gətirər. İnteqrasiyası genişlənər, iqtisadi-ticari əlaqələri inkişaf edər, ən vacibi isə öz təhlükəsizliyini təmin etmiş olar.

Dediyimiz kimi, Şahnəzəryanın iddiasına görə, daha böyük çərçivədə Qarabağın dağlıq hissəsinin tam şəkildə Azərbaycana təhvil verilməsi və bunun rəsmi sənəd üzərində Ermənistan tərəfindən tanınması razılaşdırılıb. “Azərbaycanın bu məsələdə mövqeyi açıqdır: heç bir güzəşti nəzərdə tutmur”, - politoloq vurğulayıb. Onun fikrincə, Qərb Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmaq üçün hərəkətə keçib. Politoloq bura Ermənistanın bu iki ölkəyə qarşı ərazi və digər iddialarından əl çəkməsinə məcbur edilməsinin də daxil olduğunu söyləyib.

Anlamaq çətin deyil ki, əgər Ermənistan daşnakların sərsəm iddialarından əl çəkməsə, deməli, zamanı bilinməyən yeni müharibəyə hazırlaşır. Vurğulamaq lazımdır ki, hazırda revanşist qüvvələr heç nə ilə hesablaşmadan müharibəyə çağırırlar. Sərsəm iddiaçılar başa düşmək istəmirlər ki, yeni müharibə  özlərinin də, dövlətlərinin də tamamilə yox olmasına aparıb çıxarar. Görünür, Nikol Paşinyan və bəziləri artıq bu həqiqəti anlayıblar və qonşu dövlətlərlə münasibətləri normal məcraya salmağı yeganə düzgün yol hesab edirlər.

Ekspert Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasından sonra yeni regional güc mərkəzinin Türkiyə olacağı iddiasını da sözlərinə əlavə edib: “Türkiyə üçün erməni məsələsini sıradan çıxarmağa, ümumiyyətlə, tarixin o səhifələrini bağlamağa çalışırlar. Keçmiş məsələləri tarixçilərin müzakirəsinə buraxmağı məqsədəuyğun hesab edirlər. Bunun ardınca Türkiyənin uzunmüddətli siyasəti gəlir, onun əsas məqsədi formalaşmaqda olan yeni dünya nizamında regional güc mərkəzi olmaqdır."

Ancaq Şahnəzəryan erməniliyinə salıb ya unudur, ya da bilərəkdən demək istəmir ki, heydən düşmüş Hayastanın iqtisadi dirçəlişi düçmənçilik etdikləri Azərbaycandan və Türkiyədən çox asılıdır. Düşmənçilik edəcəklərsə, onda nə üçün hazırda yüz mindən artıq erməni Türkiyədə işləyib pul qazanır?

Prezident Rəcəb Tayyib Ərdoğan bu məsələlərdən danışarkən bildirib ki, həmin yüz min erməninin 70 mini Türkiyə vətəndaşıdır və onlara yaşamaqda və işləməkdə heç bir ayrı-seçkilik və maneə yoxdur, yəni, onlar ölkənin tamhüquqlu vətəndaşlarıdır. Ermənistan sülh müqaviləsini imzalayandan sonra Türkiyə ilə səhədlər açılacaq, onda bu yoxsul ölkə sözün həqiqi mənasında çiçəklənəcəkdir.

Vəli İlyasov, “İki sahil”